reklam
» » "Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova

reklam

"Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova


Koronavirus getdikcə daha çox həmvətənimizə rəhm etmir. 41 yaşlı Aytən Cəfərova Media.Az-a COVİD-19-un bütün ailəsindən yan keçməməsi haqda danışıb. O, özünütəcrid və gigiyena qaydalarını qorumağın əhəmiyyətini cəmiyyətə çatdırmaq üçün redaksiyamıza müraciət edib.

Bu gün xəstəxanaların dolması səbəbindən bir çox yoluxanlar evdə müalicə alır ki, bu da acınacaqlı yekunlaşa bilər.

- Koronavirusla qarşılaşmazdan əvvəl ona qarşı münasibətiniz necə idi?

- Mən Uhanda, daha sonra İtaliyada hadisələrin inkişafını izləyirdim. İki uşağım var: qızım yeddinci, oğlum isə beşinci sinifdə oxuyur. Hələ məktəblərin karantinə bağlanmasına qədər biz valideyn komitələri ilə uşaqlara spirt və maska paylanmasını təşkil edirdik. Karantinin elan olunmasından sonra ailəmiz profilaktik tədbirlərə daha dəqiq əməl etməyə başladı. İnsanların maskasız gəzməsi məni qəzəbləndirirdi. Lakin qaydalara riayət etməyimizə baxmayaraq, yenə də yoluxduq.

- Harda yoluxmağınızla bağlı ehtimalınız var?

- Təsəvvürüm belə yoxdur. Biz özümüzü çox qoruyurduq. Ailəlikcə özünütəcriddə idik. Heç birimiz işə getmədik, ictimai nəqliyyatdan istifadə etmədik, yalnız nadir hallarda taksi çağırmışıq. Evi tərk edərkən mütləq maskalarımızı taxırdıq. Uşaqları küçəyə buraxmamağa çalışırdıq. Təmiz hava almağa çıxanda belə mən hər zaman uşaqlara nəzarət etmişəm. Düşünürəm, çox güman ki, supermarketdə və ya tərəvəz mağazasında yoluxmuşam.

- Hər şey necə başladı?

- Əvvəlcə yoluxduğumuzu anlamadıq. 15-16 iyun tarixlərində ishal şəklində ilk əlamətlər başladı. Başqa əlamətlər yox idi. Düzünü desək, bunun səbəbinin meyvələr olduğunu düşündük, çünki bundan əvvəl gilas və albalı yemişdik. Amma 19 iyun tarixindən 68 yaşlı anam və 13 yaşlı qızımda hərarət yüksəldi. Ertəsi gün 11 yaşlı oğlumda da temperatur qalxdı. Üstəlik, qızımda bir, oğlumda isə üç sutka temperatur oldu. 39 dərəcəyə çatan yüksək temperaturu heç bir dərmanla aşağı salmaq mümkün olmurdu. Yeri gəlmişkən, anamın hələ də temperaturu var. Bütün bunlar baş və əzələ ağrısı ilə müşayiət olunurdu. Mən də özümü pis hiss edirdim, amma kifayət qədər yüngül keçirdim. Təkcə gözlərim çox ağrıyırdı.

- Xəstəlik neçə keçdi?

- İyunun 21-də təcili yardıma zəng vurdum. Bunun koronavirus olmasından şübhələndim, çünki anamda boğulma başlamışdı. Ailənin digər üzvlərində temperatur olmadığı üçün yalnız anamdan və oğlumdan analiz götürdülər. Həkimlər getdikdən sonra 73 yaşlı atamda temperatur yüksəldi. Test nəticələrini dörd gün gözləməli olduq. Cavab gözləmədən tanış həkimə zəng etdim. O, mənə müalicəyə başlamağımı tövsiyə etdi. Uşaqlar özlərini yaxşı hiss edirdilər, valideynlərim isə getdikcə pisləşirdilər. Onlar gücsüz halda yatırdılar. Biz ailənin bütün üzvlərini rentgen müayinəsindən keçirdik, anamda pnevmoniya aşkarlandı.

İyunun 24-də anamın və oğlumun testinin müsbət cavabları gəldi. Eyni vaxtda onların küçəyə çıxacağı halda cinayət məsuliyyətinə cəlb olunacaqlarına dair SMS daxil oldu. Heç kim bizə xəstəxanaya yerləşdirilməyi təklif etmədi.

İyunun 29-da atam artıq nəfəs ala bilmədiyi üçün həyəcan təbili çalmağa başladım. Çox qorxduq. Təcili yardıma zəng etm, amma mənə cavab verdilər ki, hazırda boş maşınlar yoxdur. Bizə yalnız bir gündən sonra gəldilər. Atam pis vəziyyətdə idi, suallara cavab verə bilmirdi. Valideynlərimi Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirdilər.

Uşaqlarla məni aparmadılar, çünki ağır xəstə deyildik. Evdə müalicəni davam etdirməyimiz tövsiyə olundu. Atamı aparan zaman komaya düşüb. Onu bir sutka ərzində özünə gətirə bilməyiblər, bir həftə reanimasiyada yatıb. Valideynlərim hələ də oksigen maskaları ilə nəfəs alırlar. Vəziyyətləri sabitləşdi, ancaq sərbəst nəfəs almaqda çətinlik çəkirlər.

Mənim və qızımın test nəticələri mənfi çıxdı. Bizə izah etdilər ki, ilk üç gün virus yuxarı tənəffüs yollarında olur və yalnız bundan sonra ağciyərlərə enir. Buna görə, test onu aşkar edə bilmir. Qohumlarımız bizə çox kömək etdi. Bizə bazarlıq etdilər, yemək bişirdilər, dərmanlarımızı aldılar və qapının qarşısına qoydular. Ancaq heç kimi olmayan insanlar da var, onlar nə etsinlər, kimə müraciət etsinlər? Xəstəxanalarda yer yoxdur, özləri isə digər insanları yoluxdura biləcəkləri üçün çölə çıxa bilməzlər.

- Koronavirusa skeptik yanaşan insanlara nə demək istərdiniz?

- Təsəvvürünüzə belə gətirməzsiniz ki, nəfəs ala bilmədikləri zaman yaxın insanların üzünə baxmaq nə deməkdir. Bir çox insanlar maska taxmırlar və bunu maskada nəfəs almağın çətin olması, onlara isti olması ilə izah edirlər. Ancaq yaşlı insanları yoluxdurmamaq üçün hər kəs dözməlidir, çünki onlar xəstəliyi ağır keçirirlər. Mənim öz valideynlərini itirmiş tanışlarım var.

Anlayın ki, əgər maska taxmırsınızsa, bu, yalnız öz qeydinizə qalmadığınız anlamına gəlmir, siz ətrafdakıların da qeydinə qalmırsınız. Siz xəstəliyi simptomsuz keçirə, eyni zamanda kiminsə ölümünə səbəb ola bilərsiniz. Xatırlayıram ki, hələ valideynlərimi xəstəxanaya aparmazdan əvvəl atamın yanına dostu gəlmişdi. O da yaşlı adamdır. Təbii ki, onu evə buraxmadıq, vəziyyəti izah etdik. O isə xəstələnməkdən qorxmadığını dedi.

Məsuliyyətsiz davranışla bağlı daha bir nümunə göstərim. Bu gün mən evində koronavirusdan müalicə olunan bir tanışın uşağını küçədə gördüm. Dəqiq bilirəm ki, hələ dünən bu oğlanın temperaturu vardı. Onun anasına zəng vurduqda qadın bildirdi ki, oğluna təsir edə bilmir, o, anasına qulaq asmır. Bununla yanaşı, bizim binamızda səkkiz yaşlı şəkərli diabet xəstəsi uşaq yaşayır. Əgər yoluxsa, ölməyəcəyinə zəmanət var?


Paylaş:


Müəllif : Tarix:
11-07-2020, 16:53
  


loading...
Загрузка...