reklam
» » Özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi? - Qadağa yoxdur

reklam

Özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi? - Qadağa yoxdur


Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazırda aktiv xəstələrin sayı 8 min nəfərdən çoxdur ki, onlardan da 342-si reanimasiya şöbəsində müalicələrini davam etdirir, 61-i isə süni tənəffüs cihazına qoşulu vəziyyətdədir.

Ölkədə fəaliyyət göstərən 30-dan çox tibb müəssisəsi sırf koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Özəl tibb müəssisələrindən isə bəziləri bu xidmət üçün tam hazır vəziyyətə gətirilərək xəstələr üçün təhvil verildi.

İctimaiyyətin bugün müzakirə etdiyi mövzulardan biri də koronaviruslu xəstələrin öz istəyi ilə digər özəl klinikalarda müalicə almasıdır. Yüngül simptomlu xəstələr evdə müalicə müddətində ailə üzvlərini də yoluxdurmaq ehtiyatı ilə hər hansı özəl klinikada müalicə almağın mümkünlüyü barədə düşünürlər.

"Report" məsələni araşdırmaq üçün həm müvafiq qurumlara sorğu verib, həm də özəl klinikada işləyən həkimlərlə söhbət edib.

Ümumiyyətlə, COVID-19-la əlaqəli aktiv xəstə sayı artdığından bu yaxınlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyacı olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları (hipertoniya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlıq və s.) olmayan təsdiqlənmiş COVID-19 xəstələr müvafiq müalicə müddətini ev şəraitində keçirəcəklər. Bu işə nəzarət müvəqqəti olaraq Səhiyyə Nazirliyinə tapşırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, özəl klinikalar hər hansı koronavirus xəstələrinin qəbulu məsələsinə özləri qərar verə bilər: “Çünki özəl tibb müəssisələri TƏBİB-in tabeliyində deyil. Bu səbəbdən hansısa özəl klinikaya göstəriş verə bilmərik ki, COVID-19 xəstələrini qəbul edərək müalicə aparın. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil”.

Göründüyü kimi, TƏBİB siyahıda olmayan özəl klinikalara koronaviruslu xəstələrin müalicə alması göstərişini verə bilməz, amma belə bir qadağa da yoxdur. Bəs görəsən koronavirus xəstələrinin qəbulu üçün nəzərdə tutulmayan özəl klinikalar yüngül simptomlu xəstələri qəbul edə bilərlərmi?

Səhiyyə eksperti və özəl klinikada çalışan cərrah Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, yüngül simptomlu koronaviruslu xəstələrin belə özəl tibb müəssisəsində müalicəyə cəlb edilməsi doğru deyil: "Koronaviruslu xəstələrlə sırf təyinatlı xəstəxanalar məşğul olmalıdır. Həmin xəstəxanalar mütləq şəkildə lazımi tibbi avadanlıqla təchiz olunmalıdır”.

A.Qeybulla deyib ki, infeksion xəstəliyi olan birini digər xəstəliyi olan şəxslə bir xəstəxanada müalicə etmək məsləhət deyil: “Çünki, bu, başqa xəstələrin taleyini təhlükə altına atmaq deməkdir. Bunu etmək olmaz. Evdə müalicə olunan xəstələr üçün də düzgün ambulator müalicə metodu seçilməlidir. Əslində, evdə müalicə olunmaq da məsələnin həlli deyil. Bu iş olduqca düzgün təşkil olunmalıdır. Bunun üçün həkimlərə əlavə maaş təyin edilməli, lazımi tibbi avadanlıqla təchiz olunmalı, ştat sayı açılmalıdır. Bu gün Azərbaycanda ambulator müalicə sistemi yetərli deyil. Evdə müalicə alanlara həkim nəzarəti mütləqdir ki, onun səhhəti ağırlaşanda vaxtında xəstəxanaya çatdırılsın. Bu işdə xidmət göstərən tibb işçilərinin də təhlükəsizliyi hansısa formada qorunmalıdır. Bu məsələlərin təşkili üçün bir çox xarici ölkələrin təcrübəsi var”.

Demək, özəl klinikalar koronaviruslu xəstələrin müalicəsini digər pasientlərin təhlükəsizliyi baxımından həyata keçirmək istəmirlər.

"Report" Bakıda fəaliyyət göstərən bir neçə özəl klinika ilə əlaqə saxlayıb.

Bioloji Təbabət Klinikası “Report”un sorğusuna cavab olaraq, digər xəstələrin təhlükəsizliyini təmin etmək üçün koronaviruslu xəstələri qəbul etmədiklərini bildirib.

Avrasiya Hospitalından isə qeyd olunub ki, tibb müəssisəsinə xəstə qəbulu olarkən koronavirusla əlaqəli nəticələr öyrənilir və əgər şübhə varsa, onlar qəbul edilmir: “Koronaviruslu xəstələrin müalicəsi xəstəxanamızda həyata keçirilmir”.

EGE Hospitalı koronavirus şübhəsi ilə müayinə məqsədilə gələn pasiyentlərdən ancaq analiz götürülməsi və rentgen müayinəsi edilsə də, digər xəstələrin təhlükəsizliyi üçün koronaviruslu şəxslərin orada müalicə almasına icazə yoxdur.

HB Güven Klinikası isə ümumiyyətlə xəstəlik simptomları olan pasiyentləri tibb müəssisəsinə qəbul etmir.

Burada bir məsələni də aydınlaşdırmağa ehtiyac yaranır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli qərarına əsasən, asimptomatik və yüngül simptomlu xəstələr evdə özünütəcrid şəraitində müşahidədə saxlanılır, bu prosesi isə müvafiq sahə poliklinikaları həyata keçirir.

Belə olan halda, poliklinikalarda koronaviruslu xəstələrlə iş zamanı digər pasientlərin təhlükə altına düşmə riski varmı?

Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədi ilə Səhiyyə Nazirliyinin yaratdığı işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olduğunu açıqlayıb.

O bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədi ilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib:

“Vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri vətəndaşın vəziyyətini ilkin olaraq qiymətləndirəcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək”.

İşçi qrupunun üzvü hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir: “Testlər yalnız göstərişlərə uyğun aparılacaq, vətəndaşlar öz poliklinikalarına zəng etməklə COVID-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edəcəklər”.


Paylaş:


Müəllif : Tarix:
6-07-2020, 15:27
  


loading...
Загрузка...