reklam
» » Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus?

reklam

Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus?


Bu gün sosial şəbəkələr və elan saytlarında evdə tibb bacısı, yaxud da tibb qardaşı xidməti ilə bağlı müxtəlif elanlar qarşımıza çıxır.

Maraqlıdır, bu şəxslər fərdi izolyasiya olunublarmı, onların xüsusi, izolyasiya olunmuş geyimləri varmı? Qiymətlər necədir?

Bu və bu kimi bir neçə suala cavab tapmaq üçün Sputnik Azərbaycan bir neçə nömrə ilə əlaqə saxlayıb. Onlardan biri, tibb qardaşı, təklif etdiyi qiymətin elə də yüksək olmadığı qənaətindədir: "Özəl klinikaların birində çalışıram. Bizim xəstəxanamız da COVID-19 xəstələri üçün ayrılıb. Düzü, çalışdığım klinikanın bundan xəbəri yoxdur. Yəni, evdə xəstəyə baxmaq üçün heç bir təminatım xəstəxana tərəfindən qarşılanmır. Bu gün bir çox tibb bacıları, tibb qardaşları evdə xəstəyə tibbi qulluğa 50-100 manata gedirlər. Amma bu, düzgün deyil. Mən sistemi 20 manata qoşuram. Sistemdən əlavə, eyni vaxtda iynə vurmuş olsam, bunun üçün əlavə pul almayacam. Bundan əlavə olaraq xəstə, ya da xəstə yaxını sadəcə olaraq taksi pulunu ödəməli olacaq".

O deyir ki, qiymətlər xəstəliyə görə dəyişmir. Yəni adi xəstəyə də eyni qiymətə xidmət göstəriləcək, COVID-19 xəstəsinə də. Lakin burada bir əmma var. Bu da həmin şəxsin izolyasiya olunmuş geyiminin olmaması ilə bağlıdır: "Mən özüm də bu xəstəliyi bir ay öncə keçirtmişəm. Allahdan başqa kimdənsə qorxmuram. Ona görə qorunmaq üçün sadəcə olaraq maska və spirtdən istifadə edirəm, bu mənə kifayət edir".

Bu zaman isə istər-istəməz başqa xəstələr üçün də müəyyən risk yaranır. Yəni tibb qardaşı xəstədən yoluxarsa, bu xəstəlik ondan simptomsuz keçərsə, bu zaman özü də bilmədən ətrafına, o cümlədən də digər xəstəliklərdən əziyyət çəkən şəxslərə yoluxdurmuş ola bilər.

Digər tibb bacıları və tibb qardaşları isə hətta öz evlərində də xəstə qəbul edə biləcəklərini, yəni evə gələcək şəxsin sağlam olub-olmamasına əmin olmadan bu riski qarşılaya biləcəkləri halda, COVID-19 xəstəsinə yardım edə bilməyəcəklərini bildiriblər. Yəni, əgər xəstə COVID-19 xəstəsi olduğunu deyirsə, bu zaman tibb bacıları, tibb qardaşlarının ona yardım etməkdən imtina etməkləri daha çox ehtimal oluna bilər.

Lakin Rusiyada infeksion xəstəliklər şöbəsində uzun illər çalışan digər həmsöhbətimiz olan K.Məmmədova COVID-19 xəstələrinə yardım edə biləcəyini deyir: "Sistemi evə gəlib 8-10 manata qoşuram. İstər COVID-19 xəstəsi olsun, istərsə də digər xəstəliklər olsun. Niyə qorxmalıyam ki?! Burada qorxacaq bir şey yoxdur".

"Bəs izolyasiya üçün geyiminiz varmı?" sualına cavab olaraq isə həmsöhbətimiz buna gərək olmadığını bildirib: "Sadəcə olaraq maska taxıram, özümü belə qoruyuram".

Görünən budur ki, bu şəxslər COVID-19 xəstələrinin imdadına çatsalar da, digər xəstəlikdən əziyyət çəkən şəxslər üçün də gəzən virus mənbəyidirlər.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bu şəxslərin real təhlükə olduğundan bəhs edib:

"Adi xəstəlikdən əziyyət çəkən şəxslər də diqqətli olmalıdırlar. Onlar COVID-19 xəstələrini müalicə edən, onlara baş çəkən həkim, tibb bacıları ilə yanaşı, tanımadıqları, bilmədikləri tibb bacılarından da imtina etməli, belə şəxsləri evlərinə çağırmamalıdırlar".
"COVID-19 xəstələri isə poliklinikalarda ayrılan sahə həkimləri və tibb bacıları ilə əlaqə saxlamalıdırlar. Xəstəxanada yatan xəstələrdən fərqli olaraq evdə müalicə alan xəstələrin xəstəlik yükü az olduğundan onlar üçün poliklinikadan ayrılan tibb personalının xüsusi geyimdə gəlməsinə gərək olmur. Çünki bu şəxslər protokol qaydalarını da bilirlər", - deyə Ə.Rüstəm əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
6-07-2020, 13:56
  


loading...
Загрузка...