reklam
» » Düşmənin xain mina tələləri - Nə etməli?..

reklam

Düşmənin xain mina tələləri - Nə etməli?..


Minalar müharibədən sonrakı ən ciddi problemdir. Füzulidə 2 qardaş minaya düşmüşdü, daha bir yüksək rütbəli hərbçimiz, polkovnik Babək Səmidli Suqovuşanda minaya düşərək, şəhid oldu. Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir. Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin 1 sülhməramlı rus əsgəri və 4 erməni hərbçi yaralanıb. Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) demişdilər ki, minaların təmizlənməsi üçün 10-15 il vaxt lazımdır.

Nə etməli?

ANAMA mütəxəssislərinin sayını artıraq, yoxsa dəstək üçün qardaş Türkiyə hərbçilərinə müraciət edək?

Rusiya sülhməramlıları da bu işi görə bilərmi?

Digər dövlətləri və ya şirkətləri bu işə cəlb etmək mümkündürmü?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a deyib ki, Azərbaycan qarşı tərəfdən mina sahələrinin xəritələrini istəməlidir: “Mina sahələri döşənəndə formulyar tərtib edilir. Bu bir növ mina sahələrinin xəritəsidir. Əgər erməni tərəfdən həmin formulyarları ala bilsək, konkret olaraq mina sahələrinin yerini müəyyən etsək, o əraziləri qısa müddətdə təmizləyə bilərik. ANAMA rəhbərliyi indiki işçi sayına görə mina sahələrinin təmizlənməsini nəzərdə tutaraq açıqlama verib ki, 10-15 il zaman lazımdır. Hesab edirəm ki, ölkə rəhbərliyi ANAMA-nın ştat sayını artıracaq, yeni texniki vasitələr alınacaq. Düşünürəm ki, ANAMA təmas xəttində fəaliyyətdə olduğuna görə işçilərinin sayı həmin reallıqlara uyğun idi. Hazırda isə Azərbaycan torpaqlarını işğaldan azad edib. Ona görə də əlavə işçilərə və texnikaya ehtiyac var”.

Şair Ramldanov deyir ki, Azərbaycan Rusiya ilə müəyyən sövdələşmələr aparır: “Rusiya tərəfi vasitəsilə Ermənistandan formulyarlar əldə edilsə, Türkiyə tərəfi işə cəlb olunsa, Azərbaycanın işğaldan azad edilən əraziləri tez bir zamanda minalardan təmizlənə bilər”.

Şair Ramaldanov deyib ki, ilk növbədə yaşayış sahələri və ətrafından başlayaraq təmizləmə işləri aparılacaq: “Getdikcə mina təmizləmə işləri daha geniş sahəni əhatə edəcək. Dekabrın 1-nə qədər bütün ərazilər Azərbaycana təhvil veriləcək. İşğaldan azad edilən ərazilərin minadan təmizlənməsi Azərbaycan dövləti üçün ən prioritet məsələdir”.

Şair Ramaldanov deyir ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarında dəhşətli vandalizm hərəkətləri həyata keçirib, yaşayış məskənləri, tarixi abidələr, şəhərlər viran qoyulub: “Heç şübhəsiz ki, buna görə Ermənistan tərəfi çoxmilyardıq təzminat ödəməli olacaq. Həmin vəsaitlərdən güzəştə getməklə qarşı tərəfdən mina sahələrinin formulyarlarını almaq olar. Və ya əsir düşən hərbçilərlə həmin formulyarların dəyişdirilməsi də mümkün variantlar kimi nəzərdən keçirilə bilər”.

Şair Ramaldanov Azərbaycanın qüdrətli dövlət olduğunu söyləməklə bu problemin də öhdəsindən tezliklə gələcəyini vurğulayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində yaradılıb. Agentliyin saytında yer alan məlumatda qeyd olunur Azərbaycanda iki cür mina/partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və işğaldan azad edilmiş ərazilərdə olan mina/PHS problemi. Layihə elə işlənilib ki, hazırda işğaldan azad edilmiş torpaqlarda tədqiqat, xəritəçəkmə və minatəmizləmə əməliyyatlarının aparılmasına və gələcəkdə işğaldan azad ediləcək torpaqlarda PHS probleminin həlli istiqamətində hazırlıq işlərinin aparılmasına şərait yaratsın.

Layihənin əsas vəzifəsi hazırda işğaldan azad edilmiş ərazilərdə mina/PHS-ə dair bütün fəaliyyətin planlaşdırılması, əlaqələndirilməsi və idarə edilməsini və gələcəkdə azad ediləcək ərazilərdə həmin işlərin davam etdirilməsini həyata keçirə bilən milli potensialın yaradılması.

Bu layihə minaların partlaması nəticəsində baş verən ölüm və zərərçəkmə hallarının sayını azaldaraq məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına şərait yaradacaq. Layihə həmçinin infrastrukturun yenidənqurulması və bərpasına, əhalinin gəlir mənbəyi yaradan fəaliyyətlə məşğul olmasına və qida ehtiyaclarının ödənilməsinə imkan yaradacaq.

- ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə yerləşən Regional Bazası, Göygöldəki Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur.

- Mina Təsirinin Tədqiqatı başa çatıb, əldə olunan məlumatlar xəritələrə köçürülüb və saxlanılır.

- Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) təlimləri tədris proqramına daxil edilərək müharibədən zərərçəkmiş ərazilərdə yerləşən 1200 məktəbdə hər il təxminən 55 min şagirdi əhatə edir.

- Müharibədən zərərçəkmiş 10 regionda 158 icma əsaslı MTM komitələri fəaliyyət göstərir.

- Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 584 işçi, 6 Mexaniki Minatəmizləmə Maşını (MMM) və 40 Minaaxtaran İt (MAİ) fəaliyyət göstərir.

- Milli Təlim və Keyfiyyətə Təminat Qurumu yaradılaraq işə tam hazır vəziyyətdədir.

- 5 543 198 172 kv.m ərazi ixtisar edilib, təmizlənib və yerli hakimiyyət orqanlarına təhvil verilib.

- 806 907 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

- Ölkədə minadan zərərçəkənlərin ehtiyaclarının öyrənməsinə dair tədqiqat aparılıb.

ANAMA-dan “Yeni Müsavat”a bildiriblər ki, hazırda Agentliyin bütün işçi heyəti işğaldan azad edilmiş ərazilərdə fəaliyətdədir.


Paylaş:


Müəllif : Tarix:
25-11-2020, 09:22
  


loading...
Загрузка...