reklam
» » NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!”

reklam

NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!”


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat qurumda böyük korrupsiya şəbəkəsinin necə fəaliyyət göstərdiyini ortaya çıxardı. Dövlətin milyonlarla vəsaiti nazir başda olmaqla bir qrup məmur tərəfindən talanıb, ələ keçirilib. O da məlum oldu ki, aşağıdan yuxarıya doğru istiqamətlənən rüşvət, korrupsiya piramidası uzun illər ərzində dövlətin mədəniyyət siyasətini, bu sahəni iflic hala salıb.
İndi cəmiyyətdə bu istiqamətdə gedən müzakirələrin əsas istiqamətlərindən biri mədəniyyət sahəsində bərbad vəziyyətin necə tənzimlənəcəyi ilə bağlıdır. Ona görə də ictimai diqqət bu nazirlikdə gedən proseslərə yönəlib.
Şahbaz Xudoğlu: “Əbülfəs Qarayev kitabxanalar üçün bircə kitab belə almadı”
Tanınmış naşir, “Qanun” Nəşrlər Evinin təsisçisi Şahbaz Xudoğlu bu mövzuda yazır ki, Əbülfəs Qarayevin nazir olduğu dönəmdə 2500 kitabxana bağlanıb. “Bilirsiz səbəb nə idi? “Büdcə vəsaiti yoxdur” deyirdi. Qarayevin nazir olduğu dönəmdə yeni nəşrlərdən 1 kitab belə kitabxanalar üçün almadılar. Bilirsiz, səbəb nə idi? “Kitab üçün vəsait yoxdur” deyirdi.

Çoxlu film çəkilə bilərdi, çəkilmədi. Bilirsiz səbəb nə idi? “Büdcə vəsaiti yoxdur”deyirdi. Rayon səviyyəli çoxlu sayda mədəniyyət evləri, kinoteatrlar bağlandı. Bilirsiz səbəb nə idi? “Büdcə vəsaiti yoxdur” deyirdi.
Şəhərimizin teatrları iflic oldu, Gəncə, Lənkəran, Sumqayıt kimi teatrlarımız əhəmiyyətsiz bir qurumtək taleyin ümidinə buraxıldı. Bilirsiz səbəb nə idi? “Büdcə vəsaiti yoxdur” deyirdi.
Nə qədər musiqi məktəbləri fəaliyyətini dayandırdı. Bilirsiz səbəb nə idi? “Büdcə vəsaiti” yoxdur deyirdi. İndi gördünüz büdcə vəsaiti hara gedirmiş?!” - deyə Şahbaz Xudoğlu qısa təsvirlə dövlətin mədəniyyət siyasətinin necə sabotaj edildiyini göstərib.
Tanınmış naşir nazir müavinlərinə müraciət edərək, yazıb: Şən nazir müavinləri indi nəyə gülürlər? İndi bütün güzgülər sizə baxır. Yəni yenə utanmırsız özünüzdən? Siz necə bu xalqın qarşısına çıxacaqsız
Hamı Xudafərin körpüsünün təhlükə altında olmasından danışır. Minlərlə tarixi abidəmizi, mədəni dəyərlərimizi məhv edən bu insanlar ən ağır cəzaya layiq deyillərmi?!”
Nazir əvəzi Vaqif Əliyev kimdir?
Bu günlərdə məlum oldu ki, keçmiş nazir Əbülfəs Qarayevin səlahiyyətləri onun uzun illər birinci müavini olmuş Vaqif Əliyevə həvalə olunub. Bu xəbər birmənalı qarşılanmadı, dərhal tənqidlərə, ümidsizliyə yol açdı. Təbii ki, bu münasibət Vaqif Əliyevin personası ilə bağlıdır. Vaqif Əliyev uzun illərdir hakim komandadır. 1994-2003-cü illərdə Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində, 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm nazirinin birinci müavini təyin olunub. 

Prezidentin 18 may 2018-ci il tarixli Sərəncamı ilə o Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Beləliklə, Vaqif Əliyevin siyasi karyerasının əsas hissəsi Mədəniyyət Nazirliyi ilə bağlıdır. 2006-cı ildən nazir postunu tutmuş, bu günlərdə korrupsiya rüsvayçılığına görə vəzifədən qovulmuş Əbülfəs Qarayevlə çiyin-çiyinə işləyib.
Deputat Etibar Əliyev: “Vaqif Əliyev, sən hara baxırdın?!”
Maraqlıdır, DTX-nın üzə çıxardığı dəhşətli cinayət faktları baş verərəkən nazirdən sonra ikinci şəxs olan Vaqif Əliyev hara baxıb? Bu korrupsiya mexanizmindən, büdcə talançılığından kənarda qalıbmı? 

Bu sualı tanınmış təhsil eksperti, deputat Etibar Əliyev də ona ünvanlayıb. Millət vəkli sosial şəbəkədki hesabında Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibini paylaşaraq yazıb: “Mədəniyyət naziri tutduğu vəzifədən azad olunub. Onun müavini Kollegiyanın üzvü Rafiq Bayramov və Nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Kollegiyanın üzvü Zakir Sultanov həbs olunub. Sual yaranır, nazirin birinci müavini Vaqif Əliyev hara baxırdı. Dursun, izah eləsin, görək, onun kurasiyasına nələr daxildir”.
Hesablama Palatası 5 il əvvəl nələri üzə çıxarmışdı?
Nazirlikdə baş verən korrupsiya faktları təbii ki bir ayın, bir ilin məsələsi deyil. Vaqif Əliyevin də mühüm post tutduğu qurum barədə Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin auditi zamanı dəhşətli qanunsuzluqlar üzə çıxıbmış. Amma təəssüf ki, o zaman bununla bağlı heç bir tədbir görülməyib. Həmin faktların bir neçəsini təqdim edirik:

Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Müəyyən edilib ki, nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri-maddi aktivlər uçota alınmayıb.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb, filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamına əsasən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"ı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş bəzi tapşırıqlar auditlə əhatə olunan illərdə tam icra edilməyib.

Auditlə müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib, yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib, bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub.
Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb, ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib.
Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinib, turizmin təbliği ilə əlaqədar Nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib.
"Turizm məqsədli coğrafi informasiya sistemləri və naviqasiya layihəsi” çərçivəsində elektron xəritənin daimi yenilənməsi, server və kompüter avadanlığına texniki dəstək göstərilməsi məqsədilə tərəflər arasında bağlanmış müqavilə şərtləri tam icra olunmayıb, işin dəyərinin müəyyən edilməsi zamanı texniki xidmət göstəriləcək avadanlıqların və proqram təminatlarının siyahısı tərtib edilməyib, tətbiqi proqramların açıqlanması, siyahısı və hər birinə görə görüləcək yenilənmə işlərinin adı qeyd edilməyib.
Müəyyən edilib ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti, gəlirlər və xərclər haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar dəqiq olmayıb, xəzinə üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı maliyyə hesabatında düzgün əks olunmayıb, dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerinə yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu düzgün hesablarda aparılmayıb, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının məbləği balans hesabatında əks olunmayıb...
Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Deputat Etibar Əliyevin Mədəniyyət naziri səlahiyyətlərini icra edən Vaqif Əliyevə ünvanlandığı sualı burada təkrarlamaq yerinə düşür: Hesablama Palatasının ortaya çıxardığı bu qanunsuzluqların hansı Vaqif Əliyevin payına düşür? Onun bu sualı cavablandırması bu gün ictimaiyyətin tələbinə çevrilir...


Paylaş:


Müəllif : Tarix:
24-05-2020, 16:49
  


loading...
Загрузка...