reklam
» » YARDIM KİMLƏRƏ VƏ NECƏ EDİLMƏLİDİR? - "Hökumət hər bir ailəyə, fərdə yönəlik dəstək paketi qəbul etməlidir”

reklam

YARDIM KİMLƏRƏ VƏ NECƏ EDİLMƏLİDİR? - "Hökumət hər bir ailəyə, fərdə yönəlik dəstək paketi qəbul etməlidir”


Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi dünən - martın 31-dən daha da gücləndirilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı bildirilib.
Xatırladaq ki, Azərbaycanda təqribən 5 milyon civarında olan əməkqabiliyyətli insanların rəsmi şəkildə 2 milyondan az bir hissəsinin günəmuzd fəaliyyət göstərdiyi bildirilir. Müstəqil ekspertlərin hesablamalarına görə, ölkədə təxminən 1.5 milyon nəfər müqaviləsiz çalışır. Bu, ölkədə kölgə iqtisadiyyatının həcmini göstərir. Özəl sektorun əhəmiyyətli bir hissəsi dövlət uçotundan kənarda qalır ki, bu da hər il on milyonlarla manatın vergidən, sosial müdafiə xərclərindən kənarlaşması deməkdir.
Prezident kölgə iqtisadiyyatına qarşı mübarizəni əsas hədəf göstərdi

Prezident İlham Əliyev dünən İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu problemin üzərində xüsusi ilə dayanıb. Dövlət başçısı qəti tapşırıq verib ki, kölgə iqtisadiyyatı ləğv olunmalı, onu himayə edən məmurlar cəzalandırılmalıdır: "Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".
İbrahim Məmmədov qeydiyyatda olmayan işçilərə dəstək paketi olacağını açıqladı

Pandemiyanın yaratdığı böhran şəraitində hökumətin açıqladığı “xilas” paketində qeydiyyatsız çalışanların necə dəstəklənəcəyi barədə məlumat verilməyib. Amma Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, pandemiyanın yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. Onun sözlərinə görə, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar: "Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək”.
İqtisadçı Nemət Əliyev hər ailəyə, fərdə dəstəyin vacib olduğunu deyir

İqtisadçı Nemət Əliyev də “Azadlıq” radiosuna müsahibəsində deyib ki, ölkədə müqavilə ilə işləyən insanların sayı 1 milyon 700 min nəfərdən bir az çoxdur: «Həmin 1 milyon 700 min nəfərin də 900 min nəfərdən bir az çoxu dövlət sektorunda, qalan hissəsi isə özəl sektorda çalışır. Onların da böyük hissəsi artıq koronavirus pandemiyası ilə bağlı evdə oturmağa məcburdur. Dövlət də onların itkilərini kompensasiya etməyi hədəfləyib».
Ölkədə əməkqabiliyyətli əhalinin sayının 5 milyon nəfərdən bir az çox olduğunu deyən ekspert vurğulayıb ki, qeyri-leqal günəmuzd işləyənlərin sayı isə 3 milyon nəfərdən bir az çoxdur: «Odur ki, ilk növbədə bunlara yardım edilməlidir. Əks halda, bunun fəsadları həddən artıq böyük olacaq. İnsanların böyük hissəsi rəsmi şəkildə iş yerləri olmadıqlarına, rəsmi müqavilə ilə işləmədiklərinə görə sosial müdafiə tədbirlərindən kənarda qalacaq. Bu isə istənilən halda yolverilməzdir».
İqtisadçının sözlərinə görə, hökumət ilk növbədə hansı əhali kateqoriyasının ağır sosial iqtisadi zərbə aldığını müəyyən etməlidir. N.Əliyev hesab edir ki, həmin günəmuzd işləyənlərin vəziyyəti təsəvvürə gəlməz dərəcədə ağırdır və ilk növbədə hökumət kompensasiyaların təyinatını düzgün müəyyən etməlidir: «Açığı, buna ümidim yoxdur. Hökumətin bu məqsədlə cızdığı çevrədə real sosial müdafiədən məhrum olan insanlar müəyyən edilməyib. Hökumətin sosial yardım təyinatını düzgün müəyyən edə bilməməsinin səbəbi isə düz-əməlli statistikanın yoxluğudur».
Azərbaycanda 3 milyondan çox şəxsin qeyri-leqal fəaliyyət göstərməsinə bəzi ekspertlər inanmır. Bir sıra ekspertlər düşünürlər ki, həmin kəsimin bir qismi çörəkpulu ardınca gedərək ölkəni tərk edib.
N.Əliyev daha sonra da vurğulayıb ki, indi hökumət sosial yardmı ailə hesabı ilə edə bilər: «İndiki halda ən düzgünü bu olardı. Ölkədə orta statistik ailə 5 nəfər götürülsə, ailə sayı 2.5 milyon edir. Buradan da bütün ailələrə sosial yardım etmək olar və bu, asan hesablana bilən variantdır. Odur ki, bu yardım ailə başına, büdcə vəsaitləri hesabına edilməlidir. Burada söhbət illik yox, bir neçə aylıq yardımdan gedir».
İqtisadçı vurğulayıb ki, ABŞ-da sosial yardım «hər uşağa, hər böyüyə» prinsipi ilə tətbiq edilir. Onun deməsinə görə, Almaniya isə «hər ailəyə» hədəflənən sosial yardım paketi nəzərdə tutulub.
Deputat Fazil Mustafa da hər şəxsə yardım olunmasını əsaslı sayır

Deputat Fazil Mustafa hesab edir ki, bu məsələnin səmərəli həlli yolu daha çox yerli rayon səviyyəsində konkret yaşayış evləri üzrə məskunlaşmanın dəqiqləşdirilməsindədir: «Buna görə də, hər hansı müavinət həmin kateqoriya şəxslərin faktiki yaşadığı yer dəqiqləşdirilməklə göndərilməli və müavinətlə təmin olunmalıdırlar».
F.Mustafa deyib ki, əks halda, bunu konkret iş yerlərinə görə etmək imkanı yoxdur: «Çünki, dediyim kimi, heç biri qeydiyyatda deyil, vergi ödəyicisi deyil. Odur ki, «faktiki yaşayış yeri» prinsipi ilə yanaşmalıyıq».
Nazim Bəydəmirli: “Kölgə iqtisadiyyatını məmur sahibkarlığı yaradır”

İqtisadçı ekspert Nazim Bəydəmirli də “AzPolitika.info”-ya şərhində bildirib ki, hələlik açıqlanan yardım paketi pandemiyadan zərər görən bütün vətəndaşları əhatə etməyəcək: “Hamı bilir ki, Azərbaycanda heç vaxt işsizliyin səviyyəsi rəsmi statistikada göstərilən 5 faiz həddində olmayıb, yüksəkdir. Hazırki şəraitdə hökumət hər bir ailəyə, fərdə yönəlik dəstək paketi qəbul etməlidir. Ən azı yaşayış minimumu səviyyəsində hər bir vətəndaşın qayğısına qalmalıdır”.
N. Bəydəmirli Prezidentin qaldırdığı kölgə istisadiyyatının yüksək olması probleminin səbəbləri barədə də fikirlərini açıqlayıb: “Bizim üçün araşdırma mövzusu olmalıdır ki, niyə vətəndaşlar daha çox kölgə iqtisadiyyatında çalışırlar. Bunun əsas səbəblərindən biri inhisarçılıq və məmur sahibkarlığıdır. Təbii ki, inhisarçılığı yaradan amil də məmur sahibkarlığından qaynaqlanan prosesdir. Harada ki, dövlət vəsaitləri hesabına layihələr həyata keçirilir, qeydiyyatda olmayan məşğul əhali daha çox həmin sektordadır. Dəfələrlə jurnalist araşdırmaları zamanı aşkara çıxıb ki, belə irimiqyaslı investisiya xərcləri alan şirkətlərin arxasında yüksək rütbəli məmurlar dayanır. Xırda sahibkarlıqda heç vaxt bu səviyyədə kölgə iqtisadiyyatı olmur”.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediklərinə istinadən edən ekspert, ildən-ilə zərəri dövlət hesabına qapadılan iri dövlət şirkətlərinə yenə dəstək veriləcəyini qeyd edib: “Sual ortaya çıxır ki, niyə belə şirkətlərə illərdir milyardlarla vəsait yatırılmasına baxmayaraq, onlar dövlətə mənfəət vermir? Bu halda onların büdcə hesabına dəstəklənməsi niyə lazımdır?!”
Nazim Bəydəmirli vurğulayıb ki, böhranla mübarizə aparan ölkələrin təcrübəsində kommunal xidmətlərin müvəqqəti dondurulması, mikro sahibkarların icarəsində olan yerlərin icarə haqlarının dövlət tərəfindən qarşılanması var: “Azərbaycan da da bu addımlar atılmaqla yanaşı onsuz da yüksək olan benzin və dizel yanacağının qiymətlərinin aşağı salınması vacibdir”.


Paylaş:


Müəllif : Tarix:
1-04-2020, 08:49
  


loading...
Загрузка...