reklam
» » Moskva görüşünün pərdəarxası: - indi də “Medvedyev planı”...

reklam

Moskva görüşünün pərdəarxası: - indi də “Medvedyev planı”...

Aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada keçirilən Qarabağ danışıqlarında bir sıra anlaşmalar əldə olunduğu rəsmən bəyan edildi. Bununla bağlı həmsədrlərin bəyanatında detallı məlumat verilməsə də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi, razılaşmalardan bəhs etdi.

Diqqətçəkən budur ki, Azərbaycan XİN-in başçısı ermənistanlı həmkarı ilə keçirdiyi budəfəki görüşü müsbət qiymətləndirib, danışıqların faydalı və substantiv keçdiyini bildirib. Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib. E.Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: “Bu, çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər İrəvana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

Jurnalistlərin qarşılıqlı səfərləri barədə anlaşma birmənalı qarşılanmasa da, kənd təsərrüfatı işlərinin aparılmasın imkan verilməsi barədə razılaşma təqdir olunur. Azərbaycanın dinc vətəndaşları, əkin-biçin işləri ilə məşğul olan sakinlər dəfələrlə işğalçı ölkənin təxribatlarının qurbanı olublar, yaxud ciddi zərər görüblər. Ancaq bəzi ekspertlər Moskva görüşündə əldə olunan razılaşmalarla bağlı elə də yüksək fikirdə deyil.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əvvəlcədən Moskva görüşündən ciddi nəticə gözləmirdi: “Biz başa düşürük ki, ermənipərəst qüvvələr, həmçinin Rusiya Ermənistanın qarşısındakı bəzi çətinlikləri aradan qaldırmaq, Paşinyanın səhvlərini düzəltmək üçün imitasiya prosesini yaratmaqda maraqlıdır. Bu mənada bizə bəlli olan taktikanı tətbiq edirlər. Başa düşürük ki, Ermənistanın XİN başçısının danışıqlarda mövqeyi həlledici ola bilməz. Çünki Paşinyan özü keçirdiyi görüşdən sonra bəyanat verərək dedi ki, ərazi müqabilində sülhü qəbul etməyəcək. Bu mənada biz anlayırıq ki, Moskva görüşündə ərazilərin azad olunmasına aid heç bir müzakirələr olmayıb, müzakirə oluna da bilməzdi. Sadəcə, humanitar mövzulardan danışılıb”.

T.Zülfüqarov E.Məmmədyarovun bəyanatı ilə razılaşmadığını da bildirdi: “Mövcud durumda erməni tərəfi və havadarları danışıqlar prosesini bərpa etməyə maraqlıdır. Təbii ki, biz də danışıqlardan imtina etməməli və təbii ki, görüşlərə qatılmalıyıq. Deməli, biz Moskva görüşündə də orda iştirak etməli idik, amma görüşdən sonra belə bir görüntü yaratmamalıydıq ki, ciddi müzakirələr aparılıb. Azərbaycanın mövqeyi sadə olmalı idi. Deyilməliydi ki, danışıqlarda iştirak edirik, amma ciddi heç bir müzakirə aparılmayıb. Kim istəyirsə, danışıqlar görüntüsü yaratsın, bununla bağı əsaslar ortaya qoysunlar. Amma bu görüntünü biz yaratmamalıyıq. Bizim girovluqda qalan vətəndaşlarımız var. Heç olmasa onları azad edəydilər. Deməli, ortada ciddi məsələlər yoxdur”.

E.Məmmədyarovun “Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Ümumiyyətlə, 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirə apardıq” sözlərinə gəldikdə, sabiq nazir T.Zülfüqarov bunları bildirdi: “Ermənilər həmişə deyirlər ki, Sankt-Peterburq görüşündə atəşkəs rejiminin gücləndirilməsi və kameraların quraşdırılması müzakirə olunub. Görünür, Moskvada yenidən bu məsələ qaldırılıb. Həmsədrlər də səslənən təkliflərə qarşı çıxmayıblar. Biz əvvəlcədən bilirdik ki, nəticə olmayacaq. Amma Azərbaycan deməlidir ki, görüş oldu, lakin ciddi danışıqlar aparılmadı. İndiki durumda hücumlu taktiki addımlar atılmalı idi ki, heç olmasa, prosesdən öz xeyrimizə istifadə edək”.

Bu arada erməni mənbələri müxtəlif iddialar irəli sürməkdədirlər. “Moskvada xarici işlər nazirləri ”Medvedyev planı" üzərində müzakirələr aparıblar. Publika.az xəbər verir ki, bu iddia ilə erməni şərhçi Naira Ayrumyan çıxış edib. Ayrumyan yazır ki, Rusiya “Medvedyev planı”nı canlandıracaq: “Bu planın əsasını ”Kazan düsturu" təşkil edir, lakin Moskva həm də münaqişə bölgəsində hərbi eskalasiyaya qarşıdır. 2016-cı ilin “aprel müharibəsi”ndən dərhal sonra - 7-8 aprel tarixində Rusiyanın baş naziri Dmitri Medvedyev regiona səfər etdi. Medvedev bəyan etdi ki, “İki seçim var, birinci, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, ikinci eskalasiyaya imkan vermədən danışıqların aparılması. Mən ikincini seçərəm, nə də olsa qan tökülmür”. Medvedyev həmçinin qeyd etdi ki, “Rusiya başqa regiona başqa ölkələrdən təchizatın gəlişinə qarşı Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək”. Medvedyevin həmin səfəri Ermənistanda mənfi reaksiya doğurmuşdu, xüsusilə Azərbaycanla hərbi əməkdaşlığın davamı haqqında səsləndirdiyi bəyanatlar. İstisna edilmir ki, Moskva yenə “Medvedev planı”nı işə salır və nazirlərin görüşündə bu məsələ gündəmə gəlib".

T.Zülfüqarov isə hesab edir ki, əslində söhbət “Medvedyev planı”ndan getmir: “Çünki o zaman Medvedyev Ermənistana səfər etmişdi və ola bilsin ki, haradasa müəyyən fikirlər səsləndirib. Lakin bu, bir plan kimi ortada olmayıb. Sadəcə, o vaxt xüsusi mexanizmlərin işlənilməsi, təmas xəttində kameraların yerləşdirilməsi, pozuntular olanda onları qeydə alıb məsuliyyət daşıyan tərəfin açıqlanmasından söhbət gedirdi. Ümumiləşdirəndə plan indiki vəziyyətin dondurulmasına yönəlmişdi. Ermənilər hesab edir ki, bu, təmas xətti deyil, ”Artsax"ın sərhədləridir". Eks-nazir bir daha qeyd etdi ki, hazırda danışıqların imitasiyası prosesi gedir və Azərbaycan tərəf Ermənistanın qeyri-konstruktiv mövqeyini bəyan etməlidir.

Xəbər verildiyi kimi, nazirlərin görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfər edəcəyi açıqlanıb. Diplomatların saysız-hesabsız səfərlərinin bölgəyə hələ də ədalətli sülh gətirmədiyi faktdır. Ancaq belə təxminlər var ki, Rusiya ev sahibliyi etdiyi görüşün nəticələrinin effektli olmasını nümayiş etdirməkdən ötrü davamlı səfərlərə və görüşlərə təşəbbüs göstərəcək. Həmsədrlərin səfəri də Moskva görüşünün məntiqi davamı olaraq qiymətləndiriləcək. Ola bilsin, ardınca liderlərin görüşünə də təşəbbüs göstərilsin.

Moskva danışıqları ilə bağlı digər bir maraqlı ehtimal da var. Belə yanaşma var ki, Rusiya prosesi tam nəzarətdə saxlamağa çalışdığı üçün belə bir görüş keçirmək təşəbbüsü ilə çıxış edib. Adının çəkilməsini istəməyən məlumatlı mənbə Rusiya-Ermənistan münasibətləri barədə ilginc fikirlər söylədi. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan fəaliyyəti boyu özəl taktika seçib. Belə ki, onun keçirdiyi görüşlərin əksəriyyəti təkbətək baş tutub. Bu mənada əminliklə demək olar ki, Moskva Paşinyana etibar etmir və onun görüşləri təkbətək keçirməyə üstünlük verməsi Rusiya rəhbərliyini narahat edir. Bu mənada şübhələr var ki, Rusiya onun iştirakı olmadan Ermənistanın Azərbaycanla hansısa razılığa gələ biləcəyindən ehtiyatlanır. Məhz buna görə də Rusiya Qarabağla bağlı prosesi yenidən nəzarətə aldı. Məlumatlı mənbəmiz xatırlatdı ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və ya Serj Sərkisyan Qarabağ danışıqlarını aparanda Moskva keçirilən görüşlərdən indiki qədər narahat olmurdu: “Hər halda, Rusiya hakimiyyəti əmin idi ki, nə Köçəryan, nə də Sərkisyan Moskvanın çəkdiyi xətlərdən kənara çıxmayacaq, görüşdən sonra da aparılan müzakirələr barədə ona hesabat verəcək. Nikol Paşinyana isə Rusiya etibar etmir. Üstəlik, Ermənistanın baş naziri keçirilən ikitərəfli görüşlərin əsas vaxtını təkbətək keçirməyə çalışır. Ona görə də Moskva düşünür ki, amerikapərəst baş nazir Rusiyanın arxasından hansı işləri qarışdırır”. Paşinyan da başa düşür ki, təkbətək danışıqlara üstünlük verməsi Rusiyanı qıcıqlandırır. Çünki Rusiya sonda “ofsayd”da qalacağından ehtiyat edir.

Rusiya Paşinyanı səhvlərinə görə cəzalandırmaqda israrlı olsa da, hələlik Qarabağ amilindən istifadə etmək istəmir. Çünki o halda Azərbaycan daha üstün mövqeyə sahiblənə bilər. Üstəlik, rəsmi Bakı Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Deməli, “nə hərb, nə sülh” variantı daha çox Moskvanın işinə yarayır.

E.Məmmədyarovun da açıqlamasından ortaya çıxan nəticə budur ki, “bu xəmir hələ çox su aparacaq”. Sitat: “Əlbəttə, bir görüşlə biz bütün məsələləri həll edə bilmərik”. Deməli, tərəfləri hələ çoxsaylı görüşlər gözləyir...

Bu günlərdə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko isə növbəti dəfə ölkəsinin mövqeyini bəyan edərək dedi ki, Rusiya münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərir: “Bu münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini azaltmayacaq”. Matvyenko da dolayısı ilə “Medvedyev planı”na işarə edib.

Xatırladaq ki, Rusiyanın baş naziri D. Medvedyev 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün sonra demişdi ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir. Amma Medvedyev demişdi: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.

Status-kvonun saxlanılması Ermənistanın da tam ürəyincədir. Çünki ermənilər ümid edir ki, zaman onların xeyrinə işləyəcək, Qarabağda böyüyən yeni nəsil geri dönüşü heç zaman qəbul etməyəcək, üstəlik, beynəlxalq aləm də işğalı “həzm” edəcək. Azərbaycan rəhbərliyi isə daim bəyan edib ki, torpaqların işğalda qalması ilə heç zaman barışmayacaq və səbri sonsuz deyil.


Paylaş:


Müəllif : Tarix:
17-04-2019, 09:40
  


loading...
Загрузка...