reklam
» » Məmur oliqarxların qarşısını kəsəcək sənəd... - Niyə yubanır?

reklam

Məmur oliqarxların qarşısını kəsəcək sənəd... - Niyə yubanır?


Bir sıra yüksək çinli məmurların, hətta deputatların bizneslə məşğul olması ilə bağlı məlumatlar var.

Qanunvericiliyin onların biznes fəaliyyətini qadağan etməsinə və bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər hər hansı məmur və ya deputat cəzalandırılmayıb. Buna səbəb məmurların gəlir deklarasiyası verməməsi, onların bizneslərinin ikinci və ya üçüncü şəxsin adına rəsmiləşdirməsidir.

Qeyd edək ki, Azərbaycanda “Gəlir deklarasiyası haqqında” Qanun 2005-ci ildə Milli Məclisdə qəbul edilib. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməlidirlər. Amma bu müddətdən illər keçməsinə baxmayaraq, sözügedən qanun tətbiq edilmir. Əksinə, məmurlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar. Söhbət xeyli gəlirli sahə hesab olunan toy biznesindən gedir. Azərbaycanın məşhur şadlıq saraylarının sahibləri dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin etdiyi xəbərdarlığa məhəl qoymadan, bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Nazirliyin xəbərdarlığını qulaqardına vurmaq sıradan şadlıq sarayları, restoranlar və ya kafe sahiblərinin cəsarət edə bilməyəcəyi məsələdir. Aydındır ki, o ictimai iaşə obyektlərinin arxasında iri məmurlar, yaxud deputatar dayanır. İllik milyonlarla və ya milyardlarla manat dövrüyyəsi olan həmin şadlıq saraylarını ya onların ailə üzvləri və digər yaxınları idarə edir, ya da bu cür obyektlər müəyyən iş adamları ilə şərikli himayə olunur. Azərbaycanda ataları dövlət qulluqçusu olan sahibkarların sayı çoxdur.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Sovetlər İttifaqının çökməsindən sonra Azərbaycanda yeganə geniş vüsət alan sahibkarlıq sahəsi “şadlıq sarayları biznesi” oldu:

“Ölkəmizdə biznesin bu sahəsi yüksək çinli məmurların inhisarı altındadır. Bir sözlə, kiçik və orta sahibkarların burada payı yoxdur. Sadə vətəndaşlar isə həmin məkanlarda ofisiant, aşbaz, ən yaxşı halda musiqiçi və ya administrator işləyə bilirlər. İlk öncə qeyd edim ki, şadlıq saraylarındakı aşağı xidmət səviyyəsi və yüksək qiymətlər hər kəsi narahat edən bir mövzudur. Hamı yaxşı bilir ki, bu cür məkanların xidmətlərindən hər təbəqədən olan insanlar, ən çox da orta və aşağı təbəqə istifadə edir. Bu səbəbdən də qiymətlərlə bağlı məsələ hər zaman səlahiyyətli orqanların diqqət mərkəzində olmalıdır. Türkiyədə “Düğün Salonu”, AB ölkələrində “Wedding Hall” adı altında da bənzər məkanlara rast gəlmək mümkündür. Bir çox ölkədə qiymətlər ölkəmizlə müqayisədə dəfələrlə ucuzdur. Müqayisə üçün bildirim ki, İstanbulun mərkəzində yerləşən, 450-1000 nəfərlik tutumu olan, xüsusi arxitektur dizaynla bəzədilmiş, dəbdəbəli toy salonlarının profesional heyət və musiqiçilərlə birgə icarə haqqı maksimum 10.000 TL (təqribən 3 000 manat) təşkil edir. Adambaşı menyu qiymətləri isə spirtli içkilər daxil olmaqla 30-50 TL (təqribən 10-15 manat) arasında dəyişilir. Ümumi götürsək, 1000 nəfərlik bir yığıncaq bu tip salonda 40.000 TL (təqribən 12 000 manat) məbləğinə başa gəlir. Həmçinin, müştəriyə menyuya daxil ediləcək yemək və içkiləri istəyinə görə seçmə imkanı da verilir. Paytaxtımızda yerləşən analoji salonlardan birində adambaşına menyu qiymətləri 250-500 manat arasındadır. Bu salonda 1000 nəfərlik yığıncağın minimum qiyməti 250. 000 manatdır. Müştərilərə standart menyu təklif edilir ki, bu seçimdən kənara çıxmaq da mümkün olmur”.

İqtisadçı son günlər ictimai iaşə müəssisələrinin ekologiyaya vurduğu zərərlərdən də danışıb. O, bildirib ki, istər şadlıq sarayları, istərsə də restoranlar olsun, bütün ictimai iaşə obyektləri ölçüsünə, müştəri sayına, xidmət profilinə, ətraf mühitin şəraitinə uyğun erqonomik dizayn edilməlidir:

“Çox sayda restoran və ya şadlıq sarayları ekoloji meyarlara müvafiq və erqonomik dizayn edilmədiyi üçün sonradan bir sıra problemlər, qəza halları meydana gəlir. Erqonomik olan hər bir dizayn rahatlığı, gigiyenanı, təhlükəsizliyi, keyfiyyəti, ekoloji təmizliyi təmin edir. Bir ictimai iaşə müəssisəsi inşa edilməzdən əvvəl ərazinin iqlimindən tutmuş, torpaq quruluşunadək bütün şərtlər ətraflı araşdırılmalı, şadlıq evi və ya restoranın küləyin və günəşin təsirinə məruz qalma səviyyəsi, hava sirkulyasiyası nəzərə alınmalıdır. Xüsusilə kanalizasiya, su, elektrik, təbii qaz, infrastruktur problemi olan ərazilərdə şadlıq saraylarının inşa edilməsi doğru deyil. Ən önəmlisi, ictimai iaşə müəssisələrinin ətrafdakı yaşayış binaları, iş yerləri, məktəblər, universitetlər, ticarət obyektləri, dini obyektlər, parklar, hava limanı, metro ilə arasında olan məsafəyə diqqət yetirilməsi tələb olunur. Xaricdə bir ictimai iaşə müəssisənin dizaynında eksteryer və interyer dizaynerlər, ekoloqlar, inşaat və elektrik mühəndisləri, qida və akustika üzrə mütəxəssislər, psixoloqlar, sosioloqlar, antropoloqlar birgə fəaliyyət göstərirlər. Diqqətə çatdırım ki, Türkiyənin böyük şəhərləri başda olmaqla, bir çox ərazilərində duman və qoxu restoran sahibləri ilə məhəllə sakinləri arasında narazılıq yaratmasın deyə bələdiyyələrdən “baca icazəsi” alınır. Bunun üçün restoran sahibləri ərizə ilə rayon bələdiyyələrinə müraciət edirlər. Bələdiyyələr bu cür icazələri o halda verir ki, ictimai iaşə müəssisələrindən çıxan duman və qoxu ətraf mühitə heç bir zərər verməsin. Buna görə də, restoranlar yüksək baca və yaxşı filtrasiya sistemləri quraşdırmaq məcburiyyətindədirlər. Bu məqsədlə Türkiyədə xüsusi filtrasiya sistemləri istehsal olunur ki, həmin qurğular sayəsində duman və qoxu 99 faiz nisbətində filtrlənir. Məsələn, İzmir şəhəri restoran və ictimai iaşə müəssisələrinin çoxluq təşkil etdiyi şəhərlərdən biridir. İzmirdə ekoloji təmizlik və ətraf mühitin təhlükəsizliyi baxımından elektrostatik filtrlərin istifadəsi geniş yayılıbdır. Restoranların bu sahədə ən böyük yardımcısı “Airby Electrostatic” filtrləri və “Clean Air” texnologiyasıdır”.

Vüsalə Əhmədova onu da qeyd edib ki, son zamanlar qlobal istiləşmə və aşırı çevrə kirliliyi fonunda “yaşıl restoran” (Green Restaurant) konsepsiyası dünyada geniş vüsət alıb:

““Yaşıl Restoranların” ənənəvi restoranlardan ən önəmli fərqi enerji və sudan səmərəli istifadə, ətraf mühitə bacardıqca az zərər vurma, tullantıları minimum səviyyəyə endirmə və təkrar emalını təşkil etməkdir. “Yaşıl Restoranlar Birliyi” (Green Restaurant Association) müxtəlif qurumlar tərəfindən 1990-cı ildə ABŞ-da yaradılaraq ekoloji restoran sektoru yaratmaq missiyasını üzərinə götürüb. “Yaşıl Restoranlar Birliyi” tərəfindən hazırlanmış kateqoriyalara uyğun gələn restoranlara “Yaşıl Restoran” sertifikatı verilməkdədir. “Yaşıl Restoranlar Birliyi” sertifikatlaşdırma sistemi 500 ədəd ekoloji standartı özündə ehtiva edir ki, bu tip restoranlarda sağlam qidalanma, yerli və mövsümi meyvə və tərəvəzlərdən, ət və süd məhsullarından, orqanik taxıl məhsullarından istifadə, təhlükəli tullantıların ayrılaraq səlahiyyətli təşkilatlara çatdırılması, birdəfəlik istifadə olunan əşyaların davamlı ləvazimatlarla əvəzlənməsi, enerji və sudan səmərəli istifadə, dürüst ticarət, xüsusi təhsil almış personal konsepsiyası əsas götürülür. ABŞ, Avropa İttifaqı ölkələrindən tutmuş Uzaq Şərq ölkələrinədək geniş yayılmış bu tip restoranlardan Türkiyə ərazisində cəmi 6 ədəd mövcuddur ki, həmin restoranlarda rəqəmsal menyulardan, enerjiyə qənaət edən elektron alətlərdən, zibil üyütmə və şüşə qırma avadanlıqlarından, təkrar istifadə edilə bilən aksessuarlardan, suya qənaət edən cihazlardan, orqanik, yerli və mövsümi qida məhsullarından istifadə edilir. Suyun sürahidə servis edilməsi, yağ artıqlarının toplanması və qida tullantılarının kompostlaşdırılması təmin olunur”.


Paylaş:


Müəllif : Tarix:
16-04-2019, 17:36
  


loading...
Загрузка...