reklam
» » Hələ vaxtında Misir Mərdanov da demişdi ki... - PROBLEM

reklam

Hələ vaxtında Misir Mərdanov da demişdi ki... - PROBLEM


Özbəkistan Təhsil naziri Şerzod Şermatov ölkə vətəndaşlarına Özbəkistanda müəllimlərin maaşının mütləq 1000 dollara qədər artıtılacağı vədini verib. Nazirin sözlərinə görə, Özbəkistan prezidenti Şövkət Mirziyayev müəllimlərin statusunun artırılmasına diqqət yetirir və dəfələrlə müəllimlərin maaşının 1000 dollara qədər artırılmasından bəhs edib: “Biz müəllimlərin maaşı 1000 dollara çatmayana qədər dayanmayacağıq. Biz bu səviyyəyə mütləq çatacağıq”.

Xatırladaq ki, cəmi üç il əvvəl, 2016-cı ildə Özbəkistanın tərkibində olan Karakalpakıstan Muxtar Respublikasının Nukus kəndində yerli hökumət müəllimlərin maaşını cücə ilə ödəmişdi. Müəllimlər isə radiolardan birinə zəng edərək, bu duruma etirazlarını bildirmiş və bu hərəkəti untancverici adlandırmışdı.

“Bizə pul lazımdır, cücə yox. Cücə lazım olsaydı, özümüz gedib bazardan alardıq”, - söyləyən müəllimlər bildirmişdi ki, bu hadisə ilk dəfə yaşanmır. Onların sözlərinə görə, 2015-ci ildə də onlara maaş əvəzinə, kartof, balqabaq, kök vermişdilər.

Qeyd edək ki, ölkədə uzun illər nəğd pul problemi yaşanırdı. Bu səbəbdən maaşların ödənilməsində ciddi gecikmələr olurdu. Hətta dövlət məmurları da banklarda pul olmadığı üçün aylarla maaş ala bilmədiklərindən şikayət edirdi.

Aradan keçən 3 il ərzində ölkə iqtisadiyyatında, eləcə də dövlət büdcəsində müsbətə doğru hiss olunacaq dəyişikliklər baş versə də, Özbəkistan mətbuatında ölkə vətəndaşlarının aylıq gəlirinin dünyanın inkişaf etmiş ölkələrindəkindən qat-qat az olduğu, bu səbəbdən də vətəndaşların qənaətlə yaşamalı olduğu qeyd edilir.

O da xüsusi vurğulanır ki, Özbəkistanda ən az maaş alan həkimlər və müəllimlərdir.

Ölkə saytlarından birində Daşkənddə müxtəlif peşə sahiblərinin aylıq orta əmək haqqı cədvəli də dərc olunub. Qeyd olunub ki, digər şəhərlərdə gəlir 25-30 faiz aşağıdır.

Həmin cədvəli sizə təqdim edirik:

Proqramçı - 300-320 dollar

Hüquqşünas - 360-370 dollar

Müəllim - 190-200 dollar

Mühəndis - 230-240 dollar

Satıcı - 120-130 dollar

Sürücü - 120-130 dollar

Mühasib - 240-250 dollar

Mühafizəçi - 100-105 dollar

Maliiyəçi -300-310 dollar

İqtisadçı - 280-290 dollar

Həkim - 150-160 dollar

Səhiyyə işçiləri - 60-70 dollar

Dayə - 70-90 dollar

Elektrik - 130-140 dollar

Stomotoloq (şəxsi klinikalarda) - 340-350 dollar

Bələdçi (əcnəbi dilləri bilən) - 350-360 dollar

İnşaatşçı - 240-250 dollar.

Cədvəldən göründüyü kimi, müəllimlərlə həkimlərin maaşı digər ali təhsilli peşə sahiblərinin maaşları ilə müqayisədə doğrudan da kifayət qədər aşağıdır. Amma Özbəkistanda əmək haqları özbək sumu ilə deyil, ABŞ dolları ilə hesablanır. Bu səbəbdən, qardaş Özbəkistanla Azərbaycanda maaşlar demək olar ki, eynidir.

Maraqlıdır ki, 29 milyon əhalisi olan, təbii sərvətləri ölkəmizlə müqayisədə kifayət qədər kasad Özbəkistanın 2019-cu il üçün dövlət büdcəsi 0.026 trilyon dollar olduğu halda, neft ölkəsi olan Azərbaycada 0.015 trilyon (təxminən 15 milyard) dollardır. Beləliklə, sözügedən cədvəldə Özbəkistan 78-ci, Azərbaycan isə 89-ci yeri tutur. Göründüyü kimi, iki qardaş dövlətin arasında nə az, nə çox, düz 11 ölkə var.

Budurmu, analoqsuz inkişaf? Ölkəmizin 2019-cu il üçün dövlət büdcəsi demək olar ki, bütünlüklə neftdən gələn gəlirə hesablanıb. Belə çıxır ki, dünya bazarında Azərbaycan neftinin qiyməti düşsə, ölkəni yeni böhran dalğası bürüyəcək? Bəs qeyri-neft sektorunun sıçrayışlı inkişafı ilə bağlı danışılanlar necə olsun?

Müqayisəni qardaş Özbəkistanla apardıq. Halbuki, demək olar, heç bir təbii sərvəti olmayan Gürcüstanda da sözügedən təhsil sahəsində vəziyyət bizdəkindən yaxşıdır. Belə ki, Gürcüstanda kənd müəlliminin orta aylıq maaşı 600 laridir ki, bu da təxminən 450 manatdır. Razılaşın ki, Azərbaycanda bu demək olar, ən yüksək müəllim maaşıdır.

Qeyd edək ki, Azərbaycanda 2019-cu ilin dövlət büdcəsindən təhsilə 2 milyard 274 milyon manat vəsait ayrılıb(2018-ci ilin dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2.043.989.508 manat olub). Cari illə müqayisədə təhsilə ayrılan vəsaitin bir qədər artırılması özlüyündə müsbət hal olsa da, bu artım təhsil sektorunun inkişafı baxımından yetərli sayıla bilməz. Müqayisə üçün deyək ki, Avropada ilboyu bir şagirdin təhsilinə maksimum 4 min avro, minimum isə 1200 avro vəsait ayrılır. Bu, sadəcə bir nəfərin təhsil xərcidir. Bura texniki vəsaitlər, repititor və müəllimlərin maaşı və s. daxildir. Azərbaycanda isə bir şagridin və ya tələbənin illik xərci 172 manatdır. Fərq bu qədər böyükdür.

Sabiq təhsil naziri Misir Mərdanov illər öncə qeyd etmişdi ki, “əgər müəllimdən yaxşı iş tələb etmək istəyiriksə, ona ən az 800 manat maaş verməliyik”.

Proletariatın atası V.İ.Lenin isə qeyd edirdi ki, əgər bir ölkədə müəllim dövlət məmurundan 2 dəfə çox maaş almırsa, həmin ölkədə təhsilin inkişafından danışmağa dəyməz.

Dünyada ən yüksək təhsil səviyyəsi ilə seçilən, 2019-cu il üçün 101 trilyon yen (təqribən 891 milyard dollar) məbləğində büdcə layihəsini qəbul edən (bu ölkə tarixində rekord məbləğdir) Yaponiyada dövlət büdcəsinin 70 faizi məhz təhsil sektoruna ayrılır. Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Əhalisinin sayı 10 milyonu belə aşmayan, zəngin yeraltı və yerüstü sərvətləri olan ölkəmiz inkişaf səviyyəsinə görə əslində dünyanın öndə gedən dövlətləri ilə yarışa girməli olduğu halda, təbii sərvətləri baxımından özündən qat-qat yoxsul olan ölkələrdən belə geri qalır. Görəsən, bunun səbəbi nədədir?

Təbii ki, qardaş Özbəkistanda müəllimlərin maaşının 1000 dollara çatmasına hələ çox var, bu, sadəcə təhsil nazirinin vədidir. Amma əməl niyyətə bağlıdır. Qarşıya məqsəd qoyulub və həmin məqsədə çatmaq üçün əməli tədbirlər görülür. Bizdə isə müəllimlərin maaşı vaxtaşırı 3-5 manat, dövlət məmurlarının maaşları isə bir dəfəyə 2-3 dəfə qaldırılır, nəticədə müəllimlərin və həkimlərin orta aylıq əmək haqqı isə 300-400 manat civarındadır, millət vəkilləri isə ayda 7000 manata yaxın pul alır. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur...
Hurriyyet.org


Paylaş:


Müəllif : Tarix:
29-03-2019, 12:14
  


loading...
Загрузка...