reklam
» » “Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir” - GİLEY

reklam

“Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir” - GİLEY


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə zəng etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür. Nazirliyin rəsmi saytında qeyd olunan bu şüarşəkilli cümlələr qayğıdan xəbər verir. Kaş, hər şey deyildiyi kimi ola...

Bakının Xətai rayonu ərazisində, Nobel prospekti 110 ünvanında yerləşən yataqxananı, orada yaşayan dənizçi ailələrindən birinin başçısı Ruslan Ağayevin şikayəti üzrə ziyarət etdim. Uzaqdan gözə dəyməyən, amma hamının “morskoyun obşijiteli” kimi tanıdığı bu ünvanı tapmaq çətin olmadı, çünki düz yolun kənarında yerləşir.

Yaşayış binası “yataqxana” olsa da, buranın sakinləri doğru-düzgün öz yataqlarında yata bilmirlər. Çünki hər an binanın üzərilərinə uçacağından qorxurlar. Açığı, şikayətçi ilə telefonda danışanda onun binanın vəziyyəti barədə dediklərini şişirtdiyini düşündüm. Amma binanın həndəvərini və içərisini gəzəndən sonra təəccüb və təəssüf içində qaldım.

Əminəm ki, reportaj hazırladığım həmin binanın şəkillərinə, videogörüntüsünə baxanda sizdə də bu sual yaranacaq: Burada insan yaşayarmı?

Evinə baxış keçirdiyim Nəsibə Abbasova həyat yoldaşı İmran Abbasovun 30 il dənizçi olduğunu, sonradan dünyasını dəyişdiyini deyir: “Onun ölümündən sonra ev növbəmiz də ləğv olundu. Oğlum ürəyindən yenicə əməliyyat olunub. Nəvəmi, bilmirəm gecələr harada yatırım, çünki hər an tavan dağılıb tökülə bilər. Özbaşımıza təmir də edə bilmirik, çünki mismar vuran kimi divar dağılır. Xərclədiyimiz tikinti materialı da yaramır, çünki bina sağlam deyil ki, təmir də dözsün. Dua edirəm ki, yağış yağmasın, çünki yağanda evləri su basır. Mənzil Kommunal İstismar Sahəsindən Vahid müəllim, Yaqub müəllim deyirlər ki, “bizlik deyil”. Biz indi kimə deməliyik dərdimizi?”

Evi, demək olar ki, yaşamağa yararsız halda olan Aysel Bəxtiyarlı 3 uşaq anasıdır, hər gün bir qonşunun, qohumunun evində qalır, ara-sıra uşaqlarını anasının yanına göndərməli olur: “Biz də bu ölkənin vətəndaşlarıyıq, bu ailələr yazıq deyilmi? Bina dağılır, gərək ölək ki, əncam çəksinlər? Gəzin bütün binanı, hər yerə yamaq vurmuşuq, bu bina artıq dağılır. Biz sizdən böyük evlər istəmirik axı, heç olmasa, bir otaq verin, sağlam mənzil olsun. Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığından maşında yatır”.

Dənizçi Ruslan Ağayevin sözlərinə görə, yaşadıqları yataqxana binası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olsa da, hazırda 3 saylı Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) verilib: “Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişik, elə 20 gün qabaq da sakinlər adından Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Yenidən bizim müraciətimizi 3 saylı MKİS-ə göndəriblər. Oranın da rəsmi şəxsi olan Yaqub müəllim deyir ki, “bizlik heç nə yoxdur, haraya gedirsiz, gedin, orada yaşaya bilmirsinizsə də, heç yaşamayın”. Bax, belə vəziyyətdəyik”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev AYNA-nın sorğusuna cavab olaraq deyib ki, bina vaxtilə QSC-nin balansında olsa da, hazırda başqa qurumun tabeliyindədir: “İdarəmizin balansında olan bina Xətai rayonunda, Xəzər küçəsi 1 ünvanında yerləşir və bu bina dənizçilərin səfərlərarası yataqxanası sayılır. Sizin qeyd etdiyiniz binanın bizim idarəyə dəxli yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə AYNA-ya bildirib ki, köhnə, dağılmış binalara müvafiq icra hakimiyyətinin tərkibində olan fövqəladə hallar komissiyası baxır: “Həmin komissiya Nazirlər Kabinetinə məktub göndərir. Bizim nazirlik isə, sadəcə dəvət olunduğu halda lazımi araşdırma aparıb, rəy verə bilir. Tikintinin nəzarətini aparmadığımız üçün, bizim əlavə səlahiyyətimiz yoxdur. Qanuna uyğun olaraq, hansısa bina dağılmış və ya qəza vəziyyətində olsa belə, biz müdaxilə edə bilmərik”.

Xətai Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov AYNA-ya açıqlamasında, problemdən xəbərdar olduqlarını deyib: “Bəli, bizə həmin yaşayış binası ilə bağlı sakinlərin müraciəti daxil olub. Mənzil Kommunal İstismar Sahəsindən bildirirlər ki, həmin bina qəzalı vəziyyətdə deyil, oranın əsaslı təmirə ehtiyacı var. Fövqəladə Hallar Nazirliyinin rəyi də var. Dənizçilər yataxanası xüsusi təyinatlı MKİS-in balansındadır ki, o da BŞİH-in Mənzil Kommunal Departamentinin tərkibindəndir. Ona görə də həmin binanın və bina sakinlərinin taleyi barədə onlar daha yaxşı məlumat verə bilərlər. Biz öz növbəmizdə problemlə bağlı müraciətimzi etmişik”.

Cavabdeh qurum olan BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə dəfələrlə etdiyimiz zənglərə cavab vermədi.

Burada başqa bir dərd də var. Ömrü-günü dənizdə keçən insanların məskunlaşdığı bu yarıuçuq binada qaz da yoxdur. “Qışda elektrik enerjisinə ödədiyimiz pul büdcəmizi aşır. Bəzən də qohum-əqrəba evinə gedirik”, – deyirlər sakinlər...



Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 17:41
  


loading...
Загрузка...