reklam
» » Hakimiyyətin imtina etdiyi kadrlar müxalifətə keşərsə... - EHTİMAL

reklam

Hakimiyyətin imtina etdiyi kadrlar müxalifətə keşərsə... - EHTİMAL

Bu ilin ortalarından etibarən Azərbaycanda ciddi kadr islahatları aparılır. Bu islahatlar çərçivəsində bir çox iri ranqlı, o cümlədən xırda məmurlar ya vəzifələrini itirdilər, ya da başqa postlara dəyişdirilməklə səlahiyyətləri xeyli kiçildildi.
Gedən bu proseslər bir məsələni yenidən aktuallaşdırdı. Zaman-zaman vəzifələri ilə vidalaşan bəzi məmurlar postlarını itirəndən sonra müxalifətlə gizli və ya açıq şəkildə təmas qurmağa çalışanlar olub. Maliyyə imkanları geniş olduğu üçün belə sabiqlərə müxalifətin “qarmaq atdığı”nı vaxtaşırı müşahidə etmişik. Həmçinin hakim komandaya xəyanət etdikləri üçün vəzifələrini itirən şəxslər arasında da müxalifət qarşısında ağ bayraq qaldıranlar az olmayıb. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov. Çox keçmişə getsə də, Amerikada mühacirətdə yaşayan keçmiş spiker Rəsul Quliyevi də misal göstərə bilərik. Hazırda həbsxana divarları arasında yaşayan sabiq deputat Hüseyn Abdullayevi də bu qəbildən adlandırmaq olar.

Bu nümunələri göz önümüzə gətirəndə bir sual meydana çıxır. Əcəba, son kadr dəyişikliklərində vəzifəsiz qalanlardan müxalifətlə təmas qurmağa cəhd edənlər ola bilərmi?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu barədə danışmağa çətinlik çəkir: “Bu barədə hər hansı fikir söyləmək çətindir. Çünki bunun üçün gərək vəzifələrini itirən məmurların psixologiyasında iç dünyalarını biləsən. Ən azından bu barədə konkret məlumat olsun ki, ondan sonra fikir söyləyəsən. Lakin mənə elə gəlir ki, əvvəlki illərdən fərqli olaraq indiki zaman kəsiyində durum tamam başqa bir müstəvidədir. İstisna etmirəm ki, vəzifəsini itirən və kifayət qədər maliyyə vəsaiti olan şəxslər hansısa bir ciddi vəziyyətdən sonra bugünkü susqunluqlarını aktivliklə əvəz edə bilərlər. Lakin bu gün əslində iqtidar kifayət qədər güclüdür. Ölkə prezidentinin cəmiyyətdə əhəmiyyətli dərəcədə nüfuzu var. Eyni zamanda hakimiyyətdə və siyasi qütbdə prezidentin sədaqətli bir komandası mövcuddur. Bu komandanın qarşısında hətta ən böyük imkanlara malik olan məmur müxalifətə keçsə, yaxud ayrı bir partiya yaradıb müxalifətdə olsa belə, ictimai-siyasi proseslərə ciddi təsir göstərə biləcək imkanlara malik deyillər. Digər vacib bir məqam var ki, bunu unutmaq olmaz. Azərbaycan xalqı zəhmətlə qazanmayan pullu insanı heç zaman qəbul etməyib, ona müsbət münasibət göstərməyib, rəğbətini ifadə etməyib. Elə şəxslər var ki, maliyyə imkanlarına sahibdirlər, bu maliyyə ilə müxalifətə keçsələr, yaxud müxalifətdə olaraq, iqtidara, yəni prezidentimizə qarşı siyasi müstəvidə mübarizə aparsalar, onların ola bilsin ki, maliyyə imkanlarına həvəs göstərilsin və müəyyən gəlişmələr baş versin. Lakin onun özünün də ciddi töhfələr verəcəyini gözləmək kifayət qədər mübahisəlidir. Çünki o pullar halal yolla qazanılmayıb, zəhmətlə əldə olunmayıb. Ona görə bu problem də var. Məsələni ümumiləşdirsək, belə demək mümkündürsə, bu nəticəyə gələ bilərik ki, istisna etmədiyim belə hallar olsa da, onların indiki zaman kəsiyində, yaxud yaxın gələcəkdə, hətta yaşlarının vermiş olduğu imkanlar daxilində möhtərəm cənab prezidentə ciddi problem yaradacaqlarını güman etmirəm. Belə fikirləşirəm ki, onlar istənilən vəziyyətdə, istənilən səviyyədə ölkə prezidentinin qarşısında ağ bayraqlarını qaldırmaq zorunda qalacaqlar, təbii ki, əgər bu yolu tutsalar...”
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 09:14
  


loading...
Загрузка...