reklam
» » Saatlıda vətəndaşın başına necə oyun açırlar... - GİLEY

reklam

Saatlıda vətəndaşın başına necə oyun açırlar... - GİLEY


“Özüm əliləm, öhdəmdə birinci qrup əlil var, üstəlik, həyat yoldaşım da ağır xəstədir. Bu soyuqda günaşırı gəlib işığımı kəsib, gedirlər. İşıq idarəsi ayağıma 1757 manat borc yazıb. O borc hardan yaranıb, necə yaranıb, bilmirəm”.

Regionxeberleri.com DİA.AZ-a istinadən bildirir ki, bunu Saatlının Dəllər kəndinin sakini Əzizağa Cahangirov deyir. 2010-cu ildə Kür daşanda bu kəndə də xeyli zərər dəyib, Əzizağa Cahangirovun evi isə tamamilə dağılıb. Onun çoxlu şikayətlərindən sonra nəhayət, 2013-cü ildə dövlət bu ailəyə ev tikib. Ancaq xeyli müddətdən sonra Əzizağa Cahangirovun evinə borcla bağlı bildiriş gəlib.

“1757 manat borc yazıblar ayağıma… Getmişəm araşdıram, işıq idarəsində deyiblər ki, dövlət sənə ev tikəndə istifadə olunan enerjiyə görə borcdur. Deyirəm, axı, sayğacı evi tikəındən sonra quraşdırmısız, bu rəqəm hardan çıxdı? Deyirlər, gözəyarı hesablanıb, kompüterə vurulub. Bu boyda özbaşınalıq olar? Fəhlələr burda restoran, zavod tikməyib axı. Heç beş günlük elektrik işləri görülməyib burda. O vaxtdan da gəlib işığı kəsib gedirlər. Özü də zalım uşağı, havaların soyumağını güdürlər, yağış yağan kimi, hava soyuyan kimi gəlib, xətti kəsib, qaçırlar”, – şikayətçi deyir.

Əzizağa Cahangirovun sözlərinə görə, selin ailəyə vurduğu zərərin cəriməsini hələ də ödəməkdədir. Bir tərəfdən də işıq idarəsi ailəni borcla yükləməklə dərdini birə-beş artırıb:

“Alt-üst ev-eşiyimiz, mal-qaramız, toyuq-cücəmiz, evimizin əşyaları, pal-paltarımız, yorğan-döşəyimiz, sənədlərimiz – hamısı selin qurbanı oldu. 9 il keçib, hələ də itirdiklərimizi təzədən toplaya bilmirik. Bir tərəfdən də, qışqabağı bizi işıqsız qoyurlar. Evi tikəndə dedilər ki, prezident seldən zərərçəkmiş ailələrin selədək olan kommunal borclarını bağışlayıb. Ancaq yerli işıq idarəsi məndən həm seldən əvvəlki illərə görə, həm də evin tikintisi vaxtı istifadə olunmuş enerjinin pulunu tələb edir: Əkinlə, heyvandarlıqla məşğul ola bilmirik, yoxsulluqdan əziyyət çəkirik, çörək tapmırıq, Kür daşqınından sonra kənd təsərrüfatı məhv olub kəndimizdə. Qaz, su, yol problemlərimiz həll olunmur. Üstəlik, bizi işıqsız qoyurlar. Evin tikintisi vaxtı istifadə olunan elektrikin pulunu vətəndaş niyə ödəməlidir ki? Hökumət buna görə kompensasiya ödəməliydi ki, hər şeyi əlindən çıxmış vətəndaş o borcu ödəyə bilsin, ya da o borc silinməliydi”.

Əzizağa Cahangirov danışır ki, bütün bunlar azmış kimi, yerli işıq idarəsi yaşadığı evə ondan xəbərsiz işıq sayğacı quraşdırıb. O isə bundan bir neçə gün sonra təsadüfən xəbər tutub.

“Sayğac evimdən 30-40 metr aralıdadır, işığı kəsdilər, getdim sayğaca baxım, gördüm ki, köhnə sayğacı çıxarıb, yerinə smartkartla işləyən sayğac quraşdırıblar. Məəttəl qaldım ki, bunun kim, nə vaxt quraşdırıb burda… Getdim işıq idarəsinə, dedilər ki, biz quraşdırmışıq, gəldik, evdə yox idin, quraşdırıb getdik. Deyirəm, evin sahibi evdə olmaya-olmaya sizin nə ixtiyarınız var ki, sayğacı dəyişəsiz? Sayğacı dəyişəndə mənimlə təzə sayğaca görə akt bağlamalı idiz, mən təzə sayğacı sizdən aktla qəbul eləməli idim, bəlkə elə xarab sayğacdır, bəlkə elə üstündə 10 min borcu var o sayğacın… Dedilər, 10 min yox, ancaq 1757 manat olan köhnə borcun üstündədir. Gətir, ödə”, – Əzizağa Cahangirov deyir

Əzizağa Cahangirovun sözlərinə görə, hazırda yenə işıqsız qalıb:

“Sayğaca pul yükləyirəm, o dəqiqə borca çıxırlar. Ancaq yenə işığı kəsirlər. Məcbur olub yenə pul yükləyirəm, 1-2 saat işıq yanır, yenə borca çıxılır, yenə işığı kəsirlər. Bu dəqiqə işıqsız qalmışıq. Qaz da yoxdur, işıq olanda heç olmasa elektrik cihazları yandırıb evi qızdırırıq. Əlil adamlarıq, soyuq evdə soyuqdan donuruq. Tələb edirlər ki, pulun hamısını ödəyək. Əlillik pensiyamız heç dərmanlarımıza çatmır, o qədər pulu necə ödəyək?”


Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 16:57
  


loading...
Загрузка...