reklam
» » Məhkəmə öz işini icra etmir deyə... - GİLEY

reklam

Məhkəmə öz işini icra etmir deyə... - GİLEY


Ölkəmizdə boşanan ailələrin üzləşdikləri ən ciddi problemlərdən biri də alimentlə bağlıdır.

Ataların alimenti vermək istəməməsi, bəzi hallarda isə bunu ödəmək imkanında olmaması anaları çətin vəziyyətə salır. Qeyd edək ki, bu problemin həll edilməsi üçün dövlət aliment fondunun yaradılması məsələsi müzakirə olunur. Aliment Fondu yaradılarsa, boşanan ailələrdə böyüyən uşaqlar üçün dövlət tərəfindən vəsait ayrılacaq, sonra isə bu vəsait ata və ya anadan tutulacaq. Bu zaman valideynin işləyib-işləməməsi, aliment pulunu ödəməyə imkanının çatıb-çatmamasından asılı olmayaraq aylıq olaraq uşaqlar həmin vəsaitlə təmin olunurlar.

Aliment problemi ilə üzləşən qadınlardan biri də “Cümhuriyət” qəzetinə müraciət edən Sevinc Kərimovadır.

İllərdir ki, aliment pulunu ala bilməməsi onu bir sıra çətinliklərlə üzləşdirib. Qeyd edək ki, təqribən 1 il əvvəl də Sevinc Kərimovanın problemini işıqlandırmışıq, amma hələ ki, gənc ana alimentlə təmin olunmayıb. Sevinc Kərimova bildirib ki, belə bir durumda olmasına səbəb Abşeron Rayon Məhkəmə icraçısı Fəqan Murtuzayevin öz öhdəliyini yerinə yetirməməsidir:

“2015-ci ildə Həsənov Kamran Mirəli oğlu ilə rəsmən boşanmışıq. İndiyə qədər heç bir vəsait almamışam. Əksinə, hələ indiyədək onun borclarını ödəyirəm. 2016-cı ildə Abşeron Rayon Məhkəməsində işə baxıldı, hər uşaq üçün 157 manat aliment yazıldı. 2018-ci ildə alimenti ödəmədiyinə görə, ona 10 günlük həbs cəzası verilib. Amma həbsxanadan çıxandan sonra da heç bir vəsait ödəməyib. Ötən il sizə müraciət etdikdən sonra icraçı mənə 400 manat pul ödədi. Fikrimcə, adı mətbuatda hallandığına görə, o, bu pulu öz cibindən ödəyib. Amma sonradan yenə də heç bir məbləğ almamışam. Boşandığımızdan indiyədək keçmiş yoldaşım heç bir köməklik etməyib, uşaqlarına baxmayıb. 2015-ci ildən indiyədək 10 min manatdan artıq vəsait toplanıb. İcraçıya keçmiş yoldaşımın harada yaşadığını da bildirmişəm, amma hər hansı tədbir görülməyib”.

Sevinc Kərimova deyir ki, iki övladı var və onların xərclərini təkbaşına ödəyə bilmir:

“Uşaqlar da körpə deyillər. Birinin 17, digərinin isə 13 yaşı var. Onların təhsil, geyim, yemək xərcləri var. 300 manat məvacib alıram. Bununla uşaqların tələbatlarını ödəyə bilmirəm. Hətta vəziyyət o həddə çatıb ki, bu il yayda 13 yaşlı oğlum da işləməyə məcbur oldu ki, mənə kömək etsin”.

Şikayətçi onu da qeyd edib ki, keçmiş həyat yoldaşı Kamran Həsənovun alimenti ödəmək üçün kifayət qədər maddi imkanı var:

“Bununla bağlı dəfələrlə icraçıya müraciət etmişəm. Məhkəmənin qərarının olmasına baxmayaraq, o, bunu boynundan atır. Son zamanlar isə ümumiyyətlə, zənglərimə cavab vermir. Mən nəinki məhkəmənin təyin etdiyi həmin məbləğin mənə ödənilməsini, həm də alimentin məbləğinin qaldırılmasını istəyirəm. Çünki uşaqlar da böyüdükcə, onların xərcləri artır”.

Qeyd edək ki, məsələni araşdırmaq üçün Abşeron Rayon məhkəmə icraçısı Fəqan Murtuzayevlə əlaqə saxladıq. İcraçının mobil telefonunu açan şəxs özünü Fəqan Murtuzayevin köməkçisi kimi təqdim etdi. Həmin şəxs işin başqa məhkəmə icraçısına verildiyini dedi. Eyni zamanda Kamran Həsənovun axtarışda olduğunu bildirdi.


Paylaş:


Müəllif : Tarix:
23-09-2019, 09:31
  


loading...
Загрузка...