reklam
» » Azərbaycanda maye qaz bahalaşa bilər - İdxaldan asılılıq yaranıb

reklam

Azərbaycanda maye qaz bahalaşa bilər - İdxaldan asılılıq yaranıb


Paytaxtda yaranmış maye qaz (LPG) qıtlığı bahalaşmaya səbəb ola bilər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. O, qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yerli bazara maye qaz satışını tam dayandırması doğru hal deyil: "SOCAR çalışmalıdır ki, sürücülərin maye qaza olan tələbatını həyata keçirsin. Şirkət əvvəlki dövrlərdə olduğu kimi maye qaz satışını davam etdirməlidir ki, vətəndaşlar maye qaz qıtlığı ilə üzləşməsinlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji ölkəsidir".

İqtisadçı deyir ki, əgər yerli bazarda maye qaza tələbat idxal hesabına ödəniləcəksə, qiymətlər artacaq:

"Ona görə də SOCAR istehsalı genişləndirməlidir ki, maye qaza olan idxaldan asılılıq aradan qalxsın. Maye qaza olan tələbat yerli istehsal hesabına ödənilməzsə, qiymətlərdə bahalaşma qaçılmaz olacaq. Yerli istehsal hesabına tələbatın ödənilməsi qiymətlərin sabit saxlanılmasına da gətirib çıxaracaq. Amma maye qaz idxalı baş verəcəksə, qiymət artımının olması gözləniləndir".

V. Bayramov deyir ki, SOCAR böyük şirkət olduğundan, istehsalı genişləndirməklə maye qazı həm emala yönəltməyə, həmçinin də yerli bazarı maye qazla təmin etməyə imkanı çatar: "Nəzərə almaq lazımdır ki, ölkədə LPG-yı tələbat var".

İqtisadçı SOCAR-ın maye qaza olan tələbatı sıxlaşdırılmış qaz (CNG) satışı ilə əvəz etməsini müsbət hal hesab edir: "Şirkətin sıxlaşdırılmış qaz satışını genişləndirməsi müsbət haldır. Sıxlaşdırılmış qazla bağlı maye qaza tələbat ödəniləcəksə, bu, əslində çox yaxşı olar. Çünki CNG maye qazla müqayisədə daha təhlükəsizdir.

Amma nəzərə almaq lazımdır ki, bəzi avtomobillərdə sıxlaşdırılmış qazdan istifadə imkanı məhduddur. Ona görə də SOCAR-ın bazarda maye qazla bağlı müəyyən payının qorunub saxlanılması mütləqdir. Nəzərə almaq lazımdır ki, maye qazla işləyən avtomobillərin hamısının sıxlaşdırılmış qazda istifadəsi bu gün tam mümkün deyil. Bunun üçün həmin avtomobillərdə texniki baxımdan dəyişikliklər aparmağa müəyyən müddət vaxt lazımdır. Üstəlik, bəzi avtomobillərin ehtiyat hissələri köhnəldiyindən, bu dəyişiklik mümkün deyil".
Qeyd edək ki, yerli bazarda maye qaz qıtlığının yaranması, sərnişindaşımada da müəyyən problemlərə yol açıb. Xüsusilə rayonlar və şəhərlərarası sərnişin daşıyan mikroavtobusların əksəriyyəti maye qazla işlədiyindən, onların fəaliyyətində müəyyən ləngimələr müşahidə olunur. Həmçinin rayonlara və şəhərlərə sərnişin daşıyan mikroavtobus sürücüləri maye qaz satışı bərpa olunmazsa, gediş haqqında qiymət artımının da qaçılmaz olduğunu söyləyirlər. Onların sözlərinə görə, mikroavtobusların çoxunda sıxlaşdırılmış qazla işləmək üçün müvafiq avadanlıq yoxdur. Bu halda onlar məcburdurlar ki, yanacaq kimi benzindən, yaxud da dizeldən istifadə etsinlər.

Xatırladaq ki, artıq bir həftəyə yaxındır ki, ölkədə maye qaz satışında qıtlıq müşahidə olunur. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, maye qaz satışında yaranan problem bu maddənin daha çox emala yönləndirilməsi ilə bağlıdır. SOCAR rəsmisinin sözlərinə görə, SOCAR xammalın böyük hissəsini Sumqayıtda yeni açılmış müəssisələrə ötürür ki, emal olunsun. İ. Əhmədov qeyd edib ki, LPG-nin bazara çıxarılması üçün SOCAR yeganə mənbə deyil. Təchizatçılar bu yanacaq növünü xaricdən idxal edə bilərlər. Lakin LPG kimi tanınan maye qazı idxal etməkdən çəkinirlər. Buna da səbəb Azərbaycanda LPG və digər kütləvi istifadə olunan yanacaq növlərinin qiymətinin dövlət tərəfindən tənzimləndiyinə görə ucuz olması, tariflərin dəyişməz qalmasıdır. İ.Əhmədov bildirib ki, hazırda ən effektli alternativ variant digər qaz yanacaq növü olan CNG-nin bazara təqdim olunmasıdır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2019, 10:21
  


loading...
Загрузка...