reklam
» » Vətəndaşlara kredit borcu güzəştindən BANKLAR DA PAY UMUR

reklam

Vətəndaşlara kredit borcu güzəştindən BANKLAR DA PAY UMUR


Natiq Cəfərli: “Əgər qərar vermək mexanizmdən yox, komissiya üzvlərindən asılı olacaqsa, bu zaman maxinasiyalara yol verilə bilər”

“Müxtəlif qaydaların tətbiqi müxtəlif spekulyasiyalara yol aça bilər”

Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib ki, Azərbaycanda banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib.

Orxan İsmayılov qeyd edib ki, prezidentin bu məsələ ilə bağlı fərmanında isə yaranmış məzənnə fərqindən çəkilən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub: “Əgər kredit təşkilatı xüsusi məzənnə endirimləri ilə müqavilə təklif edibsə, o zaman həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq, ona uyğun olaraq hesablanacaq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmisinin açıqlaması onu göstərir ki, hər işimizdə bir “əmma” olduğu kimi, kompensasiyaların verilməsində də bir “əmma” ortaya çıxacaq. Çünki qurumun rəsmisi O. İsmayılovun sözlərindən aydın görünür ki, prezident İlham Əliyevin problemli kreditlərlə bağlı sərəncamından Maliyyə Bazarlarına Nəzarət Palatasının əli ilə banklar da “pay” almaq istəyir. Təbii ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların xeyrinə olan bu addımı heç də boşuna deyil. Banklar “xüsusi məzənnə endirimləri ilə müqavilə təklif etmişik” adı altında vətəndaşlara ayrılan vəsaitdən yararlandığı halda, Palatanın da burada öz “payı” ola bilər, yoxsa Palata rəsimisinin bu açıqlamanı verməkdə marağı nə ola bilər ki?

Maliyyə Bazarlarına Nəzarət Palatasının həmişə bankların mövqeyindən çıxış etməsi aydın görünür. Göründüyü kimi, Palatanın bu dəfə də vətəndaşın mövqeyini yox, məhz bankları “düşünməsi” ortadadır. Halbuki, Palata arxasında oliqarx-məmurlar dayanan özəl bankların yox, vətəndaşın mövqeyindən çıxış etməlidir.

“Fərmanda bankların verdiyi güzəştlərlə bağlı heç bir müddəa yoxdur”

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmisi O. İsmayılovun açıqlaması ilə bağlı fikrini ifadə edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, əgər bu müqavilə şərtləri ilə olacaqsa, istənilən məbləğin həcmi bilincək: “Yəni burada mənimsəmə olması ağılabatan görünmür. Sadəcə, əgər qərar vermək mexanizmdən yox, komissiya üzvlərindən asılı olacaqsa, bu zaman maxinasiyalara yol verilə bilər. Yəni bu zaman müəyyən ödəniş məbləği müqabilində, yaxud tanışlıq və digər formada kimlərəsə daha artıq, kimlərəsə daha əskik hesablama qaydaları təsdiq edilə bilər ki, bu da yolverilməzdir. Ona görə də burada bir ümumi qayda olmalıdır. Çünki prezidentin fərmanında qeyd olunmayıb ki, əgər banklar hər hansı bir güzəşt tətbiq ediblərsə, bu güzəşt ümumi məbləğdən çıxılmalıdır. Belə bir müddəa yoxdur. Fərmanda bununla bağlı müddəa olmadığına görə bu ancaq yaradılmış komissiyanın xüsusi rəyi və yaxud qərarı ilə ola bilər. Bu, komissiyanın xüsusi rəyi, yaxud qərarı ilə olsa, bu zaman qərar verən hər hansı bir məmur, məsul şəxs olsa, onda artıq obyektivliyi şübhə altına düşəcək. Çünki mexanizm hamıya eyni cür tətbiq edilməlidir, eyni qaydalar çərçivəsində olmalıdır. Müxtəlif qaydaların tətbiqi müxtəlif spekulyasiyalara yol aça bilər. Məncə, bankların verdiyi güzəştlərin həcmi o qədər də böyük olmamalıdır. Dövlət büdcəsindən ayrılan ümumi kompensasiya məbləği həmin güzəştləri də nəzərə alaraq ayrılıb. Bu zaman onda banklar iddia qaldıra bilər ki, o vaxtı biz müştərilərimizə güzəşt eləmişik, o güzəşt nəticəsində bizə müqavilə şərtlərinə görə ziyan dəyib. Ona görə də biz həmin kompensasiyanı almalıyıq. Yəni burada artıq müxtəlif suallar, yanaşmalar meydana çıxacaq.

Mənim də dediyim odur ki, qaydalar hamıya eyni dərəcədə tətbiq edilməlidir. Əgər banklar vaxtilə hər hansı bir güzəştli məzənnə ilə müqavilə təklif ediblərsə və bu güzəştlər müqabilində hələ də ödənişlərini ala bilməyiblərsə, vətəndaş da ödəmək qabiliyyətində olmayıbsa, bu, o demək deyil ki, həmin təklif olunmuş güzəştli məzənnə hansısa bir formada ayrılacaq vəsaitdən çıxılmalıdır. Çünki vəsait ayrılarkən bu məsələ fərmanda nəzərdə tutulmayıb. Fərmanda müvafiq icra orqanlarına tapşırıq verilib ki, çox qısa bir müddətdə 10 min dollara və ya 17 min manata qalıq borcu olan insanlara kompensasiyanın verilməsi qaydalarını təsdiqləsin. Burada bankların verdiyi güzəştlərlə bağlı heç bir müddəa yoxdur”.

“Varislərin bu güzəştlərdən yararlanması hüququ yaranır”

“Kreditini ödəmiş şəxslərdən rəhmətə gedənlər var ki, onlar da devalvasiyadan sonrakı məzənnə ilə borclarını ödəyiblər. Onların varislərinə kompensasiyanın verilməsi necə olacaq, bu barədə ictimaiyyət arasında bir məlumatsızlıq var” sualına N. Cəfərli belə cavab verdi: “Təəssüf ki, bu günə qədər bununla bağlı heç bir rəsmi açıqlama olmayıb. Amma bunun məntiqi izahı odur ki, hələ qaydalar təsdiqlənməyib. Fərmandan irəli gələn qaydaların təsdiqlənməsi üçün aprelin 15-nə qədər vaxt var. Aprelin 15-nə qədər müvafiq icra strukturları yaradılmış komissiyanın təkilflərini elan etməlidirlər. Bundan sonra, 3 ay müddətində həmin təkliflərin realizə olunması üçün mexanizmlər yaradılmalıdır. Mən çox ümid edirəm ki, ciddi müzakirə obyektinə çevrilən sizin verdiyiniz bu və buna bənzər suallar o komissiyanın da nəzərindən qaçmayacaq və buna uyğun mexanizmlərin hazırlanması ilə bağlı qaydaları təsdiqləyəcək. Bundan sonra, yaranmış sualların həlli üçün əlimizdə müəyyən ipucları olacaq. İndki şəraitdə sizin suala cavab vermək mümkün deyil. Çünki bizim səlahiyyətlərimizdə də deyil. Məntiqlə təbii ki, varislər kompensasiyaların ödənilməsində müəyyən pay sahibi ola bilərlər. Əgər birbaşa varisdilərsə və varislikləri sənədlərlə təsdiqlənirsə, burada onların da müəyyən pay alması və yaxud bu güzəştlərdən yararlanması hüququ yaranır. Amma yaradılmış komissiya aprelin 15-nə qədər hansı qaydaları təklif edəcək, bununla bağlı çox təəssüf ki, ictimaiyyə geniş məlumat verilməyib”.


Paylaş:


Müəllif : Tarix:
29-03-2019, 11:45
  


loading...
Загрузка...