reklam
» » “Təfəkkür”ün "mütəfəkkir"ləri: Aralarında kimlər yoxdur... - Universitetin hüquq fakültəsi dövlət idarəçiliyin “Sim-sim” qapısı imiş

reklam

“Təfəkkür”ün "mütəfəkkir"ləri: Aralarında kimlər yoxdur... - Universitetin hüquq fakültəsi dövlət idarəçiliyin “Sim-sim” qapısı imiş


Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəlsəfə doktoru üzrə doktorantura təhsilini təşkil etmək hüququ olub.

Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutuna fəlsəfə doktorları hazırlamaq hüququ verilib.

Ovqat.com-un əlavəsi

Qeyd edək ki, artıq neçə ildir hökumət tərəfindən budanan “Təfəkkür” universiteti Azərbaycanın indi də ən yüksək dairələrində mühüm postlar tutan “düha”lar yetişdirib. “Təfəkkür” məzunları arasında böyük iqtisadçılar, hakimlər, müğənnilər, icra başçıları, generallar var. Məsələn, onlardan biri Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

Maraqlıdır ki, iqtisadiyyatımızın taleyini müəyyənləşdirən Natiq Əmirov 1998-ci ildə Təfəkkür Universitetinin hüquqşünaslıq fakültəsindən məzun olmuşdur. “Hüquq hara, iqtisadiyyat hara”, deməyin. Cənab Əmirov həm də ali təhsilli iqtisadçıdır. O, bundan 8 il əvvəl N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun iqtisadiyyat fakültəsini bitirsə də, görünür, Leninqradda aldığı təhsil onun yüksəlişi üçün kifayət etməyib. Natiq müəllim də öz düşüncə dairəsini “Təfəkkür” universitetində genişləndirməyə qərar verib.

2012-ci ildən Ağdaşın başçısı vəzifəsini icra edən Tofiq İbrahimov da “Təfəkkür”lü məmurlarımızdandır. O da ahıl yaşında “Təfəkkür” universitetinin hüquq fakültəsində təfəkkürünü dərinləşdirib və az sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə göndərilib. Lənkaranda keçirdiyi 2 il bir ay 4 gün ərzində rayon rəhbəri təcrübəsi qazanan Tofiq müəllim daha sonra Ağdaşa transfer olunub.

“Təfəkkür”ün ən ünlü məzunu isə Gömrük generalı olan Nazim Xeyrulla oğlu Məmmədovdur. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərinin baytarlıq stansiyasında “mal həkimi” kimi başlayan Nazim müəllim 1999-cu ildə “Təfəkkür” universitetinin hüquq fakultəsindən məzun olmağı başarır. Həmin vaxt onun, nə az nə çox, düz 48 yaşı var idi. Yəni Nazim müəllim də “təfəkkürü” gec oyananlardandır. Lap 16 yaşında 1-ci sinifə gedən Mendeleyevin sonradan kimyanın əlifbası sayılan dövrü cədvəli kəşf etdiyi kimi, Nazim müəllim də “gec oyanıb - güc oyanmağı” bacarıb. Belə ki, o, “Təfəkkür”ün tələbəsi olduğu zamanlarda belə, Dövlət Gömrük Komitəsində məsul vəzifələrdə çalışırdı. Onun “gec oyanışı” 2007-ci ildə özünün kulminasiya nöqtəsinə çatır. Həmin ilin son günlərində Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunur.

Bütün bunlar, təbii ki, “mal həkimi”-generalın nə qədər böyük düha olduğunun bariz dəlilləri olduğu kimi, həm də əvəzedilməzliyinin göstəriciləridir. Görünür, bu əvəzedilməzliyinin nəticəsidir ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsi “fövqəlnazir” nəzarətindən çıxan kimi Nazim Xeyrulla oğlu Məmmədov da FHN-nə transfer edilir. Özü də kiçik vəzifəyə yox, birbaşa Kəmaləddin Heydərovun müavinliyi görəvinə.

Üzərində dayandığımız 3 “Təfəkkür” əhlinin üçünün də hüquq fakültəsindən, özü də gec yaşlarda məzun olması xeyli maraq doğurur. Belə anlaşılır ki, “Təfəkkür” universitetinin xüsusilə bu fakultəsi dövlət idarəçiliyinin Sim-sim qapısıdır. Kim qoca yaşda bu qapını aça bilsə, qısa zaman ərzində ən yüksək postlara yüksələ bilirmiş.

Amma iki ildir ki, böyük “mütəfəkkirlər” yetişdirən “Təfəkkür” özünün ahıl yaşlarını yaşayır. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyi bu ali məktəbin (kitabının) bağlandığını elan etsə də, universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev məlumatı yalanladı. Azərbaycan ictimaiyyəti nazirliyə, yoxsa universitetin mətbuat katibinə inanmaq dilemması qarşısında qaldı. Qısa müddətdən sonra Təhsil Nazirliyi universitetin 2017-2018-ci tədris ili üçün tələbə qəbulunu dayandırdı. Tələbə kontingentini isə digər ali təhsil müəssisələrinə yerləşdirmək məqsədilə işçi qrupu yaratdı. Bununla da, “Təfəkkür” müəmmasına son qoydu. İndisə universitetin doktorantura təhsilini təşkil etmək hüququ da əlindən alındı. Belə görünür ki, bundan sonra “Təfəkkür” bir daha əvəzedilməz “mütəfəkkir”lər yetişdirə bilməyəcək.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 11:06
  


loading...
Загрузка...