reklam
» » Dövlətdən dəstək alır, qanundan ŞİKAYƏTÇİDİR - REAKSİYA

reklam

Dövlətdən dəstək alır, qanundan ŞİKAYƏTÇİDİR - REAKSİYA


Ölkədə investorların fəaliyyəti üçün hər bir şərait yaradıldığı halda, “Azərsun Holding” prezidenti niyə gileylənir? Bu həftə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı "Azərsun Holding"in prezidenti Abdulbari Gozal diqqətçəkən fikirlər səsləndirib. "Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik" deyən Gozalın sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz: "Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".

Qeyd edək ki, Gozalın açıqlamaları hökumət rəsmilərinin, hakim partiyanı təmsil edən millət vəkillərinin ölkədə sahibkarlıq fəaliyyəti üçün hər cürə imkanların yaradıldığı barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.

Məsələn, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə Unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycanda xarici investorlar üçün çox münbit şərait yaradılıb:

“Məhz bunun nəticəsidir ki, ölkəmizdə bu istiqamətdə investisiyaların həcmi ildən-ilə artır”. Millət vəkili bir sıra beynəlxalq təşkilatlar da Azərbaycanın xarici investorlar üçün yaratdığı şəraitlə bağlı hesabatlarına müsbət rəylər verdiyini qeyd edib: “Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının “Doing Business 2019” hesabatında, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və ölkə başçısının dediyi kimi bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır. Bütövlükdə biznesə başlamaq, biznes mühütinə görə dünyada ən öncül ölkələrdən biriyik. Digər tərəfdən, qanunvericilik çərçivəsində də biznesin qorunması və xarici investisiyanın cəlb olunması baxımından ölkəmizdə baza formalaşdırılıb. Qanunvericilik bazamız xarici investorların ölkəmizdə rahatlıqla çalışa biləcəklərinə zəmanət verir. Həmçinin ölkədə xarici investisiyaların cəlb olunması üçün biznes mühiti yaradılıb. Bu istiqamətdə həyata keçirilən düzgün, uğurlu siyasət Azərbaycana xarici investisiyaların axınını təmin edən şərtlərdən, amillərdən biridir. Təsadüfi deyil ki, ölkəmizə hər il xarici investisiyalar kifayət qədər cəlb olunur. Təkcə ötən il ölkəmizə 16 milyarddan çox investisiya qoyulub ki, bunun da 50 faizi xarici investorların payına düşür. Azərbaycanın bu istiqamətdə öhdəliklərini yerinə yetirməsi xarici investorların axınını təmin etmiş olur. Həmçinin, bu gün ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirlərinin keçirilməsi də investiya və turist axınına gətirib çıxarır”.

Deputatın da dediyi kimi, ölkədə xarici investorların sərbəst fəaliyyətinə imkan verən qanunverici bazanın formalaşdığı və azad biznes mühiti yaradılıb.

Eyni fikirlə zaman-zaman digər millət vəkillləri, hökumət təmsilçiləri də çıxış edirlər.
Bu cür açıqlamaların fonunda "Azərsun Holding" prezidentinin yuxarıdakı fikirləri həqiqətən təəccüb doğurur. Düzünü desək, A.Gozalın ümumiyyətlə, şikayətçi olduğu məqamlar hər kəsə qaranlıq qalır, aydın olmur ki, o, konkret olaraq, nədən və ya nələrdən gileylidir. Digər tərəfdən, unutmayaq ki, onun rəhbərlik etdiyi holdinq bir çox sahələrdə hətta inhisarçı şirkət sayılır. Bunu da nəzərə aldıqda "Azərsun Holding” prezidentinin hələ də ölkədə azad və rahat sahibkarlıq fəaliyyəti baxımından giley-güzar etmək üçün səbəblər axtarmağa çalışması ən azı heç bir məntiqə sığmır...


Paylaş:


Müəllif : Tarix:
7-06-2019, 15:42
  


loading...
Загрузка...