reklam
» » STP-də səhlənkarlıqdan doğan partlayış: - Sumqayıtdakı faciə niyə və necə təhrif olunub?

reklam

STP-də səhlənkarlıqdan doğan partlayış: - Sumqayıtdakı faciə niyə və necə təhrif olunub?


Sumqayıtda Poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var.

“Hürriyyət” xəbər verir ki, məlumatı “Report” informasiya agentliyi yayıb.

Məlumata görə, hadisə Sumqayıtın İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən bir sexdə baş verib.

Partlayış zamanı müəssisədə çalışan 4 nəfər - 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu , 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

“Hürriyyət”in əldə etdiyi məlumatlar isə faktın müəyyən təhriflərlə ictimailəşdirildiyindən xəbər verir. Əldə etdiyimiz məlumata görə, əvvəla, məlum partlayış bu gün yox, mart ayının 22-də baş verib. 5 gün öncə baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – Seyidəliyev Minyaz Şükür oğlu bu gün rəhmətə getdiyindən faktı daha çox gizlətmək mümkün olmayıb.

Bildirilir ki, partlayış növbə rəisinin səhlənkarlığı nəticəsində törənib. Belə ki, zavodun dəmirəritmə sobası xarab olsa da, elektrikçinin etirazlarına baxmayaraq, növbə rəisi onu işlətməyə qərar verib. Soba elektirik şəbəkəsinə qoşulduğu anda partlayış baş verib və növbə rəisi ilə bərabər sexdə çalışan 3 nəfər yaralanıb və xəstəxanaya aparılıblar. Sumqayıt İcra Hakimiyyətindən zavod rəhbərliyinə xəbərdarlıq edilib ki, yaralılardan heç birinin ölməməsi üçün Allaha dua etsinlər. Əks halda, cinayət işi başladıb, ən azı iki nəfəri tutacaqlar. Arzuolunmaz ölüm hadisəsi bu gün yaşandığından cinayət işinin istintaqına qərar verilib və məlumat ictimailəşdirilib.

Hadisənin 5 gün gizlədilməsinin digər səbəbi yaşananların zamanı ilə bağlıdır. Belə ki, partlayış ayın 22-də, yəni Novruz bayramı tətilində baş verib. Həmin gün iş günü olmadığından müəssisənin işçiləri də rəsmi tətildə olmalı idilər. Lakin STP rəhbərliyinin daha çox pul qazanmaq istəyi dövlətin işçilərə verdiyi istirahət hüququnun pozulmasıyla nəticələnib. Vətəndaşların Konstitusiya ilə təsbit olunan hüququn pozulmasını gizlətmək üçün başbilənlər hadisəni bu gün, Novruz bayramı tətilindən sonra ilk iş günündə ictimailəşdirmək məcburiyyətində qalıblar.

Səhlənkarlığın əsas günahkarı olan növbə rəisinin hazırda xəstəxanada yatdığı, başına 5 tikiş vurulduğu bizə verilən məlumatlar arasındadır.

Təhrif olunan digər məqam isə müəssisənin özüylə bağlıdır. İctimailəşdirilən məlumata görə, hadisə, guya, heç kimin tanımadığı bir metal sexində baş verib. Əldə etdiyimiz məlumat isə həmin müəssisənin hansısa kiçik sex deyil, Sumqayıt Texnologiyalar Parkına aid 17 zavoddan biri olduğunu göstərir. Sumqayıt İcra Hakimiyyəti və polis idarəsi iz azdırmaq üçün ictimailəşdirilən məlumatda müəssisənin real ünvanını da təhrif ediblər. Yayılan informasiyada ünvan “İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisi” kimi göstərilsə də, əslində həmin zavodun Sənaye bölgəsi kimi tanınan Zeynəlabdin Tağıyev qəsəbəsində yerləşdiyi xəbər verilir.

Qeyd edək ki, bu zavod nəinki Sumqayıtın, həmçinin respublikamızın ən iri metaləritmə müəssisələrindən biri kimi tanınır. 2012-ci ildə STP-nin nəzdində fəaliyyətə başlayan Metaləritmə zavodunun əsas təyinatı metal tədarükü, poladəritmə və yayma istehsal sahələrindən ibarətdir. Zavodun Azərbaycanda nadir müəssisələrə verilən armatur istehsal etmək imtiyazı var imiş. Hazırda bu müəssisədə 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal olunur və partlayış da həmin sexlərdən birində baş verib.

Müəssisənin daxil olduğu Sumqayıt Texnologiyalar Parkı 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin xeyir-duası ilə açılıb. Tərkibində 17 zavodu birləşdirən STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksəkgərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yerinin açıldığı bildirilir.

Texnopark 2015-ci ilə qədər “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin nəzarəti altında imiş. Hətta Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun bir vaxtlar həmin parkdakı kiçik sexlərdən birinin müdiri olmasına baxmayaraq, özünün STP-nin ağası kimi aparırmış.

Daha sonra STP-yə nəzarət Etibar Pirvərdiyevdən alınıb “Azərenerji” ASC-nin indiki prezidenti (o vaxt "Azərişıq"ın rəhbəri idi) Baba Rzayevə verilib. 2015-ci ildə reallaşan bu əl dəyişikliyindən sonra STP-də iki hakimiyyətlilik dövrü başlayıb. Texnopark işçilərinin 2016-ci ildə Prezidentə ünvanladıqları məktubda da bu xüsus vurğulanaraq deyilir:

“...STP-də eyni səlahiyyətli iki icraçı direktor çalışır. Sıravi vətəndaşların kütləvi ixtisar olunduğu müəssisədə nədənsə iki direktordan biri ixtisar olunmadı.

Direktorun biri Sahib Musayevdir. Bu direktor barədə uzun-uzadı danışmaqa ehtiyac yoxdur, çünki ölkədə baş nazir Artur Rəsizadə necə çalışırsa, Sahib Musayev də o cür çalışır.

İkinci direktor şirkətin maliyyə məsələlərindən cavabdeh, ixtisaca texniki təhsilli İdris Mustafayevdir. İdris Mustafayev texniki təhsilli olsa da, maliyyə məsələlərinə nəzarət edir. Ancaq qəribə orasıdır ki, işçiləri “sənin təhsilin ixtisasın ilə düz gəlmir”, deyib ixtisar edir. Bu adam hardasa il yarımdır direktor təyin olunub. Əvvəl Baş metroloq idi. Başı aşağı işə gəlib-gedən adam idi. Amma direktor olan kimi gözü ayağının altını görmədi”.

Şikayətçilərin bu iddialarından da göründüyü kimi, STP rəhbərliyinin kadr seçimində öz işinin əhli olmaq kriteriyalarına əhəmiyyət verilməyib, Azərbaycanın texnologiya sənayesi kimi mühüm sahə iri məmurların qohum-əqrəbalarına tapşırılıb. Özlərinin üstün intellektinə güvənən həmin qohum-əqrəbanın bayram günlərində texniki nasazlığa baxmayaraq pul qazanmaq hərisliyi isə bu cür ağır nəticələr doğurub.


Paylaş:


Müəllif : Tarix:
28-03-2019, 11:43
  


loading...
Загрузка...