reklam
» » ANAR ƏLƏKBƏROVA AÇIQ MƏKTUB – “SİZİ VƏ BİZİ ANCAQ SAĞLAM TƏNQİD YÜKSƏLDƏ BİLƏR”

reklam

ANAR ƏLƏKBƏROVA AÇIQ MƏKTUB – “SİZİ VƏ BİZİ ANCAQ SAĞLAM TƏNQİD YÜKSƏLDƏ BİLƏR”



(Ümid edirəm, məkubum öz ünvanına çatacaq)
Hörmətli Anar müəllim!
Yəqin ki, mətbuatdakı bir çox həmkarım Sizə və bu və ya digər yollarla xeyi təbriklər ünvanlayıb, gəlişigözəl sözlərlə uzun-uzun tərifli məktublar yazıblar..
Əlbəttə, bu cür önəmli vəzifəyə gəldikdə, təbrik eşitmək gözəl duyğudur və qürurlanmaq üçün yetərincə haqqınız var.
Mən də Sizi səmimi qəlbdən təbrik edirəm!
Lakin bəzi məqamlar var ki, onları dilə gətirmək istəyirəm. O ümidlə ki, bəlkə də, Siz bu yazını oxuyacaq, mənim qeyd edəcəyim məqamları diqqətə alacaqsınız.
Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində iki il əvvəlki statusum qarşıma çıxdı. “Facebook” avtomatik olaraq, iki il əvvəl yazdığım statusumu yadıma salırdı. Yazmışdım ki, polyak dilini təkmilləşdirmək üçün internetdən polyak dilində radioları dinləyirəm və polyak dili nə qədər ağır olsa da, yorulmuram… Çünki bir-birindən maraqlı verilişlər verirlər: “Lakin bizim radioları dinlədikcə, tez-tez dəyişib axırda söndürməli oluram, çünki ən maraqlı verilişlər “slesar” məsləhətləridir”.
Həmin statusu oxuyarkən, biranlıq qımışdım, çünki iki ildə heç nə dəyişməyib. Bu, ən adi bir haldır. Yəqin ki, Sizdə də belə duyğular olub: Bir neçə il əvvəl qarşılaşdığınız hallar eynilə qarşınıza çıxır, özünüz də bu cür təkrarçılığı acı istehza ilə qarşılayırsınız.
Sabitlik yaxşı şeydir – kim istər ki, ölkəsində iğtişaşlar və qarşıdurma olsun? Kim istəməz ki, övladları dinc və firavan şəkildə yaşasın? Əlbəttə, bir gün Qarabağ müharibəsinin də bitəcəyinə, torpaqlarımızın qayıdacağına inanırıq. Bəzən pessimizmə qapılsaq belə, Vətən sevgisi içimizdədir və ölkəmizdən, doğma xalqımızdan heç vaxt küsə bilmərik. Dövlətimiz və dövlətçiliyimiz də, vətənpərvər olaraq, daim ruhumuzdadır.
Lakin mənim demək istədiyim odur ki, mətbuatda və cəmiyyətdə müəyyən dəyişikliyə, fərqli çalarlara ehtiyac yaranıb. İnsanların qarşısına seçim qoyulmadıqda, monotonluq miskin duyğular və pessimizm yaşadır.
TV-lərimizin çal-çağır dolu verilişləri də daha xalqımızı əvvəlki kimi əyləndirmir. Mənasız ssenarilər əsasında çəkilmiş seriallara ayrılan vəsaitlər havaya sovrulan pullardır.  Demək olar ki, heç birində xalqın mənəvi aclığını doyduracaq, hər hansı şəkildə “mənəvi qida”ya bənzəyən heç bir “mesaj” yoxdur.
Yeganə təsəlli tapdığımız şey odur ki, son illərin yeni korrupsiya mənbəyinə çevrilən bu seriallara ara-sıra aktyorluqdan həqiqətən anlayıışı olan əməkdar və xalq artisləri dəvət olunur, onların peşəkarlığı bu bayağı “əsər”lərə maraq qatır. Bu gün yüzlərlə sənətdən uzaq adamlar cəmiyyətə “sənət adamı”, “aktyor” və “aktrisa”, “incəsənət xadimi” kimi təqdim olunur.
Mətbuatımız daha bərbad durumdadır – saytları əsasən intellektual təbəqə izləməli idi, lakin saytlarımız da bu gün İP xatirinə  bayağı informasiyalara əl atırlar.
Son illər bəzi məmurların diqqətini çəkmək və mətbuata ayrılan vəsaitləri mənimsəmək üçün, bəzi həmkarlarımız yalnız müğənnilərin intim həyatı ilə repertuar yaradır.
Digər tərəfdən, yaltaqlıq və informasiya seçimində olan monotonluq da, intellektual təbəqəni saytlardan uzaqlaşdırıb. Az-maz xarici dil bilənlər xarici mətbuatı izləyir. Şəxsən, özüm çox vaxt dünya xəbərlərini və analitik yazıları Rusiya, Türkiyə və Avropa mətbuatından oxumağa çalışıram. Ona görə yox ki, mən öz mətbuatımızı bəyənmirəm, ona görə ki, savadlı adamların böyük qismi mətbuatdan uzaq düşüb. Bəzi məmurların “himayə”sini qazanan yaltaq ruhlu şəxslər öz ətraflarında özlərindən savadlı və ən əsası vicdanlı adam toplamaqda maraqlı deyillər.
Mən 10 ildə mətbuatda çox iş yeri dəyişdim, sonunda bezərək başqa bir sahədə öz işimi qurmaq üçün uzaqlaşdım. Bununla deməzdim ki, savadlı olduğuma görə qısqanclıq gördüm, amma daim hansısa təşəbbüsümün və ideyalarımın daş divara rast gəldiyini gördüm. Hər dəfə də oxşar bəhanələr var idi: “Filankəs müəllim zəng eləmişdi”…
Hörmətli Anar müəllim! Sizdən əvvəl bir çox məmur mətbuatı kurasiya etmək, nəzarətdə saxlamaq, “media kardinalı” olmaq istədi. Deyək ki, müəyyən qədər bacardılar da. Amma onların bu “vüsalı” çox çəkmədi. Bir az özlərinin yaxın ətrafı üçün şərait qurdular, dövlət başçısının yanında öyünmək üçün “müvəqqəti sabitlik” fonu yaratdılar… Axırda isə fiasko oldu. Öz səhvlərinin qurbanı oldular.
Özüm də bilmirəm niyə, amma qəlbimdə bir inam var ki, Siz həmin məmurların səhvlərini təkrarlamayacaq, mətbuata və qələm adamlarına yeni yanaşma sərgiləyəcəksiniz.
Köhnə kommunist təfəkkürlü insanların “yaşasın partiya” psixologiyası ilə qurduğu və çoxu da keçmiş reket-jurnalistlərdən ibarəd “mətbuat ordusu” bir anda dağılmağa məhkumdur.
Hazırda meydan o qədər boş olmasa da, daha sağlam və daha etibarlı bir cameənin ortaya çıxması üçün münbit şərait var.
O cameəni isə əlindən tutub çıxarmağa ehtiyac yoxdur. Nə də ki, milyonlar paylamaqla, ələbaxan jurnalistlər yetişdirməyi tövsiyə etmirəm.
Mən inanıram ki, Sizi və bizi ancaq sağlam tənqid yüksəldə bilər. Sağlam tənqidi bacaran, informasiya siyasətində fərqlənməyi hədəf qoyan qələm adamları bizim cəmiyyəti Sizinlə bərabər gələcəyə daşıya bilərlər.
Bunun üçün isə ilk növbətə stereotip və qorxu buludu mətbuatın başı üstündən getməli, jurnalistlər daim “Filankəs müəllimin zəngini” gözləməklə ürək xəstəsinə çevrilməməlidir.
KİVDF-nin dəstəklədiyi layihələrinin əksəriyyəti vətənpərvərliyin təbliğatı ilə bağlıdır. Bir çox qəzet və saytlar “Copy-paste” materiallarla bu cür layihələri illərdir sürdürür, dövlətin puluyla “dolanırlar”.
Halbuki, mətbuatımızda daha fərqli, daha rəngarəng və daha kreativ ideyaları olan gənclər də  var.
Ən azından, bölgələrdəki sosial problemlərin işıqlandırılmasına daha çox təkan verilsə, cəmiyyətdə şəffaflıq, dürüstlük yaranar. Bununla da, Siz yerlərdə baş verənlərdən daha düzgün məlumatlı olar, Prezidentin etimadını doğrultmayan məmurlar barəsində zamanlı tədbirlər görə bilərsiniz.
Təəssüf ki, son zamanlarda filan kəndin bələdiyyə sədri bəhman nazirin qohumudur deyə, ən elementar sosial şikayətlər belə mətbuatda görülməz olmuşdu.
İnanıram ki, mətbuatda azad rəqabətin yaradılması, sağlam tənqidin və sosial problemlərə yönələn araşdırma jurnalistikasının inkişafı bizim ümumilikdə cəmiyyətimizin inkişafına dəstək verəcək.
Sizə diqqətiniz üçün təşəkkür edirəm, uğurlar arzulayıram!
                                                                                                                                                                                                                                                                    Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə)
panrufat.com


Paylaş:


Müəllif : Tarix:
3-12-2019, 00:41
  


loading...
Загрузка...