reklam
» » Deputat Xəzərə görə məmurların hasarının sökülməsini istəyir - "Ölkə prezidentinin də iradəsi ortadadır"

reklam

Deputat Xəzərə görə məmurların hasarının sökülməsini istəyir - "Ölkə prezidentinin də iradəsi ortadadır"


Suraxanı Rayon Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mehdiyev Qalib Tücarət oğlunun 4000 manat inzibati cərimə edilməsi barədə qərarını ləğv edib.

ƏMDK 16 iyun 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 248.1-ci (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması) maddəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edib.

Həmin qərardan Mehdiyev Qalib Tücarət oğlunun verdiyi şikayəti 7 iyun 2019-cu ildə Suraxanı Rayon Məhkəməsi təmin edib.

Cərimənin ləğv edilməsi barədə qərardan Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsinin müdir vəzifəsini icra edən E.C.Eminov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, bu əmələ görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Məlumatlara görə, bu il Xəzərin sahilini hasara aldığına görə cəmi bir nəfər cərimələnmişdi ki, onun da cəriməsi ləğv edildi.

Xəzər sahilinin hasara alınması məsələsi uzun müddətdir ki, ictimaiyyətdə müzakirə edilir. Lakin nəticə yoxdur. Yenə də uzun sahil boyu hündür hasarlara rast gəlinir. İnsanlar çimərlik mövsümündə hasarların əlindən dənizə daxil ola bilmirlər. Nəticədə onlar çimərlik üçün nəzərdə tutulmayan yerlərdən istifadə edirlər ki, bu da sonda faciə, onların boğulması ilə nəticələnir. Məsələ Milli Məclisdə də dəfələrlə müzakirə edilib. Məsələn, hələ 2013-cü ildə o zaman deputat olan Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı dənizin bir qrup adam tərəfindən işğal edildiyini bəyan etmişdi: “Bir dəstə adam Xəzər sahillərini işğal edib. Buradan çıxırsan, Ələtə qədər dənizi görmək olmur. Birinin pulu çox, birininki az olar. Amma bu o demək deyil ki, millətin dənizini hasarlamaq olar... Dəniz xalqındır, belə özbaşınalıq olmaz. Vaxtilə qanunlarımız vardı, tikintini dənizdən 125 metr kənarda aparmaq olardı. Müəyyən təsirlərdən sonra bu, 50 metrə endirildi... Bu, bir qrup adamındırsa, Qarabağ kimi onlara verək”, deyə Rüstəmxanlı hələ 6 il öncə bildirmişdi...

Sonuncu dəfə deputat Fəzail Ağamalı da məsələni qaldırmış, bu mövzuda müvafiq qurumları tədbir görməyə çağırmışdı. Onun çıxışından təxminən 4 ay keçib. Bəs bu müddət ərzində nə dəyişib?

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, qaldırdığı məsələ barəsində təkrar danışmaq istəməsə də, fikirlərinin üzərində qalır: "Milli Məclisdə məsələ ilə bağlı demək istədiyim hər bir şeyi demişəm. Həmin fikirlərimin də üstündə qalıram ki, Xəzərlə bağlı bu cür yanaşma aradan qaldırılmalıdır. Xəzər ayrı-ayrı şəxslərin deyil, bütövlükdə xalqın nemətidir. Ona görə də əgər xalqın nemətidirsə, onu da xalq istifadə etməlidir. Deyim ki, mənim məlum çıxışımdan sonra Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xəzər sahilində 7-yə yaxın ictimai çimərlik yaradıldı. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İdea” İctimai Birliyi ilə birlikdə Xəzər sahilində ayrı-ayrı yerlərdə təmizlik işləri aparıldı. Cəmiyyətə xoş məramlı mesajlar göndərildi. Bütün bunlar çox yaxşı haldır. Ancaq yenə də təkrar edirəm ki, hansısa iş adamı, ciddi statusu olmayan şəxsin hündür və bir neçə yüz metr uzanan hasar çəkib, Xəzəri mühasirəyə alması aradan qaldırılmalıdır. Mənə elə gəlir ki, bununla bağlı cəmiyyətdə kifayət qədər məlumatlar var. Ölkə prezidentinin də çağırışı, iradəsi ortadadır. Ona görə də müvafiq qurumlar ciddi addım atmalıdır".

Deputat hesab edir ki, məsələ ilə bağlı ilk növbədə monitorinq keçirilməlidir: "Monitorinq vasitəsilə dəqiqləşdirilməlidir ki, Xəzər dənizinin Azərbaycan tərəfində olan sahilində nə üçün hasar çəkilib. Əgər hansısa ərazidə çəkilən hasar dövlət əhəmiyyətlidirsə, təbii ki, ona toxunmaq olmaz. Dövlət əhəmiyyətli məsələdən kənardırsa, hansısa məmur və ya iş adamı tərəfindən kilometrlərlə hasar çəkilibsə, dərhal bu hasarlar söküməlidir. Mənim yanaşmam budur və üzərində də dayanıram. Bundan artığını demək istəmirəm. Çünki Milli Məclisdə bu məsələni qaldırmışam və mətbuat da sağ olsun ki, gündəmdə saxlayır".


Paylaş:


Müəllif : Tarix:
18-10-2019, 11:16
  


loading...
Загрузка...