reklam
» » Vətəndaşlar Səfər Mehdiyevin “Yaşıl dəhliz”indən nə zaman keçəcək? - GƏLİŞMƏ

reklam

Vətəndaşlar Səfər Mehdiyevin “Yaşıl dəhliz”indən nə zaman keçəcək? - GƏLİŞMƏ


Tezliklə Azərbaycanın gömrük-buraxılış məntəqələrində elektron növbə sistemi tətbiq olunacaq.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov məlumat verib. O bildirib ki, gömrük-buraxılış məntəqələrində elektron növbə sisteminin tətbiqi artıq icra mərhələsindədir:

“Xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər yaxın vaxtlarda bu və ya digər gömrük-buraxılış məntəqəsində sıxlıqdan asılı olaraq gömrük nəzarətindən keçmə vaxtını özləri seçə biləcək”.

Sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər.

İsmayıl Hüseynov onu da qeyd edib ki, cari ilin fevralın 1-dən tətbiq olunan “Yaşıl dəhliz” sisteminə artıq 450 şirkət qoşulub:

“Fevral ayının əvvəlindən bizə xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdən 600-dən çox müraciət daxil olub. Hazırda 450 şirkət sistemdən istifadə edir. Qeyd etmək lazımdır ki, "Yaşıl dəhliz"in iştirakçısı olan şirkətlər tərəfindən həyata keçirilən ixrac və idxal ümumi ixrac və idxalın müvafiq olaraq 30 faiz və 22,45 faizini təşkil edir".

Danılmaz faktdır ki, Azərbaycanı sərhəd qonşularına birləşdirən keçid məntəqələrinin problemləri bitmək bilmir. Uzun növbələrin yaranması, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin lüzumsuz yoxlamalar aparması, sərhəd-keçid məntəqələrindəki şikayətləri azalmaq əvəzinə, daha da artır. Vətəndaşların ölkədən çıxması və qayıtması prosesinin sadələşdirilməsi üçün qanunlar və göstərişlər olsa da, problem həllini hələ də tapa bilmir. Qurumlar mövcud problemləri insanların mövsümlə əlaqədar gediş-gəlişinin artması ilə əlaqələndirir. Amma məlumdur ki, ilin bütün aylarında analoji problem müşahidə olunur.

Xüsusən Rusiya sərhədində yerləşən Samur gömrük- keçid məntəqəsində və Gürcüstan sərhədində yerləşən "Sınıq körpü"də hər il dəhşətli mənzərə yaranır. Ölkənin giriş-çıxış qapısında yeni qayda-qanunun tətbiqi hərəkəti tənzimləməkdən daha çox, insanları çilədən çıxarmağa yarayır. Keçid məntəqələrindən nəqliyyat vasitələrinin ləng buraxılması bir yana, piyada keçidi belə, doğru-düzgün tənzimlənmir. Bəzən 7-8 saatdan çox tıxacın yaratdığı mənzərə dözülməz həddə çatır.

Maraqlıdır, gömrük-buraxılış məntəqələrində yeni elektron növbə sisteminin tətbiqi tıxac və sıxlıq problemlərinin həllinə kömək edəcəkmi?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, “Yaşıl dəhliz”in formalaşmasına ehtiyac var:

“Nəzərə almaq lazımdır ki, “Yaşıl dəhliz”in formalaşması həm də beynəlxalq təşkilatların təkliflərindən biridir. Çünki Azərbaycan üçün beynəlxalq hesabatlarda qiymətləndirmə çox önəmlidir. Beynəlxalq hesabatlarda qiymətləndirməyə yerində təsir göstərən faktorlardan biri məhz gömrük sistemində “Yaşıl dəhliz”in olub-olmaması və necə fəaliyyət göstərməsidir. Sahibkar üçün prosedur və zaman çox önəmlidir. İdxal-ixrac əməliyyatı ilə məşğul olan sahibkar daha az prosedurlardan keçməklə və daha az zaman xərcləməklə öz fəaliyyətini həyata keçirməlidir. Eyni zamanda xaricə gedib gələn vətəndaşların da gömrük-keçid məntəqələrində vaxt itkisinin qarşısı alınmalıdır. Bu baxımdan “Yaşıl dəhliz”in formalaşması ilə yanaşı, prosedurların sayının azaldılmasına da ehtiyac var. Xüsusən Türkiyə və Gürcüstanla müqayisəli şəkildə aparılan təhlillər göstərir ki, Azərbaycanda proseduraların sayı çoxdur. Bu hal yalnız gömrük-keçid məntəqələrində deyil, eyni zamanda hava limanlarında da müşahidə olunur. Pasport yoxlanışı zamanı məlumatların bölüşdürülməsinə ehtiyac var. Yəni pasportun həm Gömrük Komitəsinin, həm də Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən yoxlanmasına ehtiyac yoxdur. Pasport bir dəfə yoxlanmalı və onun məlumatları elektron qaydada bölüşdürülməlidir. İnformasiyanın elektron bölüşdürülməsindən sonra vətəndaşın deklarasiya etməli hər hansı bir məhsulu yoxdursa, o zaman “Yaşıl dəhliz”dən istifadə etməklə qısa zamanda sərhədi keçmək imkanı qazanmalıdır”.

“Yaşıl dəhliz” sisteminin tətbiqinin vacibliyini vurğulayan analitik hesab edir ki, bu, Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması ilə yanaşı, istifadəçilərin də rahat keçməsini təmin edir:

““Yaşıl dəhliz”in formalaşması və bundan sahibkarların, eləcə də vətəndaşların daha sıx istifadə etməsi vacibdir. Digər vacib məqam isə prasedurların sayının azaldılmasıdır. Ümumiyyətlə, sərhəddə bütün dövlət qurumlarının fəaliyyəti inteqrasiya olunmalı və bir-biri ilə uyğunlaşdırılmalıdır. Məlumatların elektron qaydada inteqrasiyasına ehtiyac var. Təbii ki, bu, vətəndaşların, eləcə də sahibkarların daha qısa zaman ərzində sərhəd məntəqələrini keçməsinə şərait yarada bilər”.


Paylaş:


Müəllif : Tarix:
23-09-2019, 09:33
  


loading...
Загрузка...