reklam
» » Fikrət Verdiyev: Zeynəb xanımdan soruşdum ki, bu, nə məsələdir

reklam

Fikrət Verdiyev: Zeynəb xanımdan soruşdum ki, bu, nə məsələdir


Tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyev və həyat yoldaşı, korifey sənətkarımız Xan Şuşinskinin yadigarı, onun adını daşıyan Fondun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyevadan neçə müddət idi müsahibə götürmək istəyirdim. Odur ki, təxminən bir neçə ay öncə müsahibə ilə bağlı Bəyimxanım xanıma müraciət etdim və ondan ilkin razılıq aldım.
Sonra müəyyən səbəblərdən söhbətimiz bir qədər gecikməli oldu və bu günlərdə Fikrət Verdiyevin əsasını qoyduğu, yaradıcısı olduğu məşhur “Göygöl” ansamblının yaranmasının nə az, nə çox, düz 50 illiyinin tamam olması xəbərini aldım.
Bununla bağlı bir daha müsahibə üçün Bəyimxanım xanımla əlaqə saxladım və vaxt təyin etdik. Təxminən iki saat davam edən müsahibədə bir çox məsələlərdən - yaradıcılıqdan, sənət aləmindən, sənətkarlardan və digər məsələlərdən danışdıq.
Beləliklə, Oxu.Az-ın müxbirinin suallarını tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyev və həyat yoldaşı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyeva cavablandırır:
- İstərdik ki, söhbətimizə elə müsahibədən əvvəl danışdığımız məsələdən başlayaq. Dediniz ki, zamanında, elə indinin özündə də rayonlardan, bölgələrdən olan gənc sənətçilərlə ünsiyyətdə olmusunuz, onların bir çoxunun tanınmasında yaxından iştirak etmisiniz. Hətta Ağcabədidən olan bir gənclə bağlı maraqlı bir əhvalatın da olduğunuzu bildirdiniz. Odur ki, gəlin, elə həmin əhvalatdan başlayaq...
“Heç bir işdə təmənna güdməmişəm, güdmərəm də”
Fikrət Verdiyev:
- Bir dəfə “Xəzər” telekanalında tanınmış aparıcı Səyyafın verişilinə baxırdım, gördüm ki, Rasim adlı bir qoca kişi deyir, Xan Şuşinski mənə Ləhcə ləqəbini verib, yəni Rasim Ləhcə. Özümə sual verdim ki, görəsən, axı bu haradan tanıyır Xan əmini, onunla Xan əminin nə əlaqəsi?!
Verilişin aparıcısı dedi ki, görünür, kiminsə ləhcəsində, üslubunda oxumusan ki, sənə Ləhcə ləqəbi verilib. O da dedi, düzdür. Dedi, onda başla oxumağa. Həmin şəxs başladı Cabbar Qaryağdıoğlunun ləhcəsində, üslubunda oxumağa, sonra Mütəllim Mütəllimovun, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun ləhcəsi ilə oxudu.
Mənə də həmin ərəfədə Gəncə şəhər rəhbərliyindən xəbər çatdırılmışdı ki, Novruz bayramında böyük bir heyətlə gəzə-gəzə gələcəyik, Fikrət Verdiyev bizi Qurban Pirimovla Cabbar Qaryağdıoğlunun heykəlinə çatanda trio ilə qarşılasın, bir muğam havası ifa etsin. Açığı deyim ki, həmin vaxt Gəncədə elə güclü muğam oxuyan yox idi.

Novruza 10 gün qalmışdı, dedim, elə bu kişi mənim işimə əla yarayar, deyim, gəlib bizim trio ilə muğam oxusun. Dərhal Ağcabədidəki dostlara zəng etdim ki, Rasim Ləhcəyə deyin, mənimlə əlaqə yaratsın, işim var. Heç bir saat keçməmiş mənə zəng etdi. Dedim ki, Rasim kişi, Gəncəyə gəlin, işim var sizinlə. Dedi ki, oğlumu da özümlə gətir bilərəm? Dedim ki, oğlun nə iş görür? Dedi ki, o da oxuyur, dedim ki, onda gətir.
Gəldilər, gördüm ki, qarayanız, 30-35 yaşlarında bir oğlandır, Gəncə Dövlət Filarmoniyasında tarı köklədim, bu ata-balanı “Zabul segah”ın zilinə çəkdim. Gördüm ki, ata da gözəl oxuyur, oğlu isə lap əla oxuyur, haradan istəyirsən, oradan cavab verir, bir sözlə, uzunbəla.
Həm də gördüm ki, Rasim kişinin səsi mən dinlədiyim səs deyil, bir qədər xırıltı var. Dedim, Rasim kişi, həmin çəkiliş nə vaxt olmuşdu, dedi ki, iki il qabaq, indi 63 yaşım var, onda isə 61 yaşım. Dedim, siqaret çəkirsən, dedi, hə, gündə üç “paçka”, dedim, araq içirsən, dedi, gündə yarım litr. Dedim, işləri düzəltmisən ki. (gülür)
Dedim ki, bunlardan sonra hələ də səsin qalıbsa, oxuya bilirsənsə, ata-bala ikiniz də mənliksiniz, birgə çalışacağıq. Beləliklə, bunlarla məşqə başladım, Novruz bayramında adıçəkilən heykəlin qabağında trionun müşayiəti ilə bunlar gözəl muğam ifa etdilər. Şəhər rəhbərliyi dedi ki, bunlar kimdir, haradan tapmısan, çox gözəl oxuyurlar, oğlanı heç əlindən buraxma. Cavab verdim ki, elə mənim də fikrim belədir.
Dedim ki, Rasim kişi, sən get, oğlun qalsın, onu Gəncə Dövlət Filarmoniyasına işə götürürəm. Dedi, elə mənim də arzum bu idi, oğlumun gözəl səsi var, itib-batmasın. Eşitmişəm ki, belə istedadlı gəncləri bir-bir tapıb üzə çıxarırsan, mənim də arzum idi ki, oğlum qabağa çəkilsin, tanınsın, bu, elə mənə bəsdir.
Beləliklə, həmin gənc oğlanı filarmoniyaya işə götürdüm, onu Xan Şuşinski Fondunun xətti ilə Fransaya apardım, telekanallara çıxardım, Beynəlxalq Muğam Mərkəzində böyük sənətkarımız Arif Babayevlə tanış elədim. Artıq bu gün hamı onu tanıyır, sənət aləmi də bilir ki, Anar kimdir.
Belə gəncləri, istedadları tapıb ortaya çıxardıqca ləzzət alıram. Bu işləri görərkən heç bir təmənna güdmürəm, güdməmişəm, güdmərəm də. Ömrü boyu belə bir şey ola bilməz. Hətta təklif edəndə ki, gedib çörək yeyək, dərhal deyirəm ki, o zaman hesabı özüm verəcəm. İstəmirəm desinlər ki, Fikrət Verdiyevə kabab qonaqlığı veriblər. Belə şeylərdən uzaq olmuşam hər zaman...
“İstedad, ilahi vergi olmasa, kimisə müğənni, ifaçı və ya tarzən, kamanzən etmək  mümkün deyil”
- Yaradıcısı və rəhbəri olduğunuz “Göygöl” ansamblının yaranmasından düz 50 il keçir, bu ay yarım əsrlik yubileyinizdir. Bu müddət ərzində tarzənləri demirəm, muğam, mahnı ifaçılarından daha kimlərin qolundan tutub səhnəyə gətirmisiniz, onların dəqiq sayını bilirsinizmi?
- Vallah, sayları çoxdur, sadalamaqla qurtarmaq olmaz. Elə söhbətə başlamazdan əvvəl sizin də tanış olduğunuz, azacıq da olsa ifasını dinlədiyiniz Faiqi götürək. Əslən Xocalıdandır, məcburi köçkün kimi biz tərəflərdə yaşayır. Gördünüz ki, necə gözəl səsi, boğazı var.
Onun da istedadı olmasaydı, götürməzdim. İstedad, ilahi vergi olmasa, kimisə müğənni, ifaçı və ya tarzən, kamanzən etmək mümkün deyil. Gərək öncə insanın özündə olsun. Amma təbii ki, onları axtarıb tapmaq, irəli çəkmək də lazımdır. Muğamları gözəl bilsəm də, oxuyan deyiləm, sadəcə, lazım gələndə zümzümə edirəm, gənc istedadlara yön verirəm ki, belə oxuma, belə oxu, belə eləmə, belə et... Zamanında Şahnaz xanımla, rəhmətlik Rövşən Behcətlə, digərləri ilə də belə etmişəm...
“Dədəm gülə-gülə dedi ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz, pulu geri alacağam”
- Bir sualdan digərinə keçirəm, ümumiyyətlə, nə vaxtdan bu sənətdəsiniz?
- Ümumiyyətlə, 14 yaşımdan Gəncədəki keçmiş Pionerlər Evindəki musiqi-tar dərnəyinə rəhbərlik edirdim. 1961-ci ildə xəbər gəldi ki, mərhum Əfrasiyab Bədəlbəyli Bakıda keçmiş Dzerjinski, indiki Şəhriyar adına klubda uşaq ansambllarının festivalını təşkil edir.
Bunu eşidən kimi çox sevindim, dərnəyimizdə 20-22 uşaq vardı, müdirimizə dedim ki, ansamblı yaxşı hazırlamışam, yol pulumuzu verin, gedək, festivalda özümüzü sınayaq. Gördüm ki, nəsə alınmır, pul yoxdur, gəldim dədəmə dedim ki, ay dədə, ansamblı festivala aparmalıyam, amma pul yoxdur. Az vəsait tələb olunmurdu.
Dedi, nə qədər lazımdır ki? Dedim ki, bəs gedib-qayıtmaq pulu, bir də özüm üçün bir az cibxərcliyi versən, bəsdir. Dədəm gülə-gülə dedi ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz, pulu geri alacağam.(gülür)
Atam həm gediş, həm dönüş biletlərimizi aldı, beləliklə, Bakıya gəldik və iki gün burada qaldıq, festivalda iştirak etdik. Festivalda Azərbaycanın hər yerindən gənc istedadlar, ansambllar iştirak edirdi, çox gərgin bir yarış gedirdi və sonda bizim ansambl birinciliyi qazandı.
Qayıdandan bir az sonra - 15-16 yaşlarımda artıq məni işə götürdülər. Hansı ki o vaxtlar belə məsələ mümkün deyildi, bu yaşlarda heç kimi işə götürmürdülər. Məni isə 1963-cü ildə, 16 yaşım tamam olmamış işə götürdülər, əmək kitabçamda indi də  durur.
Sonra Gəncə Şəhər Mədəniyyət Evində fəaliyyət göstərməyə başladım, orada  ansambla rəhbərlik edirdim. Daha sonra Qənbər Hüseynli adına Gəncə Şəhər orta-ixtisas Musiqi Məktəbini (Texnikumunu) oxuya-oxuya həm Daşkəsəndə müəllimlik edirdim, həm indiki Samuxda fəaliyyət göstərirdim.
Həmin vaxt Samux rayonu Xanlar (indiki Göygöl) rayonuna baxırdı, amma Samuxda musiqi məktəbi yox idi. Orada  Xanlar rayon musiqi məktəbinin filialının açılışına nail oldum, musiqi məktəbinin təməlini qoydum. Sonra Gəncədə təhsil aldığım Musiqi Məktəbində dərs deməyə başladım.
Beləliklə, 1967-ci ildə gəlib Bakıda ozamankı Konservatoriyaya (indiki Bakı Musiqi Akademiyasına) qəbul olundum, mərhum Adil Gərayın tələbəsi oldum. Bu gün də fəxr edirəm ki, Adil Gəray kimi bir pedaqoqun tələbəsiyəm. 
O, hər zaman mənim kimi tələbəsi olduğu üçün fəxr etdiyini deyərdi. Konservatoriyada oxuduğum illərdə, artıq ikinci kursdan Müslüm Maqomayev adına Filarmoniyaya gedib-gəlirdim, hər dəfə görürdüm ki, gözəl ansambllar var, adama ləzzət edir. Bunları görərkən məndə bir qədər yaxşı mənada paxıllıq hissi yaranırdı ki, Gəncə kimi dahilərin, korifeylərin məskənində niyə mahnı və rəqs ansamblı olmasın?
Axı Gəncədə cabbarlar, xanlar, seyid şuşinskilər, digərləri yaşayıblar, yaradıblar, bizim niyə ayrıca ansamblımız olmasın ki?! Axı Gəncədə də gözəl musiqiçilər var, axtarıb tapmaq olar. Bu düşüncələr mənə rahatlıq vermirdi. Gəldim Gəncəyə, rəhmətlik Rövşən Behcət vardı, yəqin ki, tanıyarsınız...
“Biletlərimizi alıb xəlvətcə ansamblla birlikdə Gəncədən Bakıya, AzTV-yə gəldik”
- Yaxşı tanıyıram, özünəməxsus ifa tərzi olan sənətkarlardan idi. Kimsəni yamsılamır, təqlid etmirdi...
- Tamamilə, düz deyirsiniz, Allah rəhmət eləsin, çox gözəl ifa tərzi olan sənətçimiz idi. O vaxtlar Gəncədə yerləşən Alüminium Zavodunda fəhlə işləyirdi. Onun bir dəfə ifasını özfəaliyyət ansambllarının konsertində eşitmişdim və çox ürəyimə yatmışdı. Rövşənə dedim ki, gəl yanıma. Beləliklə, 1969-cu ildə Gəncədə ayrıca mahnı ansamblı yaratmağa başladım.
Kubra adlı qız vardı, onu da ansambla götürdüm və bununla, yavaş-yavaş fəaliyyətə, məşqlərə başladıq. Bu barədə heç kimə heç nə demədik. Böyük tarzən, rəhmətlik Baba Salahov və yerlimiz, tanınmış dirijor və bəstəkar Nəriman Əzim Gəncəli ilə konservatoriyada oxuyandan səmimi münasibətlərimiz yaranmağa başlamışdı.
Bir gün onları da götürüb gətirdim Gəncəyə, ansamblı dinləməyə başladılar. Dedilər ki, ay Fikrət, çox əla, elə bu dəqiqə səhnəyə, efirə çıxacaq vəziyyətdədirlər. Gəncədən qayıdıb Bakıya gəldilər, AzTV ilə danışdılar, bizə efir vaxtı aldılar. Martın ayının 30-u idi, xəlvətcə biletləri alıb, ansamblla Gəncədən Bakıya, AzTV-yə gəldik.

Gəncə rəhbərliyi xəbər tutur ki, AzTV-də Gəncə “Göygöl” ansamblının konserti gedəcək. Dərhal Gəncənin ikinci katibinə zəng edirlər ki, sənin bundan xəbər var, deyir ki, yox, zəng edirlər Mədəniyyət Şöbəsinin müdirinə, deyir ki, heç nədən xəbərim yoxdur. Gözləyirlər ki, görək axı kimdir, baxırlar ki, mənəm, ansamblla bir yerdə efirdə konsert proqramı ilə iştirak edirəm. Deyim ki, gözəl də bir konsert proqramı ilə çıxış etdik və qayıdıb gəldik Gəncəyə.
“Gəncənin birinci katibi məni qapının qarşısında qarşıladı”
- Sizə buna görə bir söz deyilmədi ki?
- Gəncəyə yeni qayıtmışdıq ki, bir də gördüm ikinci katib mənə zəng edir. Dedi ki, təcili “Qorkom”a gəl, səninlə işim var. Elə içəri yenicə girmişdim ki, ikinci katib başladı, nə başladı, dedi, yekə kişisən. Dedim, ay kişi, mən nə qəbahət iş görmüşəm axı?
Dedi ki, gedirsən, heç olmasa, bir xəbər elə, avtobus verək, ansambl üzvlərinə paltar tikdirək, bu, nə işdir, görmüsən... Dedim ki, yaxşı eləmişəm. Götürüb birinci katibə zəng etdi ki, filankəs yanımdadır, dedi ki, gəlin. Otağına girən kimi birinci katib düz gəlib qapısının ağzında məni qarşıladı, qucaqladı. Dedi ki, kim sənə demişdi ki, ansambl düzəlt, dedim ki, heç kim, özüm təşkil etmişəm. Dedi, çox sağ ol, əhsən.
Onu da soruşdu ki, partiyanın üzvüsən, dedim ki, xeyr. Dedi ki, saat 12-də Büroya gələrsən, dediyi vaxtda da gəldim. Büro üzvlərinin yanında soruşdu ki, Verdiyev, ansambl necədir, dedim ki, əla. Dedi ki, səni təbrik edirəm, artıq bu gündən partiyanın üzvüsən. Həmin gündən partiyanın üzvü oldum. 1969-cu ildən 1977-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərdik.
Həmin vaxtlar rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev keçmiş Lenin Sarayında, o cümlədən, digər dövlət saraylarında keçirilən dövlət konsertlərində iştirak edirdi və iki konsertdən birinə biz mütləq dəvət olunurduq. İki aydan, ay yarımdan bir Bakıda konsert salonlarında idik. Rövşən Behcətlə, sonra Şahnaz Haşımova ilə gəlirdik, gözəl konsert proqramı ilə çıxış edirdik.
“Göygöl”ün dövlət statusu alması, onun fəaliyyətə başlaması məhz Heydər Əliyevin adı ilə bağlıdır”
- Şahnaz xanım nə vaxtdan sizin ansambla gəldi?
- Şahnaz xanım “Göygöl”ə gələndə 16 yaşı vardı, onu özüm ansambla dəvət etmişdim. Bizimlə konsertlərə gedirdi. Bu yerdə bir haşiyəyə də çıxmaq istərdim. Artıq 1977-ci il idi, o vaxt Gəncənin birinci katibi Əsgər Məmmədov idi. Bir gün hansısa məsələ ilə bağlı Əsgər müəllim rəhmətlik Heydər Əliyevin yanında imiş.
Ulu öndər ondan soruşur ki, Əsgər, “Göygöl” ansamblı maaş alırmı, deyir ki, onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Deyir, necə yəni ictimai əsaslarla? O cür gözəl ansambl maaş almır, bunu niyə mənə demirsiniz?
Əsgər müəllim deyir ki, bəs üç aydır Nazirlər Sovetinin sədrinə yazıb göndərmişik, hələ bir xəbər yoxdur. O zamanlar Nazirlər Sovetinin sədri rəhmətlik Əli İsmayılov idi. Bunu deyən ki, Ulu öndər düyməni basır, Əli  müəllimə deyir ki, “Göygöl” ansamblı səni maraqlandırmır?
Deyir ki, maraqlandırır, Heydər Əliyev qayıdıb deyir ki, üç aydır sənədlər sənin qabağındadır, niyə məsələni həll etmirsən, dərhal bu məsələni həll elə. Elə də olur, məsələ dərhal həllini tapır. Yəni “Göygöl”ün dövlət statusu alması, onun fəaliyyətə başlaması məhz o kişinin adı, xidmətləri ilə bağlıdır.
Bir də gördüm ki, Əsgər müəllim Əli müəllimin yanından mənə zəng vurub dedi ki, qol çəkildi, ansambla 75 nəfərlik ştat ayrıldı, dərhal Bakıya gəl. Bunu eşidən kimi hansı hisslər keçirdiyimi bir Allah bilir, sevincimdən qanad açıb uçmaq istəyirdim.
İlk dəfə idi Bakıdan sonra Azərbaycanın ikinci şəhərində Dövlət Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərməyə başlayırdı. Bakıya gəldim, mədəniyyət naziri qəbul etdi, digər yoldaşlarla görüşdüm.
Bizə dörd avtobus, bütün avadanlıqlar, aparatlar, hər şey verildi. Hamısını yığıb Gəncəyə yollandım. Növbəti məsələ ortaya çıxdı, çünki “Göygöl” həm də rəqs ansamblı kimi getdiyinə görə 36 nəfər rəqqas tələb olunurdu.
Gəncədə cəmi 5-6 rəqqas var idi. Gəncədə də kim idi oğlunu, qızını rəqqaslığa göndərən, bir qədər mühafizəkar yanaşma vardı. Gəldim gözəl rəqqasımız, Xalq artisti, mərhum Kamil Dadaşovun yanına.
Dedim ki, Kamil müəllim, bizə kömək edin, 12 oğlan, 12 qız rəqqas seçək. Dedi ki, mənim gözlərim üstə. Gəldik indiki Neft Akademiyasına, digər ali məktəblərə, seçim etməyə başladıq. Çünki rəqqasların gərək uzun, şux qamətləri olsun.
Beləliklə, axtarıb, içlərindən tapdıq, 12 oğlan, 12 qız. Oradan da çıxıb birbaşa vağzala gəldik. Birdən həmin rəqqasların valideynləri soruşdu ki, Fikrət müəllim, bunlar hansı maaşa işləyəcəklər? Dedim ki, bizdə maaşlar 90-130 rubl arasındadır.
Dedilər ki, bu pulla, bu maaşla onlar Gəncədə nə edəcəklər, bu pulu ev kirayəsinə verəcəklər, yemək-içməyə verəcəklər, özlərinə cehiz alacaqlar, yoxsa nəyə? Dedim ki, düz deyirsiniz, bu pulla bir şey etmək olmaz. Mən də o vaxt toylara gedirdim rəhmətlik Məmmədbağır Bağırzadə ilə, Aftandil İsrafilovla, digərləri ilə. Azərbaycanın hər qarışını gəzirdik, Azərbaycandan vurub Özbəkistana, oradan Gürcüstana çıxırdıq, məclislərdə iştirak edirdik. Yəni yaxşı qazanırdıq.
Dedim ki, məsələ mənlikdir, özüm kömək edəcəm. Beləliklə, onları götürüb Gəncəyə gətirdim, hoteldə yerləşdirdim, nə lazımdırsa, etdim. İndi bu haqda daha geniş danışmaq istəmirəm, çünki belə şeyləri xoşlamıram. Sonra bunların hərəsini bir yerə işə düzəltdirdim, yəni ikinci iş yerləri də əldə etdilər. Kimə ərkim çatırdı, xahişlərini edirdim.
Sonra onların ev, mənzil məsələsini qaldırdım, birinə dörd otaqlı, birinə üç otaqlı mənzil aldıq və beləliklə, hər şey yoluna qoyuldu. Bundan sonra necə deyərlər, həm Mahnı, həm Rəqs Ansamblı kimi həm Gəncədə, həm Azərbaycanımızın hər bir guşəsində, həm də xaricdə - keçmiş Çexoslovakiyada, keçmiş Almaniya Demokratik Respublikasında, Türkiyədə, Rusiya Federasiyasının şəhərlərində konsertlər verməyə başladıq, böyük uğurlar qazandıq.
Həmçinin, ansamblımıza böyük axın baş verdi. Bir ucu Qarabağdan, bir ucu Qazaxdan, hər yerdən ansamblımıza üz tutanlar var idi.
“Fikrət Əmirov dedi ki, halal olsun, Fikrət, öz cavanlığımı səndə görürəm”
- Məsələn, kimlər?
- Qazaxdan Şəhadət Ömərov var idi, çox gözəl səsə malik ifaçıdır, sonradan Əməkdar artist oldu, onu da ansamblımıza götürdük. Qarabağdan Vaqif Hüseynov vardı, bir gün o bizə müraciət etdi. Düzünü deyim ki, böyük axın olduğu üçün ştatda yer yox idi. Gördüm ki, gözəl “Segah” oxuyur, çox ürəyimə yatdı. Dedim, bəlkə, səni işə götürə bildim. Sən demə, bu “bəlkə” sözünü bir qədər ayrı cür başa düşüb.
Siqaret çəkirdim, gördüm ki, çəkinə-çəkinə mənə tərəf yaxınlaşır, dedim nə məsələdir, dedi ki, atam deyir ki, yanıbalalı camışımız var, onu aparıb bağlayarsan Fikrət müəllimin qapısına. Dedim bala, mən səni başa düşdüm nə demək istəyirsən, gəl, belə danışaq, mən özüm bir dənə camış alacam, onu aparıb bağlayarsan camışınızın yanına, olar iki camışınız.
Amma şərtim odur ki, yaxşı oxuyacaqsan, sözə, deyilənə əməl edəcəksən. Çox sevindi. Sonra onu işə götürdüm, Bakıya gətirdim, efirə çıxardım, çox gözəl oxuyurdu.
Yeri gəlmişkən, dövlət statusu veriləndən sonra bizə 6-7 ay vaxt verildi, deyildi ki, hazırlaşmalısınız, geniş konsert proqramı ilə çıxış etməlisiniz. Kamil Dadaşova dedim ki, qalırsan, uşaqlarla məşğul olursan, hər şey gözəl alınmalıdır. Tanınmış rəqqaslarımız Roza Cəlilova, Əlibaba Abdullayev Gəncəyə  gəldi, rəqs nömrələri hazırladılar.
Moskvadan tanınmış bir rus rəqqas, baletmeyster də gəldi, o da uşaqlarla məşq etdi, rus, digər xalqların rəqs nömrəsini hazırladı. Çünki Gəncədə ruslar da, yəhudilər də, digər millətlər də yaşayırdı, beynəlmiləl bir şəhər idi. Konsert proqramı da məhz beynəlmiləl olmalı idi.
Korifey bəstəkarımız Cahangir Cahangirovu Gəncəyə dəvət etdim, 20-25 gün Gəncədə qaldı. Bizdə o vaxt şair Rübail vardı, gözəl şeirlər yazırdı, onun sözləri manhılara gözəl yerləşirdi. Rübaili dəvət etdim, dedim ki, Cahangir müəllim, bununla işləyə bilərsiniz.
Cahangir müəllim həmin günlərdə oturub xeyli musiqi, mahnı bəstələdi. Həmin vaxtlar Firuzə İbadova da bizim ansamblda oxuyurdu. Onun, Rövşənin, Şahnaz xanımın ifasında bir-bir həmin mahnılar yazılır, səsləndirilirdi. Bundan başqa, Ramiz Mirişlini, Emin Sabitoğlunu dəvət etdim, gəldilər, məhz “Göygöl” ansamblı üçün manhılar, əsərlər yazıb, ansamblla məşq edib, getdilər. Hansı ki o vaxta qədər heç yerdə eşidilməmişdi.
Bir gün Cahangir müəllimə dedim, yaxşı olardı ki, gəlib özünüz ansamblla məşq edəsiniz, onları siz hazırlayasınız. Ümumiyyətlə, Cahangir müəllim heç yerdə səslənməyən, sırf “Göygöl” ansamblı üçün mahnılar, rəqslər, süitalar yazırdı. Rövşənin ifasında olan məşhur “Göygöl” mahnısı da onda yaranmışdı.
Cahangir müəllim ansamblla məşq edir, mən də kənarda oturub baxırdım. Hava isti idi, möhkəm tərləmişdim, birdən qayıdıb dedi ki, Fikrət, bəylərlə plov yemirəm ki, bığım yağa batar, amma səni o qədər çox istəyirəm ki, ona görə məşqi özüm aparıram.
Dedim ki, Cahangir müəllim, məhz elə ona görə sizin məşq aparmağınızı istəyirəm, çünki gözəl sənətkarsınız. Sonra Kamil Dadaşov rəqs qrupu ilə məşqləri bitirdi və dedilər ki, artıq proqramı  təhvil vermək lazımdır. Korifey sənətkarımız, böyük bəstəkarımız Fikrət Əmirov, ozamankı mədəniyyət naziri, rəhmətlik Zakir Bağırov və başqa yoldaşlar gəldilər, iki yüz nəfərlik zalda proqrama baxış keçirdilər.
Mən də onlarla bir yerdə əyləşmişdim, çünki ansamblın rəhbəri kimi artıq mən ifa edə bilməzdim. Proqram başladı, nə başladı, gözəl ifalar, deyişmələr, gözəl, müxtəlif xalqların rəqslərindən ibarət rəqs nümunələri bir-birini əvəzlədi. Bu zaman  gördüm arxadan səslər gəlir, insanlar bir-birinə deyirdi ki, görəsən, bura Gəncədir, yoxsa başqa yer.
Axı insanların xəbəri yox idi ki, biz neçə aylardır bunun üzərində çalışmışıq, belə bir kollektiv ərsəyə gətirmişik. Tədbir başa çatdı, Fikrət Əmirov səhnəyə dəvət olundu, mən də onunla səhnəyə çıxdım. Dedi ki, halal olsun sənə, Fikrət, öz cavanlığımı səndə görürəm, sözüm yoxdur, belə davam elə. Həmin gündən rəsmi statuslu ansambl kimi  fəaliyyət göstərməyə, saysız-hesabsız konsertlər verməyə başladıq.
Bəyimxanım Cavanşirova-Verdiyeva:

- Mənə elə gəlir ki, Fikrət müəllim təvazökarlıq edib, bəzi məsələləri demək istəmir, amma elə bilirəm ki, onların deyilməsi, bilinməsi lazımdır. Məsələn, “Göygöl” ansamblı hələ dövlət statusu almazdan əvvəl, yəni ictimai əsaslarla fəaliyyət göstərdiyi və bəzi ansambllar dövlər statusunu daşıdığı halda, məhz bu ansamblın Azərbaycan Dövlət Filarmoniyasında solo konsertləri olurdu.
Bu, indi kimlərəsə adi bir məsələ kimi görünə bilər, amma elə deyil, o dövrlərdə filarmoniyada solo konsert vermək heç də hər ansambla nəsib olmurdu. Eyni zamanda, indi Ulu öndərimizin adını daşıyan Respublika, keçmiş Lenin adına Sarayının açılışına heç bir dövlət statusu olmadığı halda, “Göygöl” ansamblının dəvət olunması balaca bir məsələ deyildi.
Görün, bu ansambl respublikaya nə cür səs-səda salmışdı ki, onu statusu olmaya-olmaya bu cür mötəbər tədbirə və digər dövlət konsertlərinə dəvət edirdilər. Heç bir statusu olmayan ansambl Azərbaycanın hüdudlarını aşaraq, keçmiş SSRİ-nin bir çox məkanlarında konsertlər verirdi.
Bu gün Gəncədə analoqu olmayan, gözəlliyi ilə göz oxşayan Dövlət Filarmoniyası fəaliyyət göstərir. Bu filarmoniya məhz “Göygöl”ün bazası əsasında yaranıb. Yəni “Göygölü”ün bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət müəllim filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa, notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də təşkil edib.
1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası açılarkən məhz Fikrət müəllimin özünün təşəbbüsü və təklifi ilə bu sənət məbədgahına korifey sənətkarımız, böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib. 1987-ci ildə Əməkdar artist, 2014-ci ilin fevral ayının 13-də Xalq artisti adı ilə, həmçinin, bir çox fəxri fərman və mükafatlarla təltif olunub.
Bununla yanaşı, “Göygöl”də Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər çıxış ediblər. Bunları da demək lazımdır.
Fikrət Verdiyev:
- Təxminən 70-ci illərin əvvəllərində muğama həvəs bir qədər azalmışdı. Həmin vaxtlar böyük maestromuz Niyazi filarmoniyanın direktoru işləyirdi. O vaxt bizi ayda ən azı üç dəfə filarmoniyaya solo konsertə dəvət edirdi. İnanın, həmin konsertlərə bilet tapmaq olmurdu. Ansamblımızın belə populyar, şöhrətli vaxtları var idi.
Elə yadıma düşmüşkən bir məqamı da deyim. O vaxt böyük sənətkarımız, gözəl gitara ifaçımız Rəmişlə yaxşı münasibətlərimiz var idi, dostluq edirdik, bu gün də əlaqələrimiz davam edir. Mənə də “brat” deyirdi, dedi, “brat”, nə olar bir dəfə də məni ansamblla filarmoniya səhnəsinə çıxar. Dedim ki, olar, niyə olmur.
Gəldim Niyazinin yanına, dedim ki, mənim afişama Rəmişin də adını yazın. Əvvəl bir az tərəddüd elədi, dedi ki, işçim deyil, heç yerdə işləmir. Elə dərhal rəhmətlik Niyazinin yanından katibəmə zəng vurdum, dedim ki, bu gündən Rafiq Hüseynovun əmrini yazırsınız, gəlib imzalayacağam.
Beləliklə, afişada mənim, Rövşən Behcətin, altda isə Rəmişin adı yazıldı. Siz təsəvvür edə bilməzsiniz ki, nə cür konsert keçdi. Zalda ayaq üstdə belə durmağa yer yox idi, iynə atsan, yerə düşməzdi, hələ bayırda gözləyənləri demirəm.
Beləliklə, üç gün möhtəşəm bir konsert proqramı verdik. Təxminən üç ay sonra yenidən Bakıya, filarmoniyaya gələndə gördüm, afişaya yazılıb ki, ifa edir Rəmiş. Gəlib gülə-gülə dedim, maestro, nə məsələdir? O da gülə-gülə cavab verdi ki, əla sənətçidir, konsertləri də anşlaqla keçir, zalda yer tapılmır. Mən özüm də gitara çalan idim, amma Rəmişi özümdən üstün bilib deyirdim ki, qoy, o ifa etsin, mən tarda ifa edərəm...
“Zeynəb xanımın Gəncədə 10 günə 40 konserti təşkil olundu, hamısı da canlı ifa”
- Böyük sənətkarımız Zeynəb xanımla uzun illər bir ansamblda çalışmısınız. Onunla əməkdaşlığınız necə yarandı?
- Səhv etmirəmsə, 1971-ci il idi. Bir gün böyük sənətkar Ələkbər Tağıyev mənə zəng etdi. Mənə Gəncə ləhcəsi, şivəsi ilə “Lələ” deyərdi. Dedi ki, “Lələ”, bir bizə gələrsən, dedim ki, gələrəm.
Gələndə gördüm ki, Zeynəb xanım da Ələkbər müəllimin yanındadır, məni görən kimi əl verib görüşdü, dedi ki, Fikrətin haqqında eşitmişəm, yaxşı sənətçidir. Ələkbər müəllim dedi ki, “Lələ”, səninlə fəxr edirəm, mən də cavab verdim, elə biz də sizinlə fəxr edirik ki, belə bir yerlimiz, sənətkarımız, bəstəkarımız var. Dedi, “Lələ”, bir yerdə işləyəkmi, dedim ki, işləyək.
Zeynəb xanım üçün gözəl repertuar hazırlandı və həmin il onun Gəncədə konserti təşkil olundu. Siz özünüz təsəvvür edin ki, nə cür konsert oldu. Zeynəb xanımı Gəncənin hər yerinə apardıq, bütün ali məktəblərdə, zavodlarda konsertlərini təşkil etdik.
10 gün ərzində günə dörd konsert olmaqla, 40 konsert təşkil olundu, hamısı da canlı ifa, fonoqramsız. Arada cəmi 20 dəqiqə fasilə olurdu, bir stəkan çay içib, paltarını dəyişib, yenidən səhnəyə çıxırdı. Sonra rayonlarda, şəhərlərdə stadionlarda konsertlər verirdik. Elə olurdu ki, bir ay ərzində onunla 25 gün stadionlarda konsertlər verirdik...
Bəyimxanım Cavanşirova-Verdiyeva:
- Həmin vaxtlar artıq Zeynəb xanım “Əfsanə” adlı ansambl yaratmışdı və Fikrət müəllimi tarzən kimi ansamblına dəvət etmişdi. Fikrət müəllimin fəaliyyəti, yaradıcılığı çoxşaxəlidir. Həm gözəl tarzən, həm gözəl saz, həm gözəl gitara ifaçısıdır, həm də uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.
Tarla bərabər, bu alətlərdə də gözəl ifa edir. Həm öz milli musiqilərimizin, muğamlarımızın, həm bir çox xalqların milli musiqi nümunələrinin gözəl ifaçısıdır. Mənim bütün sənətkarlara, bütün tarzənlərə böyük hörmətim var, özüm də sənətkar ailəsində anadan olmuşam, atam başda olmaqla, dahilər, sənətkarlar mühitində böyümüşəm, amma Zeynəb xanım digər böyük sənətkarlar ola-ola məhz Fikrəti ansamblına çağırdı.
Fikrətin gözəl idarəçilik, təşkilatçılıq qabiliyyəti vardı və və bu gün də elədir. Onun kimi ikinci bir təşkilatçı tapmaq çox çətindir. O, bir işə yanaşırsa, qol qoyursa, ona bütün enerjisini, gücünü sərf edir, sevgisini, ürəyini qoyur və nəticədə, ona tapşırılan işi əla səviyyədə edir. Həmin vaxt Bakıdan Gəncəyə beş dəfə təyyarə reysləri vardı.
Səhər reysi ilə gəlirdi Bakıya, Zeynəb xanımla, “Əfsanə” ansamblı ilə məşq edir, konsertlərə qatılırdı, sonrakı reyslə qayıdıb yenidən Gəncəyə gəlir, “Göygöl”lə məşq edir, axşam isə Gəncədə konsert proqramı ilə çıxış edirdi. Yəni paralel şəkildə həm “Göygol”də, həm Zeynəb xanımın “Əfsanə” ansamblında çalışırdı.
Zeynəb xanımla 40-a yaxın qastrol səfərində olublar - ABŞ-da, Almaniyada, Yaponiyada, Əfqanıstanda, Yunanıstanda, Liviyada, İraqda, Türkiyədə... Xarici, tanınmış müğənnilərin  Gəncəyə səfərlərini ilk dəfə məhz Fikrət müəllim təşkil etmişdi.
Radmila Karaklaiçi, Müşərrəf Akayı, Mixail Boyarskinini, o zamanlar Almaniyada, hazırda isə ABŞ-da yaşayan qarmon ifaçısı Rəhmanı, digər sənətkarları Gəncəyə dəvət edərək, gəncəlilərin zövqünü, ruhunu oxşayan gözəl konsert proqramları təşkil etmişdi. Gəncə qaynayırdı, sanki musiqi bayramı idi. Hətta konsertlər olan zaman mənə də, rəhmətlik anasında deyirdi ki, siz də hazırlaşın, konsertə gəlin.
O vaxt konsertlərə daha çox kişilər gəlirdi, qadınlar bir az çəkinirdilər. Deyirdi ki, siz gəlin, camaat da görsün ki, ailəvi şəkildə konsertdə iştirak edirik, o zaman başqaları da xanımları, bacıları, anaları ilə gələcəklər. Bəzən Gəncənin vəzifəli şəxslərinə də zəng edirdi ki, gələndə xanımlarınızla gəlin. Deyirdi ki, tək kişilərlə olmaz, qadınlar da bu konsertlərdə iştirak etməlidirlər, bunlar da mədəniyyətin inkişafına bir töhfədir. Bax mədəniyyətə, sənətə xidmət budur.
Fikrət Verdiyev:
- 1982-ci il idi. O zaman keçmiş SSRİ-nin rəhbəri Leonid İliç Brejnev Azərbaycana gəlmişdi.  Keçmiş Lenin Sarayında dövlət konsert olmalı idi. Zeynəb xanım dedi ki, dəyişiklik oldu. Soruşduq ki, nə dəyişiklik? Dedi, Mərkəzi Komitədən məsləhət görüldü ki, ansamblın bədii rəhbəri Fikrət Verdiyev olsun.
Xəbərim yox idi, mən də məəttəl qaldım. Həmin vaxt Həsən Həsənov Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışırdı, Mərkəzi Komitədən əvvəl bizdə, Gəncədə birinci katib işləmişdi, məni tanıyırdı.
Dedim, Zeynəb xanım, bu, nə məsələdir? Dedi, Həsən müəllim deyir ki, Fikrət “Göygöl” ansamblını Gəncədə qoyub, burada nə gəzir? Mən də dedim ki, yaxşı tarzəndir, dəvət etdim, o da sağ olsun, gəldi. Qayıtdı ki, gəlibsə, niyə ansamblda ikinci tarzən kimi oturur, gəlibsə, başda oturmalıdır.
Mən də cavab verdim ki, baş üstə, siz deyən məsləhətdir. Həmin gündən ansamblın bədii rəhbəri oldum, daha doğrusu, konsertmeyster. Hamı razılıqla qarşıladı və beləliklə, uzun illər bir yerdə işlədik.
Bəyimxanım Cavanşirova-Verdiyeva:
- Üç övladımız var, iki qızımız, bir oğlumuz. Fikrət müəllim həmişə deyir ki, “Göygöl” də mənim bir övladımdır, çünki onun sayəsində tanınmışam, şöhrətlənmişəm, ad-san qazanmışam.
O vaxtlar gənc sənətçilər hamısı gəlib, Bakıda təhsil alıb, burada qalmağa üstünlük verirdilər. Deyirdilər ki, burada daha çox tanınmaq, ad-san qazanmaq olar. Onların hamısına böyük hörmətim var, hamısı indi tanınmış sənətçilərdir.
Fikrət müəllim isə belə etmədi. O da Bakıda qala bilərdi, amma Gəncəyə qayıtmağa, burada fəaliyyət göstərməyə, dövlət statuslu ansambl yaratmağa, buna nail olmağa üstünlük verdi. Tarix boyu bütün tanınmış sənətkarlarımız, istər aktyorlarımız, istər musiqiçilərimiz Gəncədə yetişiblər, deyirdi ki, niyə Gəncədə də ansambl olmasın?
Ona görə var gücü ilə çalışıb, həyatını, ömrünü, səhhətini bu yolda qoyub, həm də korifeylərin xeyir-duasını alıb belə bir gözəl ansambl yaratmağa nail oldu. Bunu qeyd etməyə bilmərəm, bəzi adamlar, mədəniyyətimizi baltalayanlar Fikrət müəllimə mane olmağa çalışdılar, amma buna nail ola bilmədilər. O, nə qədər gənci tapıb üzə çıxardı, onlara cığır açdı.
Təbii ki, istedad Allahdan gələn bir məsələdir, amma onlara sənət aləmində cığır açılması, dəstək verilməsi başqa məsələdir. Bunu hər kəs, hər bir sənətkar bacarmır. Bəziləri bacarmır, bəziləri də etmək istəmir. Amma Fikrət müəllim çox adamlara bu sənətdə qol-qanad gərdi, cığır açdı. İndi prodüser sözünü çox işlədirlər, Fikrət müəllim pulsuz-parasız, heç bir təmənnasız onlara prodüserlik etdi. Amma çox təəssüflər olsun ki, bəzilər nankorluq etdi.
Adlarını çəkmək istəmirəm, yəqin ki, oxuyanda biləcəklər söhbət kimdən və kimlərdən gedir.  Amma həyat davam edir və bumeranq kimidir. Kimlər ki nankorluq etdi, etdikləri bir gün bumeranq kimi özlərinə qayıdacaq...

Sevinc Sarıyeva: “Fikrət müəllimi tapandan sonra özümü sənətdə əsl mənada tapmışam”
Onu da qeyd edim ki, müsahibənin bu yerində tanınmış ifaçı, xanəndə, Əməkdar artist Sevinc Sarıyeva içəri daxil olur, Fikrət müəllimlə, Bəyimxanım xanımla görüşdükdən, hal-əhval tutduqdan sonra o da öz ürək sözlərini söyləmək istədiyini bildirir və bunları deyir:
- Fikrət müəllim həddin artıq gözəl insan, gözəl sənətkar və ən əsası, çox  zəhmətkeş insandır. Bu insana baxanda adamın sənətə böyük həvəsi, sevgisi, şövqü yaranır. Fikrət müəllim elə bir insandır ki, ona sıfırdan hansı işi tapşırsalar, o işdən, o sıfırdan elə iş düzəldib ortaya çıxaracaq ki, onun bənzəri, təkrarı olmayacaq.
İnanın, o işi 10 kişi istəsə də, bacara, edə bilməz, hansı ki, Fikrət müəllim tək canı ilə onu edir. Bilirsiniz, ifa etmək, müşayiət etmək başqadır, amma təşkilatçılıq, rəhbərlik, ata qayğısı göstərmək başqadır. Bu, hər adama, hər sənətçiyə xas olan keyfiyyət deyil.
Fikrət müəllim isə məhz bu cür yüksək keyfiyyətlərə malik olan, hamının dərd-səri, qayğısı ilə maraqlanan insan, sənətkardır. Onun ifasına da söz ola bilməz. O, ifa edəndə elə bilirsən ki, sanki orkestrdir. Kaş Fikrət müəllimi çox əvvəllər tapaydım, onunla çalışaydım.
Onunla artıq bir neçə ildir ki, bir yerdə çalışırıq, Xan Şuşinski Fondunun xətti ilə bir çox konsertlərdə, qastrollarda olmuşuq. Bu yaxınlarda yenə Londona qastrol səfərimiz olacaq. Elə bilirəm ki, bu da öz gözəlliyi, zənginliyi ilə səs salacaq. Özü də Fikrət müəllim üçün iş işdir, dostluq dostluqdur. Bunları bir-birinə qarışdırmağa imkan verməz.
Bu Sevincdir, bu Ehtiramdır, bu Anardır, yox, onun üçün hər şeyin öz yeri var, iş, tələbkarlıq onun üçün əsasdır. Mənim də Fikrət müəllimdə ən yüksək qiymətləndirdiyim keyfiyyət məhz nizam-intizama, tələbkarlığa ciddi önəm verməsidir. Konsertlərimiz olur, qastrollara gedirik, bəzən deyirik ki, Fikrət müəllim, bəlkə, bu yerdə bunu edək, deyir ki, yox, bura onun yeri deyil, bu mahnıda, bu muğamda bunu etmək olmaz.
Bu, illərin təcrübəsi, gör-götürü deməkdir. Bilirsən ki, bu insanla, bu rəhbərlə işləmək olar. Şəxsən Fikrət müəllimi tapandan sonra özümü sənətdə əsl mənada tapmışam. Haradasa 6-7 ildir ki, bir yerdəyik, Xan Şuşinski Fondunda bərabər fəaliyyət göstəririk.
Ondan qabaq da “Neftçi” ansamblı yaratmışdı. Orada da bir müddət bir yerdə çalışmışdıq. Çox gözəl ansambl idi. Kimlər yox idi o ansamblda, indiki tanınmış sənətçilərin böyük əksəriyyəti orada idi. Könül Xasıyeva, Aygün Bayramova, Samir Cəfərov, Teyyub Aslan, Firuz Səxavət və başqaları...
Fikrət Verdiyev:
- O ansambl bir dənə idi, ondan olmayıb, olmayacaq. Orada babəklər, ilkinlər, Aygün Bayramova, Könül Xasıyeva, Samir Cəfərov, Teyyub Aslan, digərləri vardı. Hamı bu ansamblda cəmləşmişdi. 85 nəfərlik ştatı vardı. Gözəl rəqs qrupu fəaliyyət göstərirdi.
O vaxt Yunanıstanda hansısa tədbir var idi, dedilər ki, Azərbaycandan orada mahnı və rəqs qrupu iştirak etməlidir. Dedilər ki, bunu yalnız sən edə bilərsən. Dedim ki, neçə gün vaxt var, dedilər ki, 10-12 gün. İnanırsınız Allaha, qolumu çirməyib, işə başladım, mahnı və rəqs qrupunu təşkil etdik, göndərdik Yunanıstana. Aygün Bayramova, Teyyub Aslan, Könül Xasıyeva, Rövşən Behcət və digərləri bu konsertdə iştirak etdilər.
Bundan sonra bir gün mənə xəbər çatdırıldı ki, belə bir ansambl təşkil etməlisən. Mən də həmin vaxt müxtəlif səbəblərdən sənətimdən, işimdən bir qədər ayrılmışdın, ailəlikcə Gəncədən Bakıya köçmüşdük.
Düzü, əvvəlcə razılaşmadım, dedim ki, artıq bir qədər kənara çəkilmişəm, dedilər ki, olmaz, “Neftçi” ansamblını ancaq sən yaratmalısan. Beləliklə, həmin ansamblı yaramağa başladıq, dediyim kimi, bizə yer, 85 nəfərlik ştat ayrıldı. Çox  gözəl bir kollektiv formalaşdırıldı. Təsəvvür edin ki, Ulu öndərimiz özü üç dəfə bizim ansamblın konsertində iştirak etdi.
“Heydər Əliyev dedi ki, bir “Bayatı-Şiraz” ifa elə”
- Yenidən əvvəlki sualıma qayıtmaq istərdim, Zeynəb xanımla bir çox ölkələrdə konsertlər vermisiniz. Yəqin ki, orada maraqlı hadisələrin çox şahidi olmusunuz. Onlardan birini və ya bir neçəsini qısaca da olsa, danışa bilərdinizmi?
- Zeynəb xanımla uzun illər bir yerdə çalışmışıq. Verdiyimiz konsertlərin, getdiyimiz qastrolların sayı-hesabı yoxdur. Hər dəfə konsertlərimiz ən yüksək səviyyədə baş tuturdu. Çünki Zeynəb xanım təkrarsız, bənzərsiz sənətkardır. Səhv etmirəmsə, 1986-cı il idi, o vaxt İraqa qastrol səfərinə getmişdik. Həmin vaxt İraqın lideri sonradan edam edilən Səddam Hüseyn idi.
İraqla İran arasında müharibə gedirdi. Konsertdən sonra bizi Səddam Hüseyn özü qəbul etdi, şərəfimizə qonaqlıq verdi. Onunla foto çəkirdik. Bir neçə il öncə mənimlə bağlı bir tədbir təşkil olunurdu, gördüm ki, Səddamla olan fotonu götürüblər, buna çox əsəbiləşdim.
Dedim ki, niyə belə edirsiniz, dedilər ki, olmaz. Razılaşmadım, dedim ki, əgər həmin foto yerinə qaytarılmayacaqsa, onda bu tədbir olmayacaq. Gördülər ki, çarə yoxdur, həmin fotonu da gətirib yerinə asdılar. İnandırıram sizi həmin foto göstərilən kimi, bütün zal ayağa qalxdı, dəqiqələrlə alqışlandı...
Başqa bir misal. 1974-cü ildə Bolqarıstanın keçmiş  kommunist rəhbəri Todor Jivkov Azərbaycana, o cümlədən, Gəncəyə gəlmişdi. Onunla bağlı verilən ziyafət mərasimində rəhmətlik Heydər Əliyev dedi ki, bir “Bayatı-Şiraz” ifa elə, mən də ifa etdim və çox gözəl qarşılandı.
Sən demə, bu məqam üstündən uzun illər keçsə də, Heydər Əliyevin yadından çıxmayıbmış. O vaxt, səhv etmirəmsə, 1991-ci ilin Novruz bayramı günləri idi. Yoldaşımgilin mənzili Zeynəb xanımgillə eyni binada, eyni blokda idi. Bu mənzili Xan əmiyə məhz rəhmətlik Heydər Əliyevin özü vermişdi.
Zeynəb xanımın mənzilinin qapısını döyüb içəri keçdim. Bu zaman gördüm ki, Zeynəb xanım kiminləsə danışır, birdən dedi ki, Heydər Əliyeviç, bir dostumuz var, yanımdadır, o da sizinlə danışmaq istəyir. İnanın, yerimdə donub qaldım, dedim, Zeynəb, mən axı nə danışacam o böyük insanla?
Dedi ki, heç nə olmaz, danışarsan. Telefonun dəstəyini götürüb, dedim ki, Heydər Əliyeviç, salam, necəsiniz? Dedi ki, əleykümə-salam, kimdir danışan? Dedim ki, “Göygöl” ansamblının rəhbəri Fikrət Verdiyev. Qayıdıb dedi ki, bilirsən, Fikrət, “Göygöl” ansamblını mən yaratmışam. Dedim ki, bunu tək mən yox, bütün Azərbaycan bilir, “Göygöl” sizin adınızla bağlıdır.
Dedi ki, Göygöldəki ziyafət mərasimi yadındadır, orada bir “Bayatı-Şiraz” ifa etdin, xatırlayırsanmı? Üstündən 17 il keçmişdi, dedim ki, Heydər Əliyeviç, o, sizin yadınızdadır? Dedi ki, elə şey olar, əlbəttə. Onu da dedi ki, bəlkə, milyardlarla hadisə olub, onların hamısı mənim yadımdadır, birini də unutmamışam.
Telefonda bir xeyli söhbətləşdik, sanki dilim açılmış, təbim gəlmişdi. Dəstəyi yerə qoyanda Zeynəb xanım dedi ki, bəs deyirdin danışa bilmirəm, bayaqdan bülbül kimi ötürsən...
“Şövkət xanım dedi ki, tərpənməyin, gəlirəm...”
- İstərdik ki, bir qədər ailə qurmağınızdan danışaydınız. Necə oldu ki, Xan Şuşinski kimi tanınmış bir insanın qızı ilə ailə qurdunuz? Əvvəldən tanışlığınız vardı, yoxsa?
Fikrət Verdiyev:
- Mən bu haqda danışmaq istəmirəm. Bu haqda Bəyimxanım xanım danışsa, yaxşı olar. Amma onu deyim ki, belə bir ailə ilə qohum və belə bir ailəyə sahib olmağımdan çox böyük qürur duyuram.
Bəyimxanım Cavanşirova-Verdiyeva:
- Bu məsələyə keçməzdən əvvəl istədim bir haşiyəyə çıxım. Ulu öndərimizlə atamın çox yaxşı münasibətləri vardı. Rəhmətlik Heydər Əliyev hələ o zamanlar - birinci katib vəzifəsində işləyəndə ayda ən azı bir dəfə atama zəng edər, söhbətləşərdilər.
Bir gün Heydər Əliyev atam zəng edərək  dedi ki, sənə yaxşı yerdən ev vermək istəyirəm, hansı mərtəbəni istəyirsən? İnsandakı böyüklüyə baxın, həm mənzil verir, həm də deyir ki, haradan, hansı mərtəbədən istəyirsən...
Atam da zarafatcıl insan idi, dedi ki, hündür mərtəbə, lift, təyyarə mənlik deyil, hara olur-olsun, təki yuxarı mərtəbə olmasın. Beləliklə,1976-ci ildə atama məşhur “Aynur” məişət evinin üstündəki binadan, 3-cü mərtəbədən mənzil verildi. Azərbaycanın bütün qaymaqları, sənətkarları hamısı orada yaşayırdı, Zeynəb xanım, digərləri.

Bir gün gördük ki, yeni mənzilimizin qapısının ağzında iki nəfər dayanıb. Dedilər ki, bizi Mərkəzi Komitədən göndəriblər, deyiblər ki, təcili Xan Şuşinskinin mənzilinə telefona çəkilməlidir, Heydər Əliyev Xan Şuşinski ilə danışmaq istəyir.
Elə həmin gün mənzilimizə telefon xətti çəkildi və Heydər Əliyev zəng edərək, atamla danışdı, yeni mənzillə bağlı təbriklərini, xoş arzularını bildirdi, xeyir-dua verdi. Mən də atamın yanında dayanmışdım, Heydər Əliyevin amiranə, əzəmətli səsini mən də dinləyirdim.
Onu da xatırladım ki, məhz Heydər Əliyevin sərəncamları ilə atamın 70 illik və 100 illik yubileyləri çox yüksək səviyyədə qeyd olundu. Bu yubileylər bütün Azərbaycana səs salmışdı.
Bir gün, bu, 1977-ci ilə təsadüf edir, atamla birlikdə Hökumət Evinə getmişdik, orada Fikrət müəllimi də gördük, iki nəfər dayanmışdılar. Fikrət müəllimi görən kimi tanıdım, gəlib bizimlə salamlaşdı. Atam dedi ki, Fikrət, sən “Göygöl”ü yaratmaqla çox böyük iş görmüsən, sənə uğurlar olsun. Sonra Fikrət müəllim dedi ki, istəyirsiniz, sizi evə qədər maşınla aparım. Atam da dedi ki, çox sağ olun, özümüz gedəcəyik.
Evimizlə Hökumət Evinin arası bir addımlıqdır, biri yolun bu üzündə, biri də o üzündə. Elə evə yenicə girmişdik, bir də gördük ki, zəng səsindən az qalır ev dağıla. Telefona mən cavab verəsi oldum, gördüm Şövkət xanımdır. Şövkət xanım da bizə, ailəmizə o qədər yaxın idi ki, elə bilirdim doğma bibimdir. Hər dəfə səfərə, qastrola gedib gələndə, mütləq bizə hədiyyələr alıb gətirərdi. Atam ona zarafatla “Şöşü” deyə müraciət edərdi. O qədər yaxın, səmimi, isti münasibətlər vardı.
Soruşdu ki, ay qızım kimsən, dedim ki, Bəyimxanım. Ay qızım, bu gün harada olmusunuz, dedim ki, Hökumət Evində. Dedi ki, heç yerə tərpənməyin, gəlirəm (gülür). Bir azdan Şövkət xanım gəldi, məni qucaqlayıb, öpüb, keçdi qonaq otağına, qapını da arxadan bağladı. Mən də öz-özümə fikirləşdim ki, görəsən, nə olub, qapı niyə bağlandı...
Mən onlara çay süzüb aparırdım. Birdən qulağıma belə bir söz dəydi ki, Xan, Fikrət elə bir oğuldur ki, ona başımla cavab verirəm, onun üzərində on mərtəbəli bina tikmək olar, o qədər etibarlı, ləyaqətli insandır. Dedim, görəsən, niyə tərifləyir belə, açığı, bir şey başa düşmədim.
Şövkət xanım yenə məni qucaqlayıb, öpüb, çıxıb getdi. Bir azdan yenə zəng vurdu,  hər şeyi telefonda açıb danışdı. Sonra atam mənimlə söhbət elədi, sonra Fikrət müəllimlə görüşdük, bir-birimizi yaxından tanıdıq, sonra ailələrimiz bir-birini yaxından tanıdılar, elçi gəldilər.
Beləliklə, qız toyu 1977-ci ildə, dekabrın ayının 7-də Bakıda, oğlan toyu isə 1978-ci ildə Gəncədə, özü də üç gün, aprel ayının 22, 23, 24-də oldu. Bütün böyük sənətkarlar, Şövkət xanım da daxil olmaqla, hamısı toyumuzda iştirak etdi.
Düz 41 ildir ki, evliyik, ailəliyik. Üç övladımız - bir oğlumuz, iki qızımız var. Böyük qızımız Nigar xanım hüquqşünasdır, ailəlidir, iki övladı var. Onun adını da rəhmətlik atam qoymuşdu. İkinci qızımızın adı Məryəmdir, Bülbül adına orta-ixtisas Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olur. Ona da rəhmətlik qayınanamın adını vermişik.
O da ailəlidir, iki övladı var, həyat yoldaşı da Xalq artisti Murad Hüseynovdur. Oğlumuz Süleyman isə rəhmətlik qayınatamın adını daşıyır. Hüquqşünasdır, Londonda turizm üzrə magistraturanı bitirib.
Bir il Fransada fransız dilində, bir il İspaniyada ispanca, bir il İsveçdə oxuyub. İspaniyanın Madrid və Barselona şəhərlərində, ABŞ-ın nüfuzlu şirkətlərində çalışıb, dünyanın 64 ölkəsinə səfər edir. Barselonada rus dilində, nəfis şəkildə gəzdiyi, səyahət etdiyi ölkələrin tarixi, ədəbiyyatı, mədəniyyət, milli mətbəxi haqda geniş məzmunlu kataloq nəşr etdirib. Ailəmdən, övladlarımdan, nəvələrimdən çox razıyam. Çox xoşbəxtəm ki, belə bir ailəm var.


Paylaş:


Müəllif : Tarix:
7-03-2019, 12:31
  


loading...
Загрузка...