reklam
» » Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi

reklam

Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi


Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Virtualaz.org-un xəbərinə görə, Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var. 
 
Prosesdə təqsirləndirilən sabiq deputat Hüseyn Abdullayev ifadə verməkdən imtina edib.

H.Abdullayevin anası Zeynəb Abdullayeva isə ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib: “Həmişə öz pasportumla sərhədi keçmişəm. Məni saxladıqları gün bacımın pasportu da çantamda idi. Sərhədçilərin də günahı yoxdur. Mən onlara rüşvət verməmişəm. Nazim Əliyevə gəlincə isə, taksi sürücüsüdür, məni tanımır".
 
Təqsiriləndirilən qismində dindirilən Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşı Pərviz Kazımov ifadəsində Z.Abdullayevanın pasportuna baxış zamanı oradakı fotoşəkillə bağlı ziddiyyət olmasının üzə çıxdığını, bu barədə Həbib İbrahimova məruzə etdiyini deyib.
 
Təqsirləndirilən Həbib İbrahimov isə deyilənlərlə razılaşmayıb: “Mənə məlumat verilməyib. Əgər məlumat versəydilər, tədbir görərdim, ən azı digər şəxslərə məlumat verərdim".
 
Məhkəmə prosesi aprelin 16-da davam edəcək.
 
Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib.
 
İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.
 
İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.
 
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
 
H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.
 


Paylaş:


Müəllif : Tarix:
11-04-2019, 21:07
  


loading...
Загрузка...