reklam
» » “Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili

reklam

“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili


2018-ci il sentyabrın 19-da Bakırköydə silahla qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun qatili, DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov haqqında iddianamə hazırlanıb.
Türkiyə mediası xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunda hazırlanmış iddianaməyə görə, mərhum İsmayılovla Dəmirov hadisə baş verməzdən çox daha əvvəl tanış olublar və birlikdə bizneslə məşğul olduqları üçün tez-tez görüşüblər. Dəmirovla sürücüsü Barış Aslan cinayətdən əvvəl də tez-tez İsmayılovun Floryadakı ofisinə gediblər. Hadisədən bir gün əvvəl isə şübhəlilər Etimadla kabab restoranlarından birində görüşüblər. Bu zaman masaya daha iki nəfər yaxınlaşıb və Dəmirov məkandan ayrılıb. Restoranda onlar arasında hər hansı mübahisə və dava düşmədiyi bildirilib.
Silahlı hücum günü isə Dəmirov İsmayılovun Floryadakı ofisinə girərkən sürücüsü Aslan çöldə gözləyib. Dəmirovla İsmayılovun ofisdə söhbəti əsnasında Zhabir Aıtayev içəri daxil olub və Dəmirov çölə çıxıb. Ancaq bir müddət sonra yenidən ofisə qayıdaraq axşamadək idarədə qalıblar. Saat 20:00-da Aıtayev ofisdən çıxıb. Ardınca isə Dəmirov “Glock” markalı silahla Etimada bir neçə dəfə atəş açdıqdan sonra Barışla birlikdə hadisə yerindən uzaqlaşıb. Ancaq polis şübhəli şəxs kimi Aslanı yolla gedərkən yaxalayıb. Dəmirov isə özü polis bölməsinə gedərək təslim olub. Aslan tutularkən üzərindəki çantadan “Glock” markalı silah, 11 ədəd giliz və 1 ədəd bıçaq çıxıb.

İddianamədə Gözəl Dəmirovun da ifadələrinə yer verilib. 1996-cı ildən Türkiyədə yaşadığını deyən Dəmirov bunları söyləyib:
“Daha əvvəl Azərbaycanda polis idarəsində rəis, Daxili İşlər Nazirliyində nazir köməkçisi işləmişəm. Türkiyədə əvvəllər meyə-tərəvəz biznesi ilə məşğul olmuşam, son vaxtlar isə müşavirlik edirdim. Etimadla 3 il əvvəl tanış olmuşam. Onunla daha sonra xaricdə, xüsusilə Rusiyada iş qurmaq haqqında danışığımız olub”.
Dəmirov daha sonra Etimadın ona Türkiyədəki dövlətlərarası konfransdan sonra 4 milyon dollar borcu olduğunu söylədiyini və bu pulu tələb etdiyini deyib. O, mərhuma həmin məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra isə təhdid olunub. İsmayılov Dəmirovu nəvəsinin barmaqlarını kəsməklə hədələyib.
Növbəti günlərin birində isə Etimad əlində bıçaq və qayçı ilə Dəmirovu hədələyərək onun 3 barmağını kəsməyə cəhd göstərib.
“Etimad məni döymək istədi. Ofisdəkilər bizi ayırdı. Oturmaq istəyəndə bıçağı boynuma dirədi və bir sənəd hazırlatdı. Sənəddə mənim Etimada 4 milyon dollar verəcəyim yazılmışdı, imzaladım. Mənə “başına bir iş gəlsə, bu sənədi uşaqlarına göstərib sənin mənə borcun olacağını deyəcəm. Ödəməsələr, onları yox edəcəyəm” dedi. Sonrakı günlərdə də mənə “oğlun Fəridin evinə gedər, ailəsinə ziyan yetirərəm” söyləyirdi. İlqar adlı dostuma vəziyyəti danışdım. Mənə polisə getməyimi məsləhət gördü. Ona Etimadın Türkiyədə siyasi və bürokratik dairələrdə çox tanışının olduğunu, xüsusilə həyat yoldaşının (jurnalist Sevil Nuriyeva – red.) qəzetlərin birində köşə yazarı olduğunu söylədim. Bu səbəbdən şikayət etsək də, nəticə olmayacağını, bunun əleyhimizə çevriləcəyini bildirdim”, - Deyə Dəmirov ifadəsini davam etdirib.

Şübhəli hadisə baş verən günü isə belə ifadə edib:
“Səhər tezdən Etimad mənə zəng vurdu və pulu aparmadığım üçün hədələməyə başladı. Mənə saat 13:00-da ofisə gəl dedi, mən də ailəmi təhdid etdiyi üçün hər dəfə çağıranda gedirdim. Ofisdə məni təhqir edir, alçaldıcı sözlər söyləyirdi. Həmin vaxt silahım yanımda deyildi. Ümumiyyətlə, yanımda silah gəzdirən biri deyiləm. Oradan çıxdım. Yolda Etimad mənə zəng vurub ailəmə təhdidlər yağdırmağa baladı. Bu zaman mənimlə danışarkən digər telefonla kiməsə “Harda qaldınız, bu axşam qonağınız var, Gürpınara aparacaqsınız” dediyini eşitdim. Bunu eşidəndə mənə ciddi şəkildə ziyan vuracağını düşündüm. Yolda gedə-gedə 5-6 il əvvəl mənə hədiyyə verilən və evimin zirzəmisindəki qarajda saxladığım silahım ağlıma gəldi. Onu götürüb sürücümlə yenidən Etimadın ofisinə getdim.
O, mənə yenə təhqir və təhdid yağdırmağa başladı. Etimada zəng gəldi, “harda qaldınız, müştəriniz burdadır” dedi. Mən də həmin adamların mənim ardımca gələcəyini fikirləşdim. Bundan başqa mənə “Sənin telefon kartını dəyişib, oğlunu və nəvələrini də oraya gətirəcəyik. Nəvənin barmaqlarını gözünün önündə kəsəcəyik” dedi. Ona xəbərdarlıq elədim, günah olduğunu söylədim. Mənə daha da qəzəblənib ayağa qalxdı, əlini şalvarının sağ cibinə saldı. Adətən həmin cibində bıçaq olurdu. Ya bıçaq, ya da silah çəkəcəyini düşündüm. Belimdəki silahı çıxarıb ona 2 dəfə atəş açdım. Sonra otaqdan çıxdım”.

Sürücüsü ilə hadisə yerindən ayrıldığını və polisə təslim olduğunu deyən Dəmirov Etimadla bağlı iddia da səsləndirib:
“Hadisənin bu həddə çatmasına səbəb Etimad İsmayılovun mənə etdiyi hədələr və təhqirlərlə zorla sənəd imzalatması oldu. Baş verənlərə görə çox peşmanam. İsmayılov Türkiyədəki varlı azərbaycanlı vətəndaşları araşdırıb, daha sonra bir səbəb-bəhanə ilə onların mal-mülkünü ələ keçirmək üçün hədə-qorxu gəlirmiş. Azərbaycandan olan Hacı İbrahimdən (Hacı İbrahim Nehrəmli – red.) də bu yolla pul aldığını demişdi”.
Hakim iddianamədə Dəmirov haqqında “Qəsdən öldürmə” maddəsi üzrə ömürlük həbs, “Qanunsuz silah daşıma” maddəsi üzrə isə 1 ildən 3 ilədək azadlıqdan məhrum edilmə cəzası istəyib.
Barış Aslan haqqında isə “cinayətə yardım” maddəsi üzrə 15 ildən 20 ilədək, “Qanunsuz silah daşıma” maddəsi üzrə isə 1 ildən 3 ilədək həbs cəzası istənilib.
Qeyd edək ki, E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğlu və birinci müavini olub.

 


Paylaş:


Müəllif : Tarix:
4-12-2019, 20:38
  


loading...
Загрузка...