reklam
» » Nizami polisi Qarabağ əlillərinə dələduzluq edən şəxsi ölkədən qaçırıb

reklam

Nizami polisi Qarabağ əlillərinə dələduzluq edən şəxsi ölkədən qaçırıb


Bakının Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yanında - Qara Qarayev -116 saylı binanın qarşısında dövlətin verdiyi ticarət köşkündən sahibkarlıq amacı ilə yararlanan bir qrup Qarabağ əlilinə qarşı Ərəstun Mustafayevin dələduzluq əməlinə 3 ildir hüquq mühafizə orqanları -polis, prokurorluq nəinki hüquqi qiymət verilməsini təmin edir, əksinə, polis sahə müvəkkili Elçin İslamov dələduzu ölkədən qaçırıb. Ərəstun Mustafayev Qarabağ əlillərinin etibarından sui-istifadə edərək sözügedən “əlil köşkü”nü və ona (köşkə) sərəncam vermək hüququnu ələ keçirib , başqasına icarəyə verib. Bu icarədən əldə etdiyi vəsaitdən isə əlilləri məhrum edib. Beləliklə, savaş qazilərinə üç min manatlıq ziyan vuran dələduz ziyanı ödəməkdən də imtina edib. Bu dələduzluq əməlində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin (RPİ) və 24-cü Polis Bölməsinin (PB) də “hüquq dəstəyi” olub. Dələduza hüquqi yardım edən polis sözügedən əməlin cinayət olmadığını, mülki mübahisə olduğunu “peşəkarlıqla” öyrədib və öncə dəyən ziyanı ödəyəcəyinə söz verən Ərəstun Mustafayev , polisin “instruktajı”ndan sonra Qarabağ əlillərindən ziyanı sübut etməyi tələb edib! (?) Xoşluqla əmlaklarını geri ala bilməyən əlillər Nizami RPİ-nin rəhbərliyinə müraciət edib və oradan 24-cü PB-yə savaş qazilərinin pullarının qaytarılmasının təmin olunması tapşırılıb. 24-cü PB bu məqsədlə sahə müvəkkili Elçin İslamova əlillərin izahatlarını almağı, dələduzu vurduğu ziyanı ödəməsə, məsuliyyətə cəlb edilməsi haqqında xəbərdarlıq etməsinə göstəriş verib. Sahə müvəkkili Ərəstunu yaxşı tanıdığını, hətta dost olduğunu deyib və əlillərin pullarını qaytaracağına söz verib. Bir müddət keçdikdən sonra isə Ərəstun Mustafayevin ölkədən qaçması bəlli olub. İndi 3 ildir nə polisə nəzarət edən prokurorluq bu fakta hüquqi qiymət verir, nə də polisin özü dələduzu ölkədən qaçırmasına görə cavab verir. Əlillərin isə müraciət etmədiyi qurum qalmayıb. Dövlətin və ölkənin 1-ci şəxslərindən tutmuş, Ombudsmana, baş prokurora ,daxili işlər nazirinə üz tutan zavallı əlillərin şikayətlərinə bir il ərzində cavab verilib ki, guya sözügedən dələduz İnterpolun axtarışına verilib və ölkəyə girən kimi həbs ediləcək . Əlillərdən isə şikayətlərini dayandırmaq tələb olunub. Təbii ki, şəhər polisinin bu cavabı əlilləri qane etməyib və onlar dələduz Ərəstun Mustafayevin İnterpolun axtarışına verilməsi haqqında məhkəmənin qərarını tələb ediblər. Axı, kiminsə İnterpolun axtarışına verilməsi məhkəmə qərarı olmadan mümkün deyil! Bu tələbdən sonra axtarış haqqında deyilənlərin yalan olması üzə çıxıb və başqa metod işə salınıb. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Canpolad Daanov məktubla bildirib ki, əməldə cinayət tərkibi olmadığına görə, Cinayət Prosessual Məcəllənin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılmasından imtina edilib və əlillərin şikayətləri ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Nizami prokurorluğuna göndərilib. Lakin indiyədək nə Nizami prokurorluğundan, nə də polisdən istintaqın nə vaxt aparıldığına , dələduzdan izahatın nə vaxt və harada alındığına cavab ala bilməyən Qarabağ əlilləri şikayətlərini davam etdirməkdən əl çəkmirlər. Hətta son çıxış yolu kimi piket keçirmək haqqında xəbərdarlıq edən əlilləri şəhər polisindən çağırıb, piketdən imtina etməyi və şikayəti dayandırmağı xahiş ediblər. Xahişə əməl edən əlillər isə dəyən ziyanın dələduzu ölkədən qaçıranın ödəməsini bildiriblər. Hüquq mühafizə orqanının cavabı maraqlı olub :”bilmirik cinayətkarlıqla mübarizə aparaq, yoxsa sizin mülki mübahisə ilə “. Belə çıxır, dələduzluq cinayət sayılmır? Bəlkə 178-ci maddə Cinayət Məcəlləsindən çıxarılıb? Həmin maddənin diqqətə çatdırılmasını borc bilirik :” Dələduzluq , yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ; 178.2.4- xeyli miqdarda ziyan vurmaqla törədildikdə -üç min manatdan beş min manatadək cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “

Ziyan məbləği min manatdan yeddi min manatadək olduqda xeyli miqdar , yeddi mindən yuxarı olduqda külli miqdar sayılır. Belədə Qarabağ əlillərinə üç min manat ziyan vurub ölkədən qaçan

dələduzun əməlində cinayət tərkibinin olmamasına qərar vermək absurddur. Xatırladırıq ki, Qarabağ qazisi Asif Yusifli ziyanı ödəsə də, saxta dələduzluq ittihamı ilə hələ də həbsdədir. ...

Məğrur Bədəlsoy


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 08:55
  


loading...
Загрузка...